Modern.az

“Çay evi”nin ağ damı - Xudu Məmmədovun xahişi...

“Çay evi”nin ağ damı - Xudu Məmmədovun xahişi...

Ölkə

7 Fevral 2012, 13:35

80-ci illər kənddə müəllim işlədiyim dövrlər idi. Şəhərə tez-tez gedərdim.  Səfər əsasən işlə bağlı olardı. Ya  Maarif şöbəsinə  seminara gələr, ya da  “Lenin yolu” qəzetinin redaksiyasına növbəti metodiki məqaləni verərdim. Xeyli müddət idi ki, qəzetlə əməkdaşlıq edirdim. İlk qonorarım 22  rubl olmuşdu. Pulu poçtdan alanda sevincimin həddi-hüdudu yox idi.  SÖZÜMƏ QİYMƏT VERMİŞDİLƏR ...

Şəhərdə işlərimi  qutarandan sonra mütləq “Çay evi”ndə nahar eləyərdim. Günorta vaxtı burda müştəri əlindən tərpənmək mümkün deyildi.  Gözəl xəngəl və piti verərdilər. Xidmət səviyyəsinə isə söz ola bilməzdi. Yeməyin xərci də yadımdı. Hər dəfə  yaşıl üçlük ödəyib “Çay evi”ndən çıxardım.

Möhtəşəm idi “Çay evi”. Təəssüf ki, möhtəşəmliyi o vaxt görə bilmirdik...

“Çay evi”nin üzü mərkəzi meydana baxırdı. Lenin meydanına.

Leninin də bəxti Ağdamda gətiməmişdi.

Mərkəzi meydanda sementdən heykəli olsa da, üzbəüzdə “Fərhadın gülüngü” dayanırdı.  Elə bir görkəm var idi ki, sanki  Fərhad indi Leninin dayandığı postamenti çapacaqdı.

Bütün rayonlarda mərkəzi meydan və prospektlər yalnız “dahi” Leninin  adını daşısa da, Ağdamda  “28 aprel” küçəsi adlanırdı. 60-cı illərdə Raykomun binasını dəyişsələr də, küçənin adını dəyişmədilər. Beləcə, Mədəniyyət evinin qarşısında olan əvvəlcə Mir Cəfər Bağırovun, sonralar isə Vladimir İliç Leninin heykəli “28 aprel” küçəsini iki yerə böləsi oldu.  

Leninin adını daşıyan park da yaxınlıqda idi. Orda da Leninin bir büstü dayanırdı. O da sementdən idi. İldə bir dəfə gümüşü alüminium tozla rəngləyib büstə təzə görkəm verirdilər.  Parkdan keçənləri isə yalnız Tağı kişinin kitab mağazası çəkirdi.

Bağ qədim ağaclarla  və oturacaqlarla dolu olsa da, nədənsə adamları  maraqlandırmırdı. Hamı bulvara can atırdı. Adı tez tez dəyişilən parka camaat bulvar deyərdi...

Arteldən keçən yolun  Məscidin yanından Mədəniyyət evinədək olan hissəsini arada salınmış gül-çiçəkliklər iki hissəyə ayırırdı. Zövqlə salınmış gül-çiçəkliklərin əhatəsində su fəvvarələri də quraşdırılmışdı. Burada möhtəşəm bina ucaldılacaqdı...  

80-ci illərin yadigarlarından  idi  Çay evi”.  Məhşur “Çay evi” nin inşası zamanı heç kim bilmirdi ki,  bu iaşə obyekti  sonralar şəhərin əsas atributlarından birinə çevriləcək.  “Çay evi”nin tikintisi zamanı yüz  tona yaxın  dəmir metal konstruksiyalardan istifadə edilmiş, binanın  mərkəzində üç yüz  mm-lik  boruya dörd tərəfdən qaynaq edilməklə, dörd mərtəbəyədək ucaldımışdı. Onun iki mərtəbəsində çay, rəngarəng şirələr, üçüncü mərtəbədə isə VİP xidmət göstərilidi.  Birinci mərtəbəsi isə yeməkxana idi...

Bu istiqamətdə apardığımız araşdırmalardan  bəlli oldu ki, “Çay evi”nin yaranmasının maraqlı tarixçəsi var. Günlərin birində üzərində Çin Xalq Respublikasının görüntüsü olan bir jurnal AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O,  bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə  Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini dostundan  xahiş edir.  Şəkil Sadıx müəllimin də xoşuna gəlir. Xahiş öz həllinin çox gözlətmir. Sadıx müəllim  rayonun  imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi Rəşid müəllimə həvalə edir. Rəşid Məmmədov həmin dövrdə  Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Həmdə tikiləcək bina gələcəkdə onun rəbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. 1974-cü ildən  bu vəzifədə çalışan Rəşid müəllim rayonun bacarıqlı kadrlarından  hesab olunurdu.  Birinci katibin tövsiyyəsi ilə tikintiyə start verilir. Prosesə rayonun baş memarı Firdövsi İbrahimov da cəlb edilir. Layhənin reallaşdıran şəxslərdən biri də məhz  o idi.

Qeyd edək ki, Xudu müəllimin katiblə söhbətində obyektin profili də müəyyən edilmişdi. Obyekt “Çay evi” kimi  fəaliyyət göstərəcəkdi. Rəşid müəllimlə söhbətdə o da bəlli olur ki, obyektin inşasına 204 min rubl,  reklam işinə üst-üstə 100 min rubl xərclənmişdi. Onun içərisinə balaca əldə toxunma xalçalar döşənmişdi. Tikintinin layihə smeta sənədləri isə “Azərittifaq”ın  layihə institutu tərəfindən hazırlandı.

Rəşid Məmmədov: ““Çay evi”nin tikintisi zamanı ən mürəkkəb konstruksiyadan istifadə edilirdi. Künbəzin sinkləşdirilmiş dəmirlə vurulması isə bir qədər ləngidi. Onu vura biləcək usta tapa bilmirdik. Nəhayət, Ağdamda məhşur dəmirçi sayılan Mamed kişi bu işi öhdəsinə götürdü. Onun oğlanları da usta idilər. Tez bir zamanda çox ustalıqla onlar öz işlərini başa vurdular. Sonradan Qərvənd kəndində “Künbəz restoranı”nın  tikinitisində də dəmirçi Mamedın böyük əməyi olmuşdu”.

26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur. Məhz bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi  ilə yanaşı, Azərbaycan KP  MK Mədəniyyət şöbəsinin müdiri işləyən Vəfa Quluzadə də iştirak etmişdi.

Vəfa müəllim bizimlə söhbətində Şuşanı və Ağdamı, eləcədə Qarabağın bütün guşələrini sevdiyini söyləyib. Ağdama gəlişinin əsas səbəbi isə həmin dövrdə keçirilən məhsul bayramı ilə bağlı olduğunu deyib. Özünündə həmin məclisdə çıxış etdiyini qeyd edən Vəfa Quluzadə  “Çay evi”nın təkrarolumaz bir üslubda  tikildiyini bildirib.

“Çay evi”nin açılışı münasibətlə “Lenin yolu” qəzetinin 31 iyul 1986-cı sayında  dərc edilən yazıda deyilirdi: “Sov.İKP-nin “Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında”kı məlum qərarından rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən “Çay evi”nin bu baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir. Zəhmətkeşlərin asudə vatxtının səmərəli, şən və məzmunlu keçməsində “Çay evi”nin rolu əvəzsizdir” ...

Ömrü  az oldu “Çay evi”nin.  Ancaq iyirmi beş ildir dilimizdən düşmür. Demək “Çay evi” hələ də yaşayır.  Yaşayır, amma  işləmir.  “Çay evi” elə bil ox olub batmışdı ermənilərin gözünə. Bütün hikkələrini bu memarlıq abidəsini dəmirlərini əritməklə çıxmaq istəmişdilər...

Biz isə səbrlə  “ÇAY EVI”NIN AG DAMINI uzaqdan parlayacağı və işləyəcəyi günü  gözləyirik...



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü