“Hazırda ölkədə taxıl biçini davam etdirilir. İndiyə kimi elə bir çətinlik nəzərə çarpmayıb. İstər barama yığınında, istərsə də taxıl biçinində yüksək məhsuldarlıq diqqət çəkir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri COVİD-19 pandemiyasının bütün sahələrə mənfi təsirini qeyd edərək aqrar sektorda bununla bağlı qabaqlayıcı tədbirlər görüldüyünü bildirib:
“Bütün texnika və avadanlıqlar hazır vəziyyətə gətirilib. Sözsüz ki, biçin zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına riayət olunur. Taxıl sahələrinin hamısı biçilməyib. Düşünürəm ki, aqrar sahədə elə də çətinlik olmayacaq”.
Tahir Rzayev bu il bol taxıl yetişdirildiyini də qeyd edib.
“Taxıl biçini üçün kifayət qədər texnika var. 1700-ə yaxın kombayn biçin üçün nəzərdə tutulmuşdusa, hələ ki, həmin kombaynların 1100-ə yaxını biçində iştirak edir. Taxıl biçini zamanı texnikanın yerində olması əsas vacib amillərdən biridir. Hazırda bununla bağlı problem yoxdur.
Ancaq aqrar sahədə susuzluqla bağlı müəyyən çətinliklər var. Bu da bütün dünyada olan problemdir. Bununla bağlı əlavə tədbirlər də görülür”, - deyə komitə sədri əlavə edib.