Cəbhə xətti boyunca baş verən hadisələrlə bağlı Niderland Belçika Kordinasiya Şurasının, Benilküs Azərbaycan Konqresinin, Hollandiya Türk Federasiyanın üzvləri və türkiyəli jurnalistlərin iştirakı ilə onlayn görüş keçirilib.
Baş tutan görüş barədə Modern.az-a danışan Niderland və Belçika Kordinasiya Şurasının üzvü, Niderland Azərbaycan Mədəniyyət Evinin mətbuat katibi Lalə Aydəmirova mövcud vəziyyətlə əlaqədar olaraq diasporun qarşıda görəcəyi işlər barədə məlumat verib:
"Bu gün toplantımız vəziyyətlə əlaqədar olaraq çox fövqəladə oldu. İndiki şəraitdə biz baş verən hadisələrə heç cür laqeyd qala bilməzdik. Toplantıda qarşımıza məqsəd qoyduq ki, belə durumda biz nə edə bilərik? Yekun olaraq qərara gəldik ki, yerli media orqanları ilə əlaqə saxlayaq və Hollandiya mediasının birtərəfli mövqe tutmasına imkan verməyək. Mətbuatda mövcud vəziyyətlə bağlı yayımlanan bəzi yazılara bu gün təkzib məktubu göndərmişik. Sabahdan yenidən bu işləri davam etdirərək burdakı siyasi partiyalarla əlaqə saxlayıb arxa cəbhədə öz müharibəmizi davam etdirəcəyik. İndiki şəraitdə diaspor təşkilatları olaraq hamımız bir olub eyni nöqtəyə vursaq böyük uğurlar qazanacağıq".