Modern.az

Bakıda uşaq bağçalarının özəlləşdirilməsi dayandırılıb

Bakıda uşaq bağçalarının özəlləşdirilməsi dayandırılıb

Ölkə

11 Sentyabr 2012, 13:30

Bağçalar Bakı Şəhər İcra Hakimiyətinin tabeliyinə verildikdən sonra heç bir müəssisə özəlləşdirilməyib

Prezidentin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 2006-ci il 23 avqust tarixində 1635 nömrəli sərəncama əsasən əvvəllər Təhsil Nazirliyinin, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan uşaq bağçaları-körpələr evi öz profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan olunmuşdu. Təəssüf ki, bu müəssisələrdən bir çoxu özəlləşdirildikdən sonra öz profilini dəyişərək, tamam başqa istiqamətdə fəaliyyət göstərməyə başladı. Bəs hazırda necə bağça özəlləşdirildikdən sonra profilini dəyişib? Bunların monitorinqi aparılırmı?

Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun ümumi məlumatında qeyd edilir ki, bağçalar yerli icra hakimiyyətlərinin tabeliyinə verilənə qədər 240 məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərtilə özəlləşdirilməyə açıq elan edilib. Onlardan 83 müəssisə, o cümlədən Bakı şəhərində 47, Gəncədə 12, Sumqayıtda 1, Şirvanda 1, Abşeronda 1, Astarada 1, Ağstafada 1, Şabranda 1, Göygöldə 1, Xaçmazda 2, Xızıda 1, İmişlidə 1, İsmayıllıda 2, Qubada 2, Qusarda 1, Qəbələdə 1, Neftçalada 1, Oğuzda 1, Salyanda 2, Şamaxıda 1, Şəkidə 1, Zaqatalada 1 müəssisə özəlləşdirilib.

Sektorun müdiri Nərminə Alnağıyevadan özəlləşdirildikdən sonra neçə bağçanın profilini saxlamaqla fəaliyyət göstərdiyini, neçəsinin profilini dəyişdiyini öyrənmək istəsək də, o, bu haqda danışmaq istəmədi.

Təhsil Nazirliyinin bağçalarla bağlı sonuncu məlumatında isə qeyd edilir ki, özəlləşdirilən 84 bağçadan yalnız 8-i öz profili üzrə fəaliyyət göstərir, yəni məktəbəqədər təhsil müəssisəsi kimi işləyir.

Ötən ilin dekabr ayında ölkə başçısının imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan komissiyadan Modern.az-a verilən məlumata görə, bağçalar Bakı meriyasının tabeliyinə verildikdən sonra məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi dayandırılıb.
“Mövcud bağçaların hamısı öz profili üzrə fəaliyyət göstərir. Əksinə biz çalışırıq ki, özəl bağçalar da fəaliyyəti üzrə işləsin. Çünki bu gün bağçalara təlabat çox yüksəkdir”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!