Modern.az

Ermənistanın 16 noyabr təxribatı: səbəb və nəticələr

17 Noyabr 2021, 17:13

Elman Babayev

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı törətdikləri genişmiqyaslı təxribat ilk deyildi. Və görünən odur ki, sonuncu da olmayacaq.

Ortada olan ciddi səbəblər düşmənin təxribatlarının davam edəcəyi ehtimalını artırır. Bunların sırasında Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə və onun doğurduğu nəticələr öndə dayanır. Ermənistanın məğlubiyyətinin ardınca bəlli proseslər həyata keçirilməlidir; sərhədlərin tanınması işi aparılmalı, kommunikasiya xəttləri açılmalı (xüsusilə Zəngəzur dəhlizi) və s. Lakin ötən bir ildə daxili problemlər məngənəsində boğulan Ermənistan tərəfi bu istiqamətdə əməli addımlar atmayıb. Düşmən gah daxildəki siyasi çəkişmələrdən diqqəti yayındırmaq, gah da Azərbaycanın qələbəsinə zərbə vurmaq , ölmüş status məsələsini və paralel olaraq yenidən vasitəçi missiyasını diriltmək üçün arxada qalan zaman kəsiyində təxribatlara əl atıb. Onu da unutmamalıyıq ki, Ermənistan həm də heç vaxt müstəqil siyasət yürütmək qüdrətinə malik olmayıb və öz havadarlarının əlində maşa rolunu oynayıb...

Azərbaycan 30 ildir sürən bir münaqişəni təkbaşına həll edib, yeni reallıq yaradıb. Bölgədə gücünü bütün dünyaya sübut edən, müstəqil siyasətə malik Azərbaycan var. Bu mənzərə nəinki Ermənistanı, Azərbaycanın güclənməsini istəməyən qüvvələri də rahat buraxmır.

Beləliklə, regionumuzdakı mövcud vəziyyətə, Ermənistanın daxilindəki siyasi çəkişmələrə, bu ölkənin məğlub ordusunun belə siyasi qrupların, başqa ölkələrin təsir dairəsində olduğuna nəzər salsaq deyə bilərik ki, Azərbaycan, rəşadətli Ordumuz həmişə belə təxribatlara hazır olmalıdır. Ermənistanın hər mümkün halda yeni təxribat törətməyə cəhd göstərəcəyi gözləniləndir. Dünya təcrübəsi də göstərir ki, belə vəziyyətlərdə mümkün təxribatlar baş verir. Uzağa getmədən Türkiyənin uzun illərdir bu tipli təxribatlardan əziyyət çəkməsini, qardaş ölkədə terrorçuların hərbçilərin postlarına hücumlarını, əsgər ölümü kimi tez-tez baş verən halları vurğulamaq olar. Bundan başqa, İsrail ordusunun daim belə gərginlikdə fəaliyyət göstərdiyi, hücumlar, silahlı toqquşmaların burada tez-tez baş verdiyi göz önündədir.

Ermənistan 16 noyabr təxribatı ilə istəyinə nail oldumu?

Bu sualın cavabına keçməzdən öncə vurğulamaq vacibdir ki, noyabrın 8-i tarixindən, yəni Azərbaycan xalqının Zəfərin ildönümünü qeyd etdiyi gündən təxribatlar intensivləşməyə başlayıb. Düşmən məhz həmin gündən 2020-ci ilin Tovuz ssenarisinə uyğun olaraq ardıcıl şəkildə Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatlara əl atmaqda idi. Faktlara baxaq:

- Noyabrın 8-də Azərbaycan xalqı tarixi Zəfərin ildönümünü qeyd etdiyi bir vaxtda ermənilər Şuşa ətrafında təxribat törətməyə cəhd göstərib;

- Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub;

- Noyabrın 9-da Laçın rayonunun Qaragöl gölü ətrafında 60 hərbçinin Azərbaycan Ordusunun mövqelərinə aparan yolda yerləşdirilməsinə cəhd göstərilib. Azərbaycan Ordusunun tədbirləri nəticəsində erməni hərbçiləri mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişi nəzərə alınaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb;

- Noyabrın 13-də səhər saatlarında Şuşanın yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinin postuna qumbara ataraq növbəti terror aktı törədiblər. Nəticədə 3 hərbçi yaralanıb;

- Bunun ardınca Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub;

- Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub;

- Nəhayət, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Göründüyü kimi, ortada son 10 gün ərzində məqsədli şəkildə və miqyası genişlənən təxribatlar seriyası var. İlk təxribatlar baş verən andan Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bəyan edilirdi ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaq. Noyabrın 16-da baş verənlər bu bəyanatın təsadüfi olmadığını sübut etdi. Ermənistanın hərbi birləşmələrinin dövlət sərhədinin qeyd olunan istiqamətdəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək cəhdi düşmənin növbəti rəzil duruma düşməsi ilə nəticələnib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Heç bir ərazi itkisinə yol verilməyib, bütün strateji yüksəkliklər, məntəqələr bölmələrimizin nəzarətindədir. Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb.

Düşmənə vurulan zərbənin nəticələri göz önündədir və məruz qaldıqları xeyli sayda canlı itkini, üstəlik mövqe itkisini etiraf etməkdədirlər. Ermənistan növbəti dəfə Azərbaycandan dəfələrlə çox itki verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah- sürsat onlardan qənimət götürülüb.

Ağır silahlardan istifadə olunan belə döyüşlərdə itkilərin olması gözləniləndir. Məhz belə toqquşmalarda itkilərə yol verməmək olduqca çətindir, praktiki cəhətdən mümkün deyil. Lakin gəlinən nəticə budur ki, Azərbaycan Ordusundakı nizam-intizam, peşəkarlıq, bölmələrimizin ən müasir texnika, silah-sursatla təminatı itkilərin minimuma endirilməsini təmin edir. 44 günlük Bətən müharibəsinin nəticələri də bunu isbatlayır.

Təxribata beynəlxalq aləmin reaksiyasına gəldikdə isə nəticə Ermənistan üçün arzuolunan deyil. Azərbaycan operativ qaydada beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatları ilə bağlı məlumatla təmin etdi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırdı.

Hadisə ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar verib. Bu bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb ki, bu, Azərbaycanın müharibədən sonra tutduğu mövqe ilə üst-üstə düşür. Azərbaycanın müharibədən sonra ilk gündən sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış etdiyi, Ermənistanın isə bu çağırışlara reaksiya vermədiyi hamıya bəllidir.

Beynəlxalq ictimaiyyətin mövqeyi sübut edir ki, Ermənistanın növbəti dəfə təxribat və avantüra törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı. Elə bu səbəbdəndir ki, Ermənistan hətta ayrı-ayrı ölkələri də açıq şantaj edən bəyanatlar verdi. Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdindən başqa bir şey deyildi.

Ermənistanın ayrı-ayrı güc mərkəzlərinə müraciətləri isə düşdüyü durumu əla təsvir edir. Bu, qorxaqlıq və yaltaqlığın bariz nümunəsi olmaqla, müstəqil siyasətə malik olmamağın göstəricisidir.

Beləliklə, Ermənistan heç bir nəticə əldə edə bilmədi, hərbi-siyasi rəhbərliyin növbəti təxribatı daha bir iflasla nəticələndi. Azərbaycan Ordusunun sərt tədbirləri Ermənistandakı revanşist qüvvələrə tutarlı cavab oldu. Ən vacib məqam isə odur ki, Azərbaycan güclü, regional təhlükəsizliyi təmin edən ölkə olduğunu bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdi. Onu da nümayiş etdirdi ki, bu kimi təxribatlara layiqli cavab verən qüdrətli, peşəkar, dünya hərb tarixində imzası olan Azərbaycan Ordusu var; Vətən uğrunda ölməyə hazır, bu ruhda tərbiyə olunan oğullar həmişə var! Çünki ŞƏHİDLİK ən ali məqamdır!!!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!