Modern.az

Türk xalqında qəribə bir müdriklik var

31 İyul 2021, 10:10

Vasif İsmayıl


Türkiyədəki yanğınları izləyirəm. Artıq 30 ildir dinlədiyim xəbərləri yenə dinləyirəm.


Türkiyəni yandırırlar.


Hər xalq özünə görə böyükdür. Biz hələ də onu anlaya bilmirik.


Türkiyədə pulsuz qalan qoca dilənçilik etmir, kibrit satır. Bir dəfə dayanacaqda dayandığım yerdə barmaqlarımı bir-birinə toxunduraraq sayırdım. Kibrit satan dayılardan biri mənə salam verdi. İndi salam verməzdi. Onda zikr edirdim.


Alt qonşum dindar idi. Biz (bir dostumla bərabər) kirayə tutduğumuz evə daha çox pul vermişdik deyə bizi polisə şikayət etdi. Bir həftə sonu əmniyyətdə beton üstündə nigeriyalı ilə birlikdə yatdım. Sonra o evdən köçmək istəyəndə o qonşum paxlava ilə evə gəlib “burada qal, evi təmir edərik” dedi.


Evə çağrıldım. Xəstə ölmüşdü. Qəhvə içirmədən buraxmadılar. Evin böyük qızı mənə qəhvə süzürdü, kiçik qızı isə ağlayaraq anasının çənəsini və ayaqlarını bağlayırdı.


Muhammet İnce var idi. Bağırsaq vərəmindən ölürdü. Ərzrumlu idilər. Çöp kimi arıq idi. Ürəyi dayandı. Biz vərəmli xəstəyə ağzımızı dayayaraq “nəfəs” verirdik. Atası bizə “oğluma əziyyət verməyin” dedi. Özgür abi onu qovdu. Qapının ağzında dayanaraq “sübhənallah” duası oxudu. Mən arıq qabırğaların arxasından ürəyə massaj edirdim, Özgür abi isə vərəmli xəstəyə dodaqları ilə nəfəs verirdi.


Amma öldü.


Məni 17 yaşımdan etibarən şok edən yüzlərlə hadisə yaşamışam orada.


Amma məni yerə batıran 3 hadisə olmuşdu.


Türkiyədə izmirli millət vəkili var idi. Zənci idi. Neçə yüz il əvvəl Afrikadan köçmüş qulların nəslindən idi. Bir dəfə fakültə toplantılarında yeni il üçün içib bunu danışdım. O qədər professordan biri onun adını xatırlamadı.


Türkiyədə ağ da, qara da onlarındır. Ayırmırlar.


Antalyadan bir xalanı böyrək ağrısına görə müayinə etmişdim. Arvad bildiyiniz afrikalı. Zənci. Əri də klassik Anadolu insanı. “Teyze, böbreklerini üşütmüşsün” dedim. Əlləri ilə dizinə vurub “Aaaah, məni nə doktorlar istədi, mən də bu kəndliyə qismət oldum” dedi. Əri kənardan qımışaraq “ay qız, sevirdin də məni” dedi.


“Arvadim zəncidir” demədi.


Bir dəfə də 2 bacı gəlmişdilər. Onlar da bildiyiniz zənci idilər. Amma tipik istanbullu ədası ilə oturub sözlərini dedilər.


Ən maraqlısı isə, bunları danışdığım heç bir iş yoldaşım bunları xatırlamır.


Bax, Türkiyə belə bir yerdir.


O xalqda qəribə bir müdriklik var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...