Modern.az

22 iyuldan sonrakı gün...

21 İyul 2021, 13:06

Vüqar Tofiqli


Allah bəzən sevdiyi bəndəsini imtahan edərək, çətin suallarla sınağa çəkir. “Qurban olduğum” bizi də otuz ilə yaxın bir müddətdə sınağa çəkməklə, 1992-ci ilin may ayının 8-dən Şuşanın işğal edildiyi günün səhəri - 9 mayı məhz Qələbə günü kimi, 22 iyun Milli Mətbuat günündən sonra gələn tarixi isə Ağdamın işğal günü kimi qeyd etməklə bizə dərs keçirdi. Sanki bununla  demək istəyirdi ki,  biz daha qətiyyətli olaq, qüdrətli olaq, möhkəm olaq, ən nəhayət fikir birliyimiz olsun. Otuz ilə yaxın bir müddətdə bu günləri bir gözümüzdə gülüş, sevinc, digərində isə kədər, qəm-qüssə ilə qeyd etməli olmuşduq.

28 il ard-arda hər ilin bu gününü cəbhə bölgəsinə yürüşlər təşkil etməklə təskinliq tapır, ya da Bakıda Şəhidlər xiyabanını ziyarət etməklə sıradan bir gün kimi deyil, sanki ən yaxın əzizimizi itirdiyimiz gün kimi  daim qeyd edir və qaysaq bağlamış ağrı-acılarımızın yaratdığı təlatümün elə bil  “səbbin” alırdıq.

2013-cü ilin bu günündə Ağdamın Quzanlı qəsəbəsindən Soltanbud təpəsinədək  təşkil edilən yürüş isə hər kəsi yerindən tərpətdi, oynatdı. Yürüşdə iştirak etməklə 50 min nəfərdən  artıq insan “Vətən torpaqlarını işğaldan azad etməyə hazıram”- dedi.

Beləliklə, bundan sonra nə 8 mayı, nə 23 iyulu, nədəki digər agrılı-acılı günlərimizi anım günü kimi qeyd edəcəyik. Hər bayram günü etdiyimiz arzu və niyyətləri Ali Baş Komandan və müzəffər ordumuzun əsgər və zabitləri “Dəmir yümruq”la  çin etdilər, reallığa çevirdilər.

Bu il ilk dəfədir ki, həm də 22 iyul Milli Mətbuat gününü daha böyük qürur hissiylə keçiririk. 

***

Dəyərli xanım Səadət Məmmədovanın səbəbkarlığı ilə 28 may tarixində yolumuz Ağdam şəhərinədir. Bu mənim doğma şəhərimə işğaldan azad ediləndən sonra ikinci səfərim idi.  

Etiraf edim ki, son məqamadək səfərin baş tutacağına inanmasamda hər halda Səadət xanım zəng edəndə ondan səfərin məqsəd və məramını soruşanda Çörək muzeyinə həsr olunan geniş bir veriliş hazırlayırıq, deməsi fikrimin yalnış olduğunu göstərdi. Özümlə topladığım eksponatların bir qismini götürməyi də xahiş etdi. Onda artıq səfərin reallaşacağına yüz faiz əmin oldum.  Və “sizi evdən Rəfail götürəcək”-deyəndə gedəcəyimizə tam əmin oldum. Özüdə elə ruh yüksəkliyi ilə danışdı ki, bundan sonra Rəfailin kimliyi haqqında hər hansı bilgi almağa “ayaq yeri” belə qoymadı. Səfər haqqında  bilgini isə özünün WotsAP-da  yaratdığı qrupdan aldım.

Beləcə, tanımadığım ağdamlımla ilk dəfə Ağdama yola düşəsi oldum.

***

Rəfaillə bir azdan söhbətə başlayıram. Məlum olur ki, 20 ildən artıqdır ki, İsrail dövlətində yaşayır. Özünə iş qurub. Ailə-üşaq sahibidir, hətta baba da olub. Yaşı yenicə 50-yə çatıb. Yol boyu Rəfail danışır, amma fikri Ağdamdakı evlərindədir. Onu tapa biləcəyindən, hansı vəziyyətdə olacağını düşünür. Və məlum olur ki, Rəfail Ağdamın vaxtıylə tanınmış simalarından olan, maşın ustası, böyük hörmət və nüfuz sahibi olan “Ford Fuad”ın nəvəsiymiş. Mən isə onun aid olduğu nəsli haqqında, babası Fuadın “Ford” maşını almasından, yaşadığı küçənin və məhəllənin geniş təsvirini verəndən,  babasının ailə məcarəlarından,  hətta “Fordu” Xaçın çayın  körpüsündən aşırmasından, Fuadın qardaşı Əyyub müəllimin işindən, riyaziyyat müəllimi kimi savadlı və bacarıqlı insan olmasından danışandan sonra Rəfail artıq mənimlə faktlara əsaslanmaqla  daha diqqətlə  danışmağa başladı.

Beləcə, söhbətimiz alındı. Açıq etriaf edim ki, səfərin sonunda elə münasibət yarandı ki, elə bil illərimiş ki bir birimizi tanıyırmışıq.  Rəfailin Çörək muzeyinin yanındakı dədə evlərini hansı həyəcanla axtarması, hətta köhnə caydanlarını belə tapması deyərdim ki, çoxseriyalı bədii  filmin ssenarisidir. 

***

29 may səhər saat səkkizdə “Dörd yolda” üzü Ağdama yola düşürük. Burda isə dəyərli insanları Çimnaz Əliyevanı və Əli Əmirlini görməkdən məmnun oldum. Çünki bu ziyalıların hər biri Ağdamın, Qarabağın simvollarıdır.  

Onlarla yanaşı rəssam-dizayner, Çörək Muzeyindəki pannonun müəllifi Zakir Rüstəmovu və gənc dostum Xəyyam Hüseynovu görməkdən də çox məmnun oldum. Vüsalə Məmmədova isə bacısı Səadət xanım kimi artıq yeni  formalaşan yeni Ağdamın simvollarına çevrilməkdədirlər.

Yola düşürük....

İlk dayanacağımız  Uzundərədəki dəmiryol körpüsünün yanındakı yol ayrıcında oldu.  Körpünün ətrafında qızğın iş gedirdi. Ağdama yeni istiqamətdən magistral yol çəkilirdi.

 ***

Şəhərdəyik. Səbrsizliklə şəhərin girişini keçməyimizi gözləyirəm. Ətyeməzli kəndinin girişindəki səksəninci illərdə kəndin magistral yola yaxın yerində kooperativ evlərin qalıqlarını çətinliklə seçə bilsəm də. Uşaq xəstəxanasınadək olan hissədə  heç nəyi təsəvvür belə  edə bimirəm.

“50 nömrəli”nin möhtəşəm binalarından əsər əlamət belə qalmayıb. Uşaq xəstəxanası ilə üzbəüz geniş bir ərazidə vaxtıylə mikrorayon salınması üçün nəzərdə tutulan, lakin “perestroyka” vaxtında sakinlərə fərdi  yaşayış sahəsi kimi ayrılan ərazidə inşa edilən  topdağıtmaz malikanələrin izi-tozu belə yoxdur.  Özümü itirmiş kimi oluram.  Söküb apara bilmədiklərindən uşaq xəstəxanası ilə doğum evinin qalıqları görünür. O da yalnız bir divarı.

Yüzlərcə dəfə gəzdiyim, xəyalımda isə hər gün ziyarət etdiyim şəhəri tanıya bilmirəm. İnsan üçün bundan dəhşətli nə ola bilər. Səmti ancaq Məscidlə müəyyən etmək mümkün olur.

Gün ərzində İmarəti, Məscidi, Şəhidlər xiyabanını və Çörək muzeyini ziyarət edirik. İlk dəfə isə Qiyaslı məscidində oldum. Şahbulağın havası və suyu isə ayrı bir aləm idi.

Şəhər tamam yer üzündən silinib. Qaşınıb. Amma ermənilər insanların doğma torpaqlarına olan sevgisini silə bilməyiblər.

***

Şəhidlər xiyabanındakı vəziyyəti görəndə  dəhşət məni bürüdü. Birinci  Qarabağ müharibəsi dövründə, 1992-ci ilin mayın səkkizində Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhid olan yaxın qohumum Eldar Hümmətovun məzarını  ziyarət etmək üçün  Şəhidlər xiyabanındakı vəziyyəti gözlə görmək mənə çox ağır gəldi. Yaxşı yadımdadır ki, 1975-ci ildə İkinci Dünya Müharibəsində keçmiş SSRİ-nin qələbəsinin 30 illiyi münasibətiylə ucaldılan abidənin ətrafında yaşıllıq zolağı salınmışdı.  Deməliyəm ki, xiyabanda  əkilən çoxsaylı küknar və “Eldar şam”ları ötən əsrin 90-cı illərində  ətrafa ayrı bir gözəllik verirdi.

Ağacları kökündən çıxarmaqla şəhid məzarlarını dağıtmağı yalnız ermənilər edə bilərdilər. Şahid olduğum mənzərə ermənilərin dünyanın ən vəhşi və şərəfsiz millət olmasını bir daha təsdiq edir.  İnsan nə qədər şərəfsiz olmalıdır ki, belə addım atsın. Hər halda gördüklərimdən belə qənaətə gəlirəm ki, Allah bizə gözəl görkəm, ağıl, məntiq, qədim tarixi yaşamağı qismət etməklə, hətta yeraltı və yürüstü sərvət verməklə yanaşı erməni kimi mənfur simanı bizə qonşu verib.  

İnsanlıqdan uzaq olan bu vəhşiliyi görmək mənim üçün çox ağır idi.

***

Ancaq özümü mənfur ermənilərin  bu vəhşilikləriylə kökləmək fikrində uzağam. Mən artıq qalib ölkənin vətəndaşıyam. Və həyat davam edir.

Prezident İlham Əliyevin xeyr-duasıyla bu gün Ağdamın yerində  yüzminlik şəhərin salınmasına başlanılıb. Layihəsi adamı heyran edir. Təməli qoyulan yaşayış binası isə təxminən köhnə avtovağzalın səmtində, keçmiş Lenin küçəsiylə Səməd Vürğun küçəsinin Süleyman Sani Axundov küçəsiylə kəsişməsində idi. Yeni layihədə şəhərin mərkəzi hissəsi məhz həmin ərazidə olacaq.

Biz isə  Ağdam Məscidinin qarşısına toplaşmışıq. Rəfailə birgə həyatımda ilk dəfə məscidin minarəsinə qürur hissiylə qalxıram. Minarədən  təməli qoyulan yeni Ağdamı seyr etməkdən aldığım zövqü sözlə ifadə etməkdən çətinlik çəkirəm. Yol yoldaşlarımın məni “alabaydağ” eləməsindən çəkindiyimdən minarədən “mən artıq Ağdamdayam” deyə “cikkə” çəkmirəm. Özümü tox tuturam. Özümdə böyük ruh yüksəkliyi var idi.    

Çimnaz xanımın Bakıdan  bişirib gətirdiyi Ağdam çörəyilə kotleti iştaha ilə yeyirik. Düz “Çay evi”nin tuşunda. Sanki “Çay evi”nin yanındakı fontanın geniş pavilyonundayıq...

Açıq etiraf edim ki, rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırovun restoranında yediyim toyuq supunun,  Xıdrılı kəndində qohumlarımgildə qonşu Hamaya arvadın bişirib gətirdiyi çığırtmanın və bir də Çimnaz xanımın həvəslə və ürəklə bişirdiyi kotletlərin dadını heç vaxt unutmayacağam.  

Çünki bu təamların hər birində  bir Ağdam nəfəsi, Ağdam sevgisi var idi...

P.S. Səfərin təşkialtçısı olan ATV kanalına və xüsusəndə xanım Səadət Məmmədovaya təşəkkür edirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?