Modern.az

Zəngəzur dəhlizi olacaq - Ermənistan istəsə də, istəməsə də...

18 May 2021, 12:24

Elçin Alıoğlu

Zəngəzur dəhlizi son deyil. Başlanğıcdır.


Sonra Laçın-Gorus-Zəngəzur-Şahbuz dəhlizi də ola bilər.


"Niyə də yox?" sualına cavab verməzdən əvvəl bir qədər geriyə qayıdaq və "Niyə?" sualına cavab verək.


Xatirinizdədirsə, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Türkiyə sülhməramlılarının Qarabağa yeridilməsi gözlənilirdi.


Türk mehmetciklər gəldilər, amma sadəcə, Ağdamdakı Birgə Monitorinq Mərkəzinə.


"Niyə?" sualı onda çox səsləndi.


Cavab sadədir.


Üçtərəfli bəyanatın 9-cu bəndini xatırladım: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir".


Bu bənd, yəni Meğri dəmiryol dəhlizi və avtomobil yolu layihəsi bilavasitə, birbaşa və eksklüziv olaraq rəsmi Bakının təşəbbüsü idi.


Bəyanat imzalanmazdan əvvəl Bakı niyyətini Ankaraya dedi, Ankara təhlil apardı, razılaşdı. Özü də böyük həvəslə.


Məncə, səbəb aydındır.


Həmin günlərdə həmin layihədən Moskvanın xəbəri yoxdu.


İrəvana gəldikdə isə, Ermənistanın mövqeyi nə Azərbaycanı, nə də Türkiyəni əsla maraqlandırmırdı.


Daha sonra Bakı həmin nəqliyyat dəhlizi layihəsini Moskvaya təqdim etdi və bildirdi ki, Zəngəzur (və ya Meğri) dəhlizi faktiki baxımdan Laçın dəhlizinin inikasıdır.


Daha sadə yazsam, şərt səsləndirildi: "Laçın dəhlizi olacaqsa, Zəngəzurda da dəhliz olmalıdır".


Rəsmi Moskva üçün həmin dönəmdə ən önəmli məsələ sülhməramlı kontingentini Qarabağa yeritmək və "Qarabağ münaqişəsinin nizamlanmasında həlledici aktor-vasitəçi" statusunu qazanmaq olduğundan sonradan üçtərəfli bəyanatın 9-cu bəndinə çevriləcək layihəyə ciddi fikir vermədi.


Moskva düşündü, Bakı və Ankara ilə ciddi, müfəssəl müzakirələr başlandı.


Bir qədər də keçdi, Rusiya anladı ki, Zəngəzur dəhlizi əslində onun bir sıra geosiyasi, geostrateji və iqtisadi maraqlarına tam cavab verir.


Ankara ilə Moskva anlaşdılar.


Günlər keçdi, Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında "Ərdoğan sözünün sahibi olan insandır. Dedisə, edir!" söylədi.


Rusiya Qarabağda sülhməramlı missiya ilə bağlı "tək aktyor" statusu əldə etdi, əvəzində Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi layihəsini Moskva ilə razılaşdırdılar.


Ermənistanın mövqeyi kimsəni maraqlandırmadığından İrəvanla müzakirələr aparılmadı.


"Zəngəzürda dəhliz olacaqmı?" sualını son günlər çox eşidirəm. Həddən çox.


Ermənistanın hakimiyyət mənsublarının, siyasətçilərinin, müxalifət liderlərinin, ekspertlərinin, ələlxüsus də ermənilərin Telegram kanallarının "açıqlama"ları müzakirə olunur.


Boş verin.


Zəngəzur dəhlizi olacaq.


Ermənistan istəsə də, istəməsə də.


Çünki Azərbaycan, Türkiyə və Rusiya bunu istəyir.


Rusiya yaxşı anlayır ki, dəhliz layihəsi ilə bağlı vədlərinə əməl etməzsə, türk mehmetciklər mütləq şəkildə Xankəndi küçələrində olacaqlar.


Bakının dəvəti ilə, sülhyaratma missiyası ilə.


Amma Putinlə Ərdoğan situasiyanı gərginləşdirən deyillər: Zəngəzur dəhlizini dəstəkləmək Rusiya üçün Qarabağda vəziyyəti ifrat gərginləşdirməkdən daha sərfəlidir təbii.


Ermənilərin dediklərinə və yazdıqlarına, "arya, qoymarıq" filan açıqlamalarına fikir verməyin.


Məsələni ermənilər yox, Bakı, Ankara və Moskva həll edirlər.


İrəvan ümumiyyətlə nəzərə alınmır.


Alınan da deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu