Modern.az

Zavallılar

14 Aprel 2021, 09:01

Elçin Alıoğlu

Pasifizmi, humanizmi nihilizmlə səhv salırlar. Ziyalı olduqlarını, Qərb düşüncəli davrandıqlarını, libertarian və demokrat qavramlı yaşadıqlarını göstərmək üçün dəyərləri hədəfə almağı "cəsarət" bilirlər.

Bunlar üçün patriot kəlməsi təhqirdir, çünki binəvalar "Patria"nın mənasını bilmirlər.

Patria - Vətəndir.

Fransada bu kəlmə Əcnəbi Legionun devizindədir. Savaşlarda ölümə yollanan fransızların dillərində olub bu kəlmə.

Fransada hər mövzuda əks və zidd fikir söyləmək olar, amma savaşlarda qəhrəmancasına döyüşüb canlarını Vətən üçün vermiş insanların xatirəsi ilə oynamağa çalışanların gününü göy əskiyə bükürlər.

Bu nə "yalançı, köpüklü vətənpərvərlik"dir, nə də "hakimiyyəti dəstəkləmək".

Tam əksinə, ən radikal, ən solçu, ən sağçı, ən liberal fransız belə, vətənpərvərdir.

Bizdə isə heyhat, bir paraları Yalıncığın demo-versiyaları olmağa çalışırlar.

Klişe və ştampları sevməm, hər kəsin öz fikrini hürr və azadə demək asudəliyinin də sonadək dəstəkləyirəm.
Gerçək mübahisədə yaranır.

Amma nihilistlə, kompradorla, bəsit "perfomans" xatirinə təlxəklik edənlə, "Axxx, Yevropa!" deyib sızlayanla mübahisə etməm.

Vaxtıma heyfim gəlir.

Bakıdakı Hərbi Qənimətlər Parkının ermənilərdə yaratdığı isterikanı anlayıram. Gözləniləndir.

Amma sosial şəbəkələrdə bunu "faşizm" kimi dəyərləndirənlərə də baş qoşmaq istəməm.

Zavallıdırlar çünki.

Fikirlərinə zidd bir kəlmə deyəni və yazanı da dərhal "hakimiyyət trolu", "ljepatriot" adlandırırlar bu kloşarlar. Sonra da sosial şəbəkədə blok edirlər "fikir və söz azadlığı" şüarçıları.

Universitet təhsili insanı bilikli edir - ağıllı yox.

Vətənin təhsisi və yurd təhsili yoxsa, o təhsil sınıq quruşa dəyməz.

Excusez-moi, mais complètement attardés...
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ