Modern.az
Qəzənfər Həmidoğlu İsgəndər”: bumeranqa dönən raket

Qəzənfər Həmidoğlu

İsgəndər”: bumeranqa dönən raket

3 Aprel 2021, 01:48

Qəzənfər Həmidoğlu

ANAMA-nın “İsgəndər” raketlərinin qalıqlarının Şuşa istiqamətində iki ərazidə aşkarlanmasını rəsmən elan etməsi Rusiyanı, eləcə də Ermənistanı qəfil yaxaladı. Rusiya XİN, Müdafiə Nazirliyi və s. ağızlarına su alıb oturublar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov şərh verməkdən boyun qaçıraraq, bu məlumatın onun üçün “təzə informasiya” olduğunu deyib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan isə ANAMA-nın bəyanatını şərhdən imtinası üçün belə bəhanə gətirib: "“İsgəndər” raket kompleksinin Azərbaycana qarşı mümkün tətbiqi barədə məlumat ictimailəşdirilə bilməz. Bu, dolayısı ilə ANAMA-nın məlumatını etiraf etməkdir".

Əslində, erməni tərəfi İkinci Qarabağ müharibəsində ”İsgəndər” raketlərinin tətbiqini daha əvvəl etiraf etmişdi. Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Hakopyan ötən ilin noyabrında “İsgəndər” raket kompleksinin tətbiq edilməsinə eyham vurmuş, lakin atış istiqamətini açıqlamamışdı. Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan isə əvvəlcə hakimiyyəti müharibə vaxtı bu raketlərdən istifadə etməməkdə günahlandırmış, daha sonra müharibənin son dövründə “İsgəndər”dən Şuşa istiqamətində istifadə edilməsinə dair etibarlı informasiyaya sahib olduğunu iddia etmişdi. Paşinyan Sərkisyana cavab olaraq Rusiyadan alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, amma partlamadığını demişdi: “Bəlkə onlar cavab versinlər ki, niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10%-i partladı?".

Rusiya Müdafiə Nazirliyi həmin vaxt təkzib verərək “İsgəndər” raket kompleksindən müharibədə istifadə edilmədiyini, raketlərin Ermənistan SQ-nin anbarında olduğunu iddia etmiş və Paşinyana yanlış məlumat verildiyini iddia etmişdi. Sonradan Paşinyan Putinlə telefon söhbətində ona yanlış məlumat verildiyini demişdi.

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Ermənistan baş nazirinin “İskəndər E” raket kompleksi ilə bağlı bəyanatına belə reaksiya vermişdi: “Mən ironiyalı mesajlar vermək istəmirəm. Rusiya rəsmiləri və parlament üzvləri tərəfindən müəyyən mülahizələr olub ki, raket 10 faiz öz gücü ilə partlaya bilməz, buna çox cəhd etməlisən. Biz “İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik. Dünən bu bəyanat səslənəndə bir daha maraqlandıq ki, baxaq doğrudan bu baş veribmi, gördük ki, yox olmayıb. Bu, sadəcə olaraq onlar tərəfindən növbəti yalandır... Demişdilər ki, “İsgəndər” raketi atılıb və 10 faiz gücü ilə partlayıb. Hara atılıb raket, necə partlayıb? Bu, bir anekdotdur”.

Azərbaycan Prezidentinin bu açıqlaması Rusiya ilə münasibətləri isti saxlamaq niyyətindən irəli gəlirdi, təbii ki, həmin situasiyada Ermənistana dəstək vermək Azərbaycanın maraqlarına uyğun deyildi. Amma bu, Bakının “İsgəndər” məsələsini unutması demək deyildi. Siyasət belədir, üstəlik, minnətdarlıq hissinin yad olduğu Rusiya ilə oyun qurarkən...

Martın 15-də ANAMA-nın əməkdaşları Şuşada iki partlamış “İsgəndər” raketinin qalıqlarını aşkar etdikdən sonra situasiya daha qəliz və müəmmalıdır, Moskva və İrəvanın narahatlığı üçün ciddi əsaslar var. Çünki qəlpələr üzərində “M” hərfi var. Erməni tərəfi indiyədək “İsgəndər”ləri “E” indeksi, yəni, “eksport” (ixrac) versiyasında satın alındığını deyirdi. Əgər onlara inansaq, “İsgəndər M”in İrəvana dəxli yoxdur. General Artak Davtyan elə bu səbəbdən bəhanə ilə yaxasını qurtarmağa çalışıb. Əgər o, desəydi ki, raketlər Ermənistanın deyil, avtomatik olaraq onları başqasının, təbii ki, Ermənistanda hərbi bazası olan Rusiyanın buraxdığını etiraf etmiş olacaqdı.

Belə versiya da var ki, Rusiya Ermənistana “İsgəndər-M” silahı satıb, amma bunu gizli edib, erməni tərəfi də bunu gizli saxlayıb. Hər bir halda, “İsgəndər-M” rus ordusunun silahlanmasındadır və “Bu raketi kim atıb” məsələsində özünün atmasından və ya satmasından asılı olmayaraq əsas məsuliyyət onun üzərinə düşür. İrəvan da yaxasını kənara çəkə bilməz, özləri atmasalar belə, raket Ermənistan tərəfdən atılıb, ermənilər bunu bilib susublar və s.


Amma əsas hədəf Şuşanı vurmaq əmrini verən – Kremldir. Həmin ölkə ki, özünü sülhməramlı kimi təqdim edir. Azərbaycan yenə lazımi anda və lazımi yerdə elə əks-həmlə etdi ki, opponentləri ciddi ilişib – nə təkzib, nə təsdiq edə bilirlər...


Şübhəsiz ki, rəsmi Bakı Rusiyanın regionda yürütdüyü siyasətdən məmnun deyil. Uzağa getməyək, son 10 gündə baş verənləri xatırlayaq:


- Qarabağdakı qondarma qurum martın 25-də Moskvanın xeyir-duası ilə rus dilini “rəsmi dil” elan etdi.


- Elə həmin gün Kremlə yaxın “Ədalətli Rusiya-Vətənpərvərlər - Həqiqət naminə” Sosialist siyasi partiyası” ("Социалистическая политическая партия «Справедливая Россия — Патриоты — За правду”) seçkiqabağı proqramına “Rusiya ərazisinin Donbas və Dağlıq Qarabağ hesabına genişləndirilməsi” bəndini salmaq niyyətini açıqladı. Birləşmiş partiyanın üç həmsədri olsa da, faktiki lideri Sergey Mironovdur. “Ədalətli Rusiya”nın uğursuz müxalifliyi fiaskoya uğradıqdan və Mironov RF Federal Məclisinin Federasiya Şurasının sədri postunu itirdikdən sonra partiya Putinin siyasətini dəstəkləyir və öz siyasətini hakim “Vahid Rusiya” Partiyası ilə razılaşdırır. Yəni, Mironovun birləşmiş partiyası Rusiya siyasi arenasında özbaşına siyasi qüvvə deyil, Kremlin cızdığı çərçivədə oynayır. Odur ki, Dumanın ortabab fraksiyasının “ərazi iddiası”nın seçkiönü şüar yox, rəsmi Moskvanın qeyri-rəsmi mövqeyi, məkrli planının ilkin simptomu olması kimsədə şübhə doğurmadı. Zira Rusiya sülhməramlı qüvvələrinin postsavaş dövründə Qarabağdakı sülhdənkənar missiyası göz önündədir.


Üstəlik, bundan bir həftə əvvəl RF Prezidenti Vladimir Putin Krımın Rusiyaya ilhaqının 7 illiyi ilə bağlı Moskvanın «Lujniki” stadionundakı qısa çıxışında Rusiyanın xarici siyasət proqramının, geosiyasi konsepsiyasının əsas prinsiplərini formulə etmişdi. Konsepsiyanın mahiyyəti Moskvanın postsovet məkanı ölkələrini təhdid və şantajından başqa bir şey deyil.


- Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov isə kor gözünə barmağım tərzində bu günlərdə Xankəndidə peyda oldu və Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak etdi. Rus generalı dedi ki, bu günə 25 belə şəhərcik qurulub və Rusiya kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək.


Rusiyanın nataraz siyasi gedişlərinə Azərbaycanın adekvat və yetərli reaksiya verməsi artıq qaçılmaz olmuşdu. Rusiya heç vaxt etdiyini boynuna almır, Moskva yenə birmənalı şəkildə “İsgəndər” tətbiqini təkzib edəcək. Amma ANAMA raket qalıqlarının dəqiq coğrafi koordinatlarını açıqlayıb və raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edilib. Azərbaycanın bu həmləsi postsavaş dövründə dönüş yaradacaq səviyyədədir və çox hədəflidir.


Rusiyanın və ya Ermənistanın Azərbaycanı yola gətirmək üçün savaş zamanı atdığı “qorxunc rus raketi” savaşdan sonra siyasi bumeranqa döndü. Bakı bu fürsəti Ermənistana və Rusiyaya qarşı dəyərləndirə, beynəlxalq arenada bunun dividendini görə və hətta Rusiyanın sülhməramlı missiyasını təftiş üçün istifadə edə bilər...

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var