Modern.az

Əsrin paradı

10 Dekabr 2020, 09:22

Qəzənfər Həmidoğlu

 

8 Noyabr Zəfər Gününün təntənəsi - dekabrın 10-da Bakıda keçiriləcək Zəfər paradı böyük tarixi hadisədir.

Bu hərbi nümayiş Azərbaycan xalqının uzun illər həsrətində olduğu və 44 günə düşmənini əzərək qazandığı Zəfərin bayramıdır.

Möhtəşəm, unudulmaz parad olacaq, çünki hərbi, siyasi və rəmzi anlamları misilsizdir. 2020-ci ilin payızı boyu Qarabağa dikilən gözlər bu dəfə Bakıya, Azadlıq meydanına yönələcək. Çünki Zəfər paradı ilə Azərbaycanın, can qardaşımız Türkiyənin dünyaya, dostlara və düşmənlərə güclü mesajları olacaq.

Zəfər paradı həm Vətən Müharibəsindən qalib çıxmış Vətənin, Millətin və onun bağrından qopan Müzəffər Ordunun qüdrət və əzminin fiziki nümayişi, həm də Qalib xalqın qürurunun, ruhunun mənəvi təntənəsidir.

Bu paradda 2783 şəhidimizin ruhu bizimlə olacaq. Canlarını Vətən naminə fəda edən qəhrəmanlarımızın ruhları şad olsun!

Bu, əsrin hərbi paradıdır. Çünki son illərdə bütün dünyada keçirilən paradlar ötən əsrin tarixi hadisələri ilə bağlı ənənəvi hərbi nümayişlərdir. Nə qədər yeni mesajlar versələr də, onlar keçmişin əks-sədasıdır.

Azərbaycanın torpaqlarını hərb yolu ilə işğaldan qurtarmaq nümunəsi dünyada son 30 ilin presedentidir.

Bütünlükdə, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, Ali Baş Komandanın 44 günlük savaşda

- strateji hədəfi, tarixi şəraiti və hərbi-siyasi fürsəti dəqiq müəyyənləşdirməsi;

- supergüclərlə oyun düsturu;

- etibarlı strateji müttəfiqlə birgə hərbi-siyasi manevri;

-ordunu həlledici hərbə yüksək döyüş hazırlığı ilə yetişdirməsi;

- savaş meydanında hərbi-taktiki gedişləri

və cəmiyyətdə ruh yüksəkliyi, siyasi birlik və həmrəyliyə nail olunması ərazi bütövlüyü pozulmuş ölkələrin işğaldan qurtulması üçün öyrəniləsi örnəkdir.

Dünyaya yeni ərsrin hərbini nümayiş etdirən savaşdakı möhtəşəm Zəfərdən sonra keçirilən paradımız fərqli parametrləri ilə də XXI əsrin paradıdır.

Azərbaycan və bizə mənəvi-siyasi dəstəyini, hər cür qardaş yardımını əsirgəməyən Türkiyə tarix yazaraq dünyaya fərqli geosiyasi paradiqma nümayiş etdirdi. Bu gün iki dost və qardaş Ali Baş Komandanın Azadllq meydanındakı qalib duruşları və verəcəkləri mesajlar, qəhrəman əsgərimizlə, qazilərimizlə şanlı mehmetciyin təntənəli keçidi, ərşə yüksələcək və düşmən qulağı dələcək "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları bizi bir daha qürurlandıracaq, fəxarət hissləri yaşadacaq və sevincimiz köksümüzə sığmayacaq.Düşmənə gözdağı olacaq, zillətini artıracaq.

Biz Zəfəri dırnaqlarımızla söküb, canımızla-qanımızla qoparıb aldıq. Biz bu paradı haqq etdik!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok