Modern.az

Vova və Niko...

17 Noyabr 2020, 23:29

Qəzənfər Həmidoğlu

(Şeytan detallarda gizlənir)

Hamı Paşinyanı göndərir, Paşinyan isə ayağını bir başmağa dirəyib, heç hara getmir.


İrəvanda etirazçılar "Nikol - satqın!" deyir, beynəlxalq ekspertlər erməni baş nazirin siyasi ömrünün tezliklə başa çatacağını gözləyirlər, Rusiya dairələri artıq onu basdırıblar, nazirləri bir-bir aradan çıxır, prezident Sarkisyan da hökumət başçısını istefaya çağırır.

Yəni, kimsə Paşinyanın hakimiyyətdə qalacağını ağlının ucundan keçirmir.

Paşinyanın vecinə deyil, sanki kapitulyasiya sənədinə başqası imza atıb. İrəvanda situasiya belədir ki, hakimiyyəti zor gücünə devirmək beli qırılmış Ermənistanı iflic edəcək. Yəni, yaxın perspektivdə İrəvanda çevriliş gözlənilmir.

Odur ki, müxalifət Paşinyan hökumətini dinc vasitələrlə istefaya göndərib, daha sonra parlament seçkisi keçirmək istəyir. Cəhd edirlər, amma alınmır.

Etirazçılar da İrəvandakı dövlət binaları qarşısında fırlanırlar, amma hələ bir faydası yoxdur. Paşinyan küçədən gəlmişdi, küçə hələlik onu endirmək üçün dağıdıcı səviyyəyə çatmayıb.

Belə situasiyada Paşinyanın özünün xoşluqla və tezliklə istefa verəcəyi ehtimalı azalır. Rusiya da onu qovmağa tələsmir.

Belə qənaət var ki, Kreml Paşinyanı cəzalandırır, əslində Rusiya "Saqqal"ı (Rusiya agenturasında Paşinyanın kod adı "Boroda"dır) hakimiyyətə gətirən erməni cəmiyyətinə dərs verir ki, bir daha qələt etməsin.

Rusiya Paşinyanın postunda qalmasında, erməni böhranı ilə bağlı planlarını məhz qərbyönümlü baş nazirin əli ilə görməkdə maraqlıdır. İlk növbədə Ermənistan ordusunun Ağdam, Kəlbəcər və Laçından çıxması gözləniləcək.

Daha sonra Ermənistandakı situasiya Rusiyanı bir müddət gözləməyə vadar edəcək. Bəllidir ki, Paşinyanın istefası müxalifətin ilk hədəfidir. Bundan sonra erməni müxaləfətinin növbəti məqsədi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da Dağlıq Qarabağla bağlı imzaladığı Bəyanatı ləğv etməkdir.

Rusiya özünün imzası olan bu sənədin mürəkkəbi qurumamış, qısa müddətdə ləğvində maraqsızdır, bu, həm də onun onsuz da şübhəli olan imicinə zərbə ola bilər. 10 noyabr bəyanatı erməniləri ipdən almışdı və Kremlə aşkardır ki, bu sənəd ləğv edilərsə, Azırbaycan Ermənistanı tam məğlub edəcək.

Digər yandan, kimsə şübhə etmir ki, Paşinyanın yerinə hakimiyyətə gələcək qüvvə rusiyameylli olacaq. Həmin qüvvə yaxın zamanda hakimiyyətə gələrsə, Rusiyanın indiki maraqları ilə erməni cəmiyyətinin etirazları arasında qalaraq xərclənəcək. Kreml bunu bilməmiş deyil.

Paşinyan son günlər arxayın danışmasından belə qənaət çıxarmaq da mümkündür ki, Nikol Paşinyan RF prezidenti Vladimir Putindən hakimiyyətinə dair qarantiya alıb.

Paşinyan yəqin soruşub ki, "Kapitulyasiyaya imza atdım. Vova, indi mənim axırım nə olacaq?".

Putin də güman ki, deyib:"Niko, dalında dağ kimi durmuşam".

Siyasət üzdən dərin şeydir, içdən isə adi və primitivdir...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok