Modern.az

Rusiya həlləm-qəlləm edərsə...

11 Noyabr 2020, 12:38

Qəzənfər Həmidoğlu

3 və 4-cü bəndlərə dair "beyin flrtınası"


"3. Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır".

Gizli deyil ki, Qarabağla bağlı ortaq bəyanat Rusiyanın regiondakı geosiyasi maraqlarını təmin edir. Bu da sirr deyil ki, Moskva postsovet məkanındakı münaqişələri davam etdirmək və ya dondurmaqla ənənəvi təsir rıçaqlarını işlək vəziyyətdə saxlayır və bununla da "yaxın qonşuları"nı orbitindən uzaqlaşmasına imkan vermək istəmir.

Təbii ki, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Donbas təcrübələri də Kremlə etibarlı sülhməramlı imici yaratmır.

Və Rusiya yenə həlləm-qəlləm işlər görərsə:

- ermənilərin demilitarizasiyanı gerçəkləşdirməzsə,
- əksinə Laçını düşməni silahlandırma dəhlizinə çevirərsə,
- Xankəndidəki xunta rejimini gücləndirərsə,
- Zəngəzur dəhlizinin açılması yubadılarsa,
- Erməni təxribatlarına rəvac verərsə
və Azərbaycanın maraqlarına zidd başqa addımlar atarsa, anlaşma avtomatik qüvvədən düşəcək.

Rusiya hərbçiləri münaqişə zonasında nəzarətsiz və ya BMT ilə ATƏT-in effektsiz və taqətsiz nəzarəti (Ukrayna və Gürcüstan təcrübələri) altında olmayacaq.

Bəyanatın 5-ci bəndinə əsasən, "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Sülhməramlı mərkəzdə Türkiyə də təmsil olunacaq. Kimsə iddia bilməz ki, qardaş ölkə regiondakı maraqları naminə rusların oyunlarına barmaqarası baxa bilər.

Rusiya Donbasda, Abxaziyada, Cənubi Osetiyada separatçl bölgələri qapadıb axmaq-axmaq işlər görürdü (silahlandırır, yerli əhaliyə Rusiya vətəndaşlığı verir, separatçılara "dövlət" qurur və s.). Amma Rusiya indi çətin ki, "qapatma" işini bacarsın. Qarabağa nəzarət edə biləcək qəlb - Şuşa Qalası bizdədir, təmas xətləri də ətrafda deyil, içəridədir. Bəyanatda dronlarla havadan nəzarəti qadağan edən bənd yoxdur. Hər bir halda, rus hərbi kontingentinin hərbçiləri arxalarında Ordumuzun nəfəsini hiss edəcəklər.

Və yaxud Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq qadağandır. Qarabağ erməniləri seçim etməlidirlər, Ermənistan vətəndaşlığını seçirlərsə, marş İrəvana!

Azərbaycan öz bölgəsində, hər hansı geosiyasi konyunktura və sülhməramlıya rəğmən, suveren haqlarının bərpasından əl çəkməyəcək. Məhz bu qəti mövqe və istək bizi 27 sentyabra gətirib çıxarmışdı. Sonrakı 44 gündə böyük zəfər qazandıq. Canımızı-qanımızı bica yerə vermədik ki, kimsə təzyiqlərlə, tələlərlə gəlib ermənini ipdən alsın və öz hərbi-siyasi oyunlarını qursun.

Anlaşmanın gizli qarantı Türkiyədir. Rusiya həlləm-qəlləm edərsə, Türkiyənin Azərbaycanda, məsələn, Füzulidə hərbi baza yerləşdirməsi qaçılmaz olar. Ali Baş Komandan "BBC News”a müsahibədə açıq bəyan etmişdi:

"Uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik ".

İndiki situasiya 2008-ci ilin rus-gürcü savaşındakı kimi deyil ki, Şimali Qafqaz Hərbi Dairəsinin tanklarını Tiflisin üstünə yürüdəsən və təkbaşına qalmış Gürcüstanın lideri Saakaşvilini qorxudasan.

Beləliklə, biz artıq onların sandığı o Azərbaycan deyilik: 44 gündə çox dəyişdik, iddialarımız varsa, buna uyğun imkanlarımız da var, hərbin dadı, düşməni döyməyin ləzzəti damağımızda qalıb.

SSRİ-nin süqutu Qarabağdan başlamışdı, Kreml imperiya reflekslərindən əl çəkməzsə, regiondan gedişi də Qarabağdan başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı