Modern.az

Suqovuşandan daha böyük qələbəyə doğru

8 Oktyabr 2020, 10:28

Vüqar Tofiqli

 

Dağlıq Qarabağ bölgəsinin bizim üçün strateji əhəmiyyət kəsb edən Suqovuşan (Madagiz) kəndi mənfur erməni işğalçılarından azad edildi. Ölkə başçısının öz Twitter səhifəsində paylaşdığı bu qələbə xəbəri hər bir Azərbaycanlı kimi məni də ürəkdən sevindirdi. Ardınca növbəti yeddi kəndin işğal azad edilməsi qələbə əzmimizə daha bir rəng qatmış oldu.
Bəli, 30 ildir hər birimiz belə qələbə xəbərlərinin həsrətiylə yaşayır və gözləyirdik. İnanıram ki, qələbə xəbərləri bundan sonra daha tez-tez eşidəcəyik.
İş elə gətirib ki, mən gənclik illərində Qarabağın əksər yaşayış məntəqələrini gəzmişəm, görmüşəm və təbiətinə ürəkdən vurulmuşam. Həqiqətən Qarabağ torpağı bütün parametrlərinə görə, hətta dünyada seçilən ərazilərdəndir. Əlavə edim ki, qədim tarixi, füsunkar gözəlliyi, zəngin təbii ehtiyatları ilə ilə seçilən doğma Qarabağımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Hər zamanda Qarabağı erməniləşdirmək arzusu onların gözlərində qalıb və qalacaqdır.
Qayıdaq Suqovuşan kəndinə.


***


Keçmiş sovet dövründə məktəblərə qış tədarükü üçün odun bölgüsü ayrılırdı. Hər bir məktəb direktorunun odun payını yay aylarında gətirməsi mütləq vacib hal sayılırdı. Məktəb direktoru olan atamı mən də institut tələbəsi olaraq belə səfərlərdə  müşayiət edirdim. Belə məqamlarla bağlı dəfələrə Ağdərədə (Mardakertdə), Talışda, Madagizdə (Suqovuşanda), Gülüstan kəndində olmaq şansı əldə etmişəm. Kiçik Gülüstan kəndinə gedən yolun üstündə möhtəşəm bir türbənin olması barədə də yazmışdım. Hətta yüksək dağlıq ərazidə və meşəlik zonada yerləşən Gülüstan kəndində bizi tutan meyxoş iy indiyədək burnumdan getməyib. Sonradan ərazidə zoğal arağının çəkdildiyini öyrəndim.
Suqovuşanda mini su elektrik stansiyasının, dəryaçanın, asfalt salınmış və küçələri işıqlandırılmış kəndarası yolların, müasir məktəb binasının və unutduğum digər məqamların hələ o illərdə Azərbaycanın maliyyəsi ilə inşa edildiyini unutmamalıyıq. Ancaq bütün bunlara rəğmən o illərdə yerli ermənilərin Azərbaycan dilində deyil, ancaq rüs dilində danışmağa üstünlük vermələri diqqətimdən yanınmamışdı. Və məni açığı indiyədək düşündürən məqam odur ki, Azərbaycanın bu qədər səxavəti erməni xalqını idarə edənləri niyə çığızından çıxarmış oldu?
Qənaətim odur ki, zatı-kökü olmayan, vaxtında görməyənlər arzuladıqlarını, ancaq layiq olmadıqlarını qəflətən gördükdə duruş gətirə bilməyib cızıqlarından çıxırlar. Bəli, bu həqiqətən belədir.


***


Sonda deməliyəm ki, belə qələbələrdən sonra məhz bu qələbələri özündə əks etdirən əsərlərin yaranacağına inanıram. Və qəti əminəm ki, Ali Baş komandan İlham Əliyevin qətiyyəti, sərrast fikirləri və addımları ilə qələbə bayrağımız Qarabağın mərkəzi meydanı olan Şuşada dalğalanacaq. Bununla da Vətən müharibəmiz başa çatmış olacaqdır. Bundan sonra isə görüləsi işlərimiz də çoxdur. Ancaq ən əsas işimiz ölkə başçısının qızıl hərflərlə yazdığı bu tarixi təhlil edib, nəticə çıxarmaq və onun ətrafında daha da sıx birləşməyimiz olmalıdır.
Beləliklə, Suqovuşandan daha böyük qələbəyə doğru addımlayan mübariz Azərbaycan ordusuna yalnız uğurlar arzulayırıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu