Modern.az

Dövlətə və orduya inamsızlıq yaratmağa hesablanan planlı fəaliyyət

24 Sentyabr 2020, 11:09

Elman Babayev

Cəbhə bölgəsində artan gərginlik fonunda möhkəmlənmiş qənaət bundan ibarətdir ki, müharibə variantında Azərbaycan bütün cəhətləri qiymətləndirdikdə, güclü tərəfdir və bunu təsdiqləmək əzmindədir. Son illər cəbhədə ermənilərə verilən tutarlı cavablar, işğaldan azad olunan ərazilər başqa ehtimala yer qoymur.


Bu gün beynəlxalq hüquq Azərbaycanın yanındadır və ölkəmizin dünyada güclənmiş ciddi siyasi mövqeyi mövcuddur. Azərbaycanda 90-cı illərin əvvəlindəki kimi siyasi xaos şəraiti yoxdur ki, çəbhə bölgəsində hansısa bir uğursuzluğa aparıb cıxarsın. Və yaxud, siyasi xaos şəraitində, yeni döyüşlərdə hansısa bir rayon ermənilərə verilsin, başqa sözlə, ermənilərin qarşısından geri addım atılsın. İndi Azərbaycanda vahid komandanlıq, güclü, nizam-intizamlı ordu var.


Ən başlıcası, Azərbaycan ordusu istər texniki, istər mənəvi-psixoloji baxımdan yeni müharibədə müvəffəqiyyətlər qazanmağa hazırdır. Odur ki, Azərbaycanı müharibənin başlanacağı təqdirdə inamlı qələbəyə nail olacağına şübhə
yoxdur.  Reallıq budur!


Amma əfsuslar olsun ki, hər bir azərbaycanlıda qürur doğuran belə bir mənzərəni həzm edə bilməyənlər arasında düşmənlə yanaşı, özümüzünkülərə də rast gəlinir. Məhz belə bir həssas dövrdə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları artırdığı, cəbhədə vəziyyətin gərginləşdiyi bir zamanda bəzi müxalifət qüvvələrinin həmişəki kimi anti-Azərbaycan mövqelərindən əl çəkməmələrinə ad tapmaq mümkün deyil. Xalqın orduya inamını sarsıtmaq, Azərbaycanın hərbi imkanlarını gözdən salmaq üçün hər cür iyrənc yollara baş vurulur. Eyni vaxtda xarici mətbuatda Azərbaycanı, mövcud hakimiyyəti ləkələyən yazılar yer alır. Bu təsadüfdürmü? Əlbəttə yox! Bu bir mərkəzdən, anti-Azərbaycan qüvvələri tərəfindən idarə olunan planlı fəaliyyətdir!


Gəlin baxaq; hamının diqqətinin cəbhəyə, inamlı qələbəyə kökləndiyi bir vaxtda həm ölkədəki, həm xaricdəki müxalifətçilərin “vətəndaşların avtomobillərinin qeydiyyatı mülkiyyət hüququnu pozur”, “məmur övladları ölkədən qaçır”, “siyasi məqsədlər üçün Qarabağ kartından istifadə olunur” kimi cəfəng iddiaları ortaya atmalarında hansısa saf məqsədləri ola bilərmi? Hərbi əməliyyatlarda istifadəsi mümkün olan avtomobillərin qeydiyyatı kimi adi bir prosesi bilərəkdən tənqid obyektinə çevirənlər bununla vətəndaşlarda dövlətə, orduya inamsızlıq hissi yaratdıqlarını fərq etməmiş deyillər. Sabah vəziyyət daha da ciddiləşsə, müharibə başlansa, orduya dəstək üçün digər müvafiq prosedurlar həyata keçirilsə, bu cür mövqedə dayananların vura biləcəyi zərəri təsəvvür edirsinizmi?


Diqqət çəkən digər məqam: müxalifət partiyalarının liderləri “hərbi əməliyyatlar zamanı müxalifətçilikdən imtina” tipli bəyanatlar veriblər. Fəqət bu bəyanatların səmimiliyi tam şübhə altına düşür. Əgər müxalifət partiyasının liderinin özündən başqa ətrafı və tərəfdarları tam əks mövqe tutub orduya inamı azaltmaq üçün dəridən-qabıqdan çıxırsa, bunun adı riyakarlıqdır.  Belə çıxmırmı ki, sözdə bir, əməldə isə başqa mövqe tutan müxalifət liderləri sadəcə xalqın təpkisindən çəkinərək özlərini qorumaqla məşğuldurlar? Verdikləri bəyanatda səmimi olsaydılar onların tərəfdarları anti-Azərbaycan mövqe tutardılarmı?


Vurğuladığımız kimi, xaricdə Azərbaycan əleyhinə təbliğat aparan müxalifətçilər də bu iyrənc kampaniyada can-başla iştirak edirlər. Məsələn, onlardan biri cəbhə ilə bağlı aldığı qeyri-dəqiq məlumatları, uydurmaları dərhal ictimailəşdirib nələrinsə guya gizlədildiyi görüntüsü yaratmağa çalışırsa, başqa birisi “...indi pick-up larınızı əlinizdən alırlar, bəlkə indi ayılasınız?!” yazırsa, digəri “...Müdafiə nazirliyinin qeyri-peşəkar hazırladığı Qurgen Alaverdiyan oyunu ifşa olundu...Əsirin üzərində heç bir silah olmamasına baxmayaraq Müdafiə Nazirliyi bir gün sonra adamın üzərindən bir orduya yetəcək qədər silah - sursat çıxarmışdı. Qurgen kamera önünə çıxarılaraq DTX-nin öncədən hazırladığı ssenarini kamera önündə oynamışdı” kimi status paylaşırsa, bütövlükdə xalq arasında Azərbaycan rəhbərliyinə, onun ordusuna qarşı nifrət yaratmaq niyyəti güdürlər. Məğlubiyyətçi əhval-ruhiyyə formalaşdırmaq, ordunu gözdən salmaq istiqamətində qurulan çirkin təbliğat kimlərin marağına hesablanıb?


Cavab birdir: Azərbaycan əleyhinə olan düşmən qüvvələrin! Heç olmasa, bu dönəmdə susmaq olmazdımı? Söz Vətəndirsə bütün başqa niyyətlərdən bir müddət vaz keçmək bu qədərmi çətindir?


Əhalidə orduya qarşı inamsızlığa nail olmaq məqsədilə hər cür yalanları dövriyyəyə buraxanların bir qisminin mövqeyi isə I dünya müharibəsi zamanı bolşeviklərin tutduğu mövqedən elə də fərqlənmir. Lenin “İnqilabçı sinif heç zaman öz hökumətinin müharibədə qalib gəlməsini istəyə bilməz” deyirdi.  Gəlin müxalifətçi facebook istifadəçilərinin şərhlərinə baxaq: “Müharibə olsa, mən bu hakimiyyətlə müharibəyə gedən deyiləm”, “Torpaqlarımızı qaytarmaq deyil övladlarımızı qırdırmaqdı bunların niyyəti..”, “… Bu rejimlə müharibə etmək düz gəlmir” və s. Əslində belə əqidə daşıyıcılarından Vətənə bağlılıq gözləmək də əbəsdir. Hakimiyyət hərisliyi gözlərini tutan bu tip adamlar cəbhədə qazanıla biləcək qələbəni arzulamamaq həddinə belə çatıblar. Və bunu apardıqları təbliğatla açıq şəkildə büruzə verirlər.

 

Başqa bir istiqamət: könüllülər arasında məmur övladı məsələsi qabardılır və bu da məqsədli şəkildə ortaya atılır. Niyyət heç də hansısa məmuru ifşa etmək deyil, xalqın arasında narazılıq, inamsızlıq toxumu səpməyə nail olmaqdır. Sual olunur: niyə bunu edənlər könüllülər sırasında müxalifət liderlərinin, məsələn, Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin övladlarının olmamasını qabartmırlar? Hardadı onların övladları?

 

Bu məqamı görməzdən gələn, əvəzində guya hansısa məmur oğlunun səfərbərlik söhbəti çıxan kimi ölkədən qaçması barədə qeyri-dəqiq paylaşım edən bəzi ictimai fəallar deyəsən, keçmişlərini unudublar. Belə adamlar hərbi xidmətdən yayınaraq fərari kimi həbsdə olduqlarını xatırlamalı, həbxsananı əsgərlikdən üstün tutmalarını yadlarına salıb, sadəcə susmalıdırlar.

 

Niyyət saf deyil, çirkindir. Niyyət qələbəyə susamış, dövlətin ətrafında birləşmiş, öz ordusuna güvənən xalqın inamını sarsıtmaqdır. 


Bütün bu iyrənc, iyrənc olduğu qədər də anti-Azərbaycan təbliğata baxmayaraq, xalqın orduya inamını sarsıtmaq mümkün olmayacaq. Son aylar Ali Baş Komandanın bir sözü ilə könüllülər sırasına yazılan on minlərlə vətəndaş öz davranışları ilə bu kampaniyaya layiqli cavab verməkdədirlər. Qürur mənbəyimiz olan, dünya çapında 50 ən güclü ordu sırasında yer alan Azərbaycan Ordusu bu gün istənilən an işğal altındakı torpaqları qısa müddətdə azad etmək gücünə sahibdir.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok