Modern.az

Anamın şiləsi

23 Avqust 2020, 23:02

İbrahim Nəbioğlu

Lombardiya İtaliyanın şimal-qərbində, Alp dağları ilə Po çayının arasındakı vadidə yerləşən bölgədir. Paytaxtı Milan olan bu vilayət ölkənin 20 muxtar bölgəsindən biridir. Lombardiya (italyanlar vurğunu "i" hərfinin üzərinə vururlar) İtaliyanın qastronomi mərkəzi olmasa da Milan ən azı Bolonya və Neapol qədər yemək mədəniyyətinin önəmli mərkəzlərindən biridir.

Vilayətin dağlıq bölgələrində ət və Alp dağlarındakı göz yaşı kimi təmiz dağ çaylarının balıq yeməkləri ən populyar olanlarıdır. Lombardiyanın cənubunda isə ən məşhur yemək rizottodur. İtalyanca "Risotto" yazılıb "rizoto" kimi tələffüz edilən bu sözün kökü "düyü" anlamını verən "riso" sözündən gəlir. Dünya mətbəxinin ən önəmli yeməklərindən biri olan rizotto ət, toyuq ya da tərəvəz suyunda bişirilən bir növ bizim bildiyimiz düyü plovudur. Zatən italyanlar düyünü də ancaq rizottoda istifadə edirlər…

1993-cü ildi, Ankaraya yenicə köçmüşdüm. Mərhum anam ilk dəfə yanıma gələcəkdi - harada yaşayıram, nə yeyirəm, nə içirəm deyə bir növ təftiş etmək istəyirdi. Əvvəl düşündüm ki, Çankayadakı "Atakule" adlı qüllənin zirvəsindəki 360 dərəcə dönən restorana aparım onu. Ancaq anamın yüksəklik qorxusunu nəzərə alıb "yerdə" bir restorana getməyə qərar verdim. Şəhərin ən dəbdəbəli səmti sayılan Gaziosmanpaşada yeni italyan restoranı açılmışdı. Yer ayırdıb axşam yeməyinə ora getdik. Anam menyuya baxmadan ən sadə nə varsa ondan gətirmələrini istədi. Garson da heç düşünmədən "Nə hazırladacağımı bilirəm" deyib, on dəqiqə sonra ikimizə də rizotto gətirdi. Anam bir yeməyə baxdı, bir də mənə - "Bu ki mənim bişirdiyim şilədir. Deyərdin evdə bişirərdim, daha bura nəyə gəlirdik ki". Anam Bakıya qayıdanda bütün rəfiqələrinə danışmışdı ki, oğlum Ankarada məni restorana şilə yeməyə aparmışdı…

Rizotto mənim uşaqkən sevmədiyim, zorla yediyim, ancaq sonralar bayıldığım şilənin çox bənzər forması bir yeməkdir. Zamanla bir çox ölkədə rizottonun necə bəhəbəhlə yenildiyini, onun italyan mətbəxinin olmazsa olmazından biri olduğunu gördüm. Güman ki, italyan aşbazları onu şərabda bişirərək "şilə"ni "rizotto"ya çevirmiş, ona fərqli bir dad və məna yükləmişlər. Mən də indiyə kimi hər yerdə zarafatla deyirəm ki, italyanlar ən ləzzətli yeməklərini Qazaxdan götürüblər…

İstanbuldakı "Morini" restoranında bu məkanın sahibləri Yaprak və Başak xanımlarla rizotto yeyərkən içimdən təsviredilməz bir sızıltı keçdi - mənə görə dünyanın ən gözəl yeməklərini bişirən anamı xatırladım. Masamızda oturan kimsə görmədi - rizotto servis ediləndə gözümdən bir damla yaş boşqabımın düz ortasına düşdü..

23 avqust 2019,
İstanbul.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok