Modern.az

Zavallı firon...

9 İyul 2020, 17:56

Elçin Alıoğlu

Müsəlman aləmində Yusif kimi tanınan, əsl adı Yusef, yəni yəhudi dilində mənası "Yahve əlavə edər" olan şəxs. Yaqubla Rəhilin oğlu, Manassiya və Yefremin atası.

Müstəsna, fövqəl gözəlliyi ilə tanınmış bu şəxsə tacir Potifarın arvadı aşiq olmuşdu. Qadın ərəb ədəbiyyatında Züleyxa, yəni "ipək kimi yumşaq, şümal" adı ilə tarixə düşdü.

Yusif, Yuzarsif, İosif - tarixdə belə qaldı Yosef.

İranlı rejissor Fərəculla Salahşurun "Həzrəti Yusif" serialına da yəqin çoxunuz baxıbsınız.

Xatirinizdəki, orada firon 1-ci Ramzes kasıb Yusifin əqlinə heyran qalır, hər səhər istəyir ki, Yusif onun yuxusunu yozsun?

Fironun adi adama olan rəğbətinin səbəbi vardı.

Dilimizdə "Misir" adlanan, ərəbcə "Misr" və ya "Məsr" kəlməsindən törəyən namlı, qədimlərdə əsl adı Ta-Kamet (Qara torpaq) olan ölkənin məşhur fironlarından idi 1-ci Ramzes.

Cəmi iki il, yəni eramızdan əvvəl 1292-1290-cı illərdə ölkəni idarə etmiş 1-ci Ramsesin əsl adı Paramesu idi. Hiksosların əvvəlki paytaxtı Avarisin yaxınığındakı Lularta adlı kiçik qəsəbədə doğulmuş Paramesunun atası dəstə komandiri Setinin oğlu idi. Sedi sərkərdə Haemuasın əmisi oğlu idi. Haemuas isə firon Amonun hərəmindəki qulluqçu Tamuacesin əri, fironun oğlu Kuşun köməkçisi Haeunun dayısı idi.

Üstəlik, Seti əvvəlki firon Horemhebin də sevimli hərbçilərindən idi.
Paramesu yeniyetməlik illərindən orduda, atasının dəstəsində idi.

Sonra o, firon Horemhebin "yelpazədar"ı oldu. Yəni Paramesu fironun taxtının sağında durub hökmdarı yelpazə ilə yellərdi.

Firon Horemhebin arvadı, zavallı Mutnocemetin bəxti gətirmirdi. O, yalnız ölü uşaq doğurdu və bu səbəbdən fironun varisi yoxdu.
Naçar qalan firon çox güvəndiyi və inandığı Paramesunu özünə varis təyin etdi.

Paramesu da taxta firon 1-ci Ramses ("Ra Mses", yəni "Ra kimi") kimi çıxdı və 19-cu firon sülaləsinin əsasını qoydu.

Lakin onun hakimiyyətinin qanunlaşması üçün Parameus mütləq şəkildə damarlarında firon qanı axan qızla evlənməliydi. Belə qızsa yoxdu.

Özünü itirməyən Paramesu əyanlardan birinin qızı olan 17 yaşlı Tia ilə evləndi və arvadını "Sit Ra", yəni "Ra tanrısının qızı" elan etdi.

Eyni zamanda o, bəyan etdi ki, əvvəlki fironun yelpazədarı olduğu üçün Tanrılrın ruhunu firona verərək onun həyat gücünü tanrılara çatdırıb.

Tanrının qızı ilə evlənmiş, üstəlik də Tanrılara həyat gücü vermiş firona Ta-Kametdə, yəni Misirdə kim nə deyə bilərdi ki? Heç kim və heç nə.

Taxta oturan kimi o, savaşlara, istilalara başladı. Ehram tikdirmək istəyirdi özünə. Bütün fironlar kimi.

Amma əvvəlcə Buhendə, sonra Karnakda, Abidosda, Memfisdə, Heliopolda, Medamudda məbədləri təmir etdirdi.

Arzusu özünə möhtəşəm ehram inşa etdirməkdi.

Alınmadı, fironluğu cəmi iki il çəkdi.

Oğlu 1-ci Seti Ramses atasının xatirəsinə Abidosda sadəcə, kiçik məbəd inşa etdirdi.

1-ci Ramsesin mumiyası indi Misirdəki Luksor şəhərində, muzeydə, 18-ci firon sülaləsinin banisi 1-ci Yahmosun mumiyasının yanındadır.

Hərbçi, yelpazədar, sonda firon olmuş Paramesu tarixə, sadəcə, Yusiflə bağlı rəvayətə görə düşdü. Dünyada milyonlarla insan onu məhz "Yusifə yuxularını yozdurmuş firon" kimi tanıyır.

Vur-tut iki il taxtda olmuş fironun nə ehramı qaldı, nə abidəsi, nə də adını daşıyan şəhəri.

Əsrlər və qərinələr keçəcək, firon saraylarında zəif hökmdarı səciyyələndirmək üçün "Ramsesdir elə bil" deyəcəkdilər.

Hə, bir də sarayda yelpazədarlara verilmiş bütün imtiyazlar ləğv ediləcəkdi və onlar kölələrə bərabər tutulacaqdılar.

Yelpazədarın bir də firon olmasına imkan verməmək üçün.

Qədim Misirin ən zavallı fironlarından biridir 1-ci Ramses...

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!