Modern.az

Məsuliyyətsizliyimizin bədəli...

19 İyun 2020, 10:01

Elman Babayev

Son bir neçə həftənin koronavirus statistikası diktə edirdi ki, hökumət infeksiyanın yayılmasının qarşısının alınması üçün yenidən daha sərt tədbirlərə əl atsın. Gözlənildiyi kimi, bu həftənin bazar günündən etibarən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Bununla yanaşı, Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması ilə bağlı qərar qəbul olunub. Bu indiki məqamda ən doğru qərardır. Əslində bunun əksi olan qərar təəccüblə qarşılana bilərdi.


Hökumətin xüsusi karantin rejiminin yumşaldılmasından sonra yenidən sərt tədbirlərə əl ata biləcəyinin mümkünlüyü əslində əvvəlcədən anons edilmişdi. Vurğulanmışdı ki, mövcud qaydalara əməl olunmasa (tibbi maska taxılmasa, fiziki məsafə saxlanılmasa və s.), nəticədə statistika mənfi istiqamətdə dəyişsə, yenidən sərt məhdudlaşdırma tədbirləri həyata keçiriləcək. Təəssüf ki, məsuliyyətsiz davranışlar, yeri gəldi-gəlmədi küçələrə çıxmaq, tövsiyələrə əməl etməmək, bəzi insanlarımızda hələ də infeksiyanın olmaması barədə şaiyələrə ağlasığmaz inam bu arzuolunmaz variantı doğrultdu. Azərbaycanda həm yoluxanların sayı, həm də ölənlərin sayı artmağa başlayıb və hər mənada məsuliyyətsizliyimizin bədəlinin ödəməyə başlamışıq...


Artımın olmasına rəğmən digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yenə də qorxunc deyil. Ölkəmizin ilk günlərdən pandemiya ilə mübarizədə atdığı addımlar onunla nəticələnmişdi ki, infeksiyaya yoluxanların günlük statistikası 30-70 arası dəyişirdi, infeksiyadan dünyasını dəyişənlərin sayı da az idi. İndi statistikanın nisbətən artdığı şəraitdə də Azərbaycanda vəziyyət nəzarətdən çıxmış sayıla bilməz. Hökumət pandemiya ilə mübarizədə bütün zəruri addımları atır və vəziyyətə tam nəzarət edir. Qısa müddətdə yeni modul tipli xəstəxanalar istifadəyə verilib; tibbi maska istehsal edən müəssisə fəaliyyətə başlayıb; infeksiyaya yoluxan şəxslərin müalicəsi ən yüksək səviyyədə aparılır; karantində olan vətəndaşların saxlanılması üçün hər cür şəraiti olan yerlər ayrılıb; pandemiyadan zərər çəkən sahələrə yardım olunub; iqtisadi sahədə daha ciddi itkilərin qarşısı önlənib; sərt karantin dönəmində əməkhaqqlarının ödənilməsi təmin edilib; aztəminatlı əhalinin sosial müdafiəsi diqqətdə saxlanılıb və s. Eyni zamanda, Azərbaycan 29 ölkəyə humanitar yardım göstərib. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aylardır ki, bütün hökumət bu işlər üçün səfərbər olunub. Əsas hədəf isə insanların koronavirusdan qorunması seçilib.


Azərbaycan fərqli yol da tuta bilərdi. Hökumət dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi fonunda sərt karantin tədbirlərinə getməyə, bununla da iqtisadi artımın əngəllənməsinin qarşısını ala bilərdi. Ancaq insanların sağlamlığı və təhlükəsizliyi ön planda saxlanıldı.


Sonrakı mərhələdə infeksiyaya yoluxma ilə bağlı nəticələrin müsbət olması nəzərə alınaraq məhdudiyyət tədbirləri yumşaldıldı və həyatımızın müxtəlif sahələrinin fəaliyyəti bərpa olundu, eyni zamanda, pandemiya ilə mübarizə davam etdirildi və balanslaşdırılmış yanaşma ortaya qoyuldu. Fəqət insanlarımızın qaydalara uymayan davranışları statistikada artıma gətirib çıxarmaqdadır. Əslində bu tendensiya son günlər bir sıra başqa ölkələrdə də müşahidə olunmaqda, statistika artmaqdadır. Ola bilsin ki, hansısa ölkə hazırda yenidən sərtləşmə tədbirlərinə əl atmır. Və ya hansısa mərhələdə fərqli yol seçmək qərarındadır. Amma Azərbaycanın öz yolu var.


Bu yol Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyidir. Əgər hökumət iqtisadi sahədə itkiləri göz önünə alıb yenidən sərt tədbirlərə əl atırsa, bu, sırf insanlarımızın qorunması üçün edilir. Hökumət indiki yumşaldılma tədbirlərini saxlaya, ancaq iqtisadi itkilərin bərpası ilə məşğul ola, insanları infeksiya ilə baş-başa buraxa bilərdi. Ancaq sevindirici haldır ki, buna gedilmir. Bunu anlamalı, soyuqqanlı və anlaşıqlı davranışımızla hökumətin atdığı addımlara yardımçı olmalıyıq. Yox, əgər qaydaları pozmağa, vəzifəsini icra edən polislə qaçdı-tutdu oynamağa, tibbi maskanı cənəmizin altına taxmağa və ya cibimizdə gəzdirməyə, karantin qaydalarını pozub rayona getmək üçün dəridən-qabıqdan çıxmağa davam edəcəyiksə nəticə ürəkaçan olmayacaq.


Dərk etməliyik ki, infeksiyanın qarşısını almağın başqa yolu, metodu mövcud deyil, çünki bu xəstəlyin peyvəndi tapılmayıb. Bunun yeganə çıxış yolu qaydalara əməl etmək, məhdudlaşdırıcı tədbirlərə uyğun davranmaqdır. Təəssüf ki, hələ də bunun əksini edirik. Nəticə isə odur ki, artıq hər birimiz tanıdığımız, yoldaşlıq eydiyimiz insanların infeksiyaya yoluxma xəbərlərinin şahidi oluruq. Vəziyyəti müsbətə dəyişəməyin ən sadə yolu qaydalara əməl etməkdir. Hökumət bizi qorumaq üçün hər bir addımı atırsa, vəzifəsini layiqincə yerinə yetirirsə, hər birimiz səbrli olmalı, məsuliyyətli davranmalı, infeksiyanın yayılmasında rol almamalı, cəmiyyətimizin bu bəladan xilas olmasına töhfə verməliyik.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü