Modern.az

OPEC-MOPEK, KORONA-MORONA

10 Mart 2020, 21:23

İbrahim Nəbioğlu

Bu axşam evə qayıdanda beynim dincəlsin deyə OPEC-mopek, korona-morona xəbərlərini bir kənara qoyub Prokofyevdən yazı yazmağı planlayırdım. Ancaq nə telefonlarım susur, nə də twitter imkan verir. Epidemiya pandemiyaya keçdi deyə əlim-qolum yanıma düşəcəkdi ki, xəbərin fake olduğu ortaya çıxdı. Ancaq...

Evə gələrkən bütün yolboyu Dünyanın necə də bərbad idarə olunduğunu düşündüm. Lokal konfliktlərə görə "həftə səkkiz" toplanan BMT Koronavirusa qarşı iclas çağırmır, G-20 ölkələri ekstern olaraq yığılıb lider dövlətlərin başçılarını məşvərətə çağırıb ortaq hərəkət proqramı hazırlamırlar. Dəhşətli virusla mübarizəni nə qədər nəhəng və güclü olsa da tək Çindən gözləmək nə dərəcədə doğrudur?

BMT və ÜST (WHO) kimi təşkilatların nəhayət ki, bir dərdə dava olmasını görmək istəyir ölkələr. Qərb mətbuatında isə Donald Trampa qarşı narazılıq dalğası yüksəlməkdədir. "Apreldə havalar isinəndə virus da öləcək" kimi sərsəm və boş bir sözlə hamını ümidləndirdi. Lakin ciddi insanlar prezidentin bu qeyri-ciddi sözünü ciddiyə almadılar - çoxuna məlumdur ki, Tramp bu dəqiqə nəfəs alanda da noyabrdakı seçkiləri düşünür. OPEC həngaməsi, neftin qiymətinin tarixi düşüşü də elə seçkiyə indekslidir - seçici benzinin ucuzladığını görsün və neft şirkətlərinin konsolidasiya olunmasını prezidentin uğuru kimi qəbul etsin.

Durum isə nəzarətdən çıxmaq üzrədir, "Ayna"ya yazdığım son məqalədə qeyd etdiyim kimi mütərəqqi Dünyanın 70 il əvvəl Hitlerə qarşı birləşdiyi kimi bu gün də bu xəstəliyə qarşı birləşməsi və bərabər səy göstərməsi mütləqdir. Eynşteyn kimi bir dahinin ortaya çıxıb Ağ evə müraciət etməli və "Manhetten Layihəsi" kimi nəhəng bir Təşkilat yaradılmalıdır.

Bu günlər tez-tez yadıma Kassandra mifi düşür - "Kassandra gələcəyi görməyə başlayır, amma kimsə onun kəhanətlərinə inanmır"..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok