Modern.az

Zabitin intiharı

17 Noyabr 2019, 12:49

Firuz Mustafa


(Olmuş hadisə)

Əvvəlcə istədim bu mövzuda bir bədii yazı, məsələn, hekayə və ya povest yazım. Sonra nədənsə fikrimdən daşındım. İndi həmin əhvalatı olduğu kimi, bədii təxəyyülə varmadan, necə olubsa elə o cür, həm də çox qısa şəkildə qələmə alıram.

Mənim qəhrəmanım real adamdır. Ailəvi tanışlığımız vardı. Ortaboylu, sifəti tunc kimi sərt, əzələli, azdanışan, fiziki və lap elə iradi cəhətdən də güclü bir oğlandı. Sovet dönəmində hərbi qulluğu Rusiyada başa vurmuşdu. Sonralar o zamankı Pedaqoji İnstitutun hərbi fakültəsini bitirmişdi. Bir müddət işsiz qalsa da ruhdan düşməmişdi. Tikintidə adi fəhlə kimi çalışıb, özü demiş “başını saxlayırdı”. Arabir mənim yanıma gəlirdi. Mütaliə sevən idi. Yeni çıxan kitablarımı oxuyb fikir söyləməyi də vardı.

Sonralar hərbi hissələrdən birinə işə düzəldi. Ön cəbhədə idi. Ürəkli, cəsur, qorxmaz, qayğıkeş bir zabit kimi həmkarları və əsgərlər tərəfindən sevilirdi.

Bir gün qardaşı ilə iş yerimə, EA-ya, yanıma gəldi. Utana-utana dedi ki, “müəllim, yaxınlarda toyum olacaq”. O, mənə dəvətnamə, mənsə ona xeyir-dua verdim. Və söz verdim ki, toyunda iştirak edəcəyəm. Zarafatla əlavə etdim:

- Mamedov, bilirsən ki, mən toylarda oynamıram. Amma əmin ol ki, sənin toyunda oynayacam…

Ertəsi gün eşitdim ki, mənim gənc dostum Mamedov, yəni Məmmədov soyadlı zabit intihar edib, öz alnına öz tapançasından atəş açıb. Səbəb…

Sən demə, toya bir gün qalmış nişanlısı başqa bir oğlana qoşulub qaçıbmış.

Heç bilmirəm bu intiharın əsgər şərəfi ilə bir əlaqəsi varmı?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok