Modern.az

Dərbəndin daşı

28 Sentyabr 2019, 11:33

Fazil Mustafa

“Bu dünya Dərbənd qalası,
Nə yolu, nə yol ağası...”

Dərbənd yolçuluğunda Ramiz Rövşənin bu şeirinin şüuraltında təkrarlanması gözlənilən idi. Çünki illərdir ən ali milli dəyərimiz olan Dədə Qorqudun məzar yeri kimi təxəyülümüzdə canlanan Dərbəndin daş divarlarının üzərindən milli kimliyimizin məkanını ədəbiyyatımızda, xəyallarımızda yaşatmışıq. Bu dəfə isə mən Dərbəndi Narın-Qalanın giriş qapısının həndəvərində şirin çörək parçası satan uşaqlarla tanıtmaq istədim.

“Bu bulkadan alın” deyə yalvaran bu uşaqlarla həmsöhbət olandan sonra nadir sənət nümunəsi sayıla biləcək Narın-Qala da, Dəmir Qapı Dərbənd də bir qədər arxa planda qalmağa başladı mənim üçün. Məhərrəm ayına təsadüf edən qısa səfərimiz zamanı Narın-Qalaya qalxan yolun üzərindəki bəzi evlərin damından asılan qara bayraqlardan burada Azərbaycan türklərinin məskunlaşdığı anlaşılırdı. Burada tanış olduğum tabasaran xalqına mənsub insanların da dilimizdə rahat danışdığına görə dərhal uşaqlardan milli mənsubiyyətlərini sordum. İkisi də “Azərbaycanlıyıq!” dedilər.

Danışıqları tam aydın, uşaqlara məxsus şıltaqlıqla ticarət terminologiyasından da çevik istifadə edərək illərdir burada əlüstü yemək üçün bir şeylər satmağa vərdiş etdikləri dərhal sezilirdi. Ənənəvi olaraq məktəbə gedib-getmədiklərini soruşdum. Söylədilər ki, məktəbə gedirlər, ancaq rusca oxuyurlar. “Bəs ana dilində necə, oxuyub-yazma bilirsinizmi?”. Başlarını buladılar.

Anlaşıldı ki, ana dilimizdə dərslər keçirilmir. Bundan öncə də qarşılaşdığım azərbaycanlılarla bu mövzuda bilgilər almağa çalışdım. Anlatdılar ki, Sovet dövründə 5-ci sinifə qədər Azərbaycan dilində ana dili dərsini tədris edirdilər, 1998-ci ildən bu yana artıq Azərbaycandan buraya dərslik də gəlmir. Əlbəttə, anlaşılandır ki, buradakı azərbaycanlılar Rusiya vətəndaşlarıdır və bu ölkənin qanunlarına uyğun da davranmalıdırlar. Ancaq Dağıstanda yaşayan xalqların təhsillə bağlı istənilən təşəbbüsünə hökumət ciddi yanaşır və dəstək verməyə çalışır. Bir xalq ki, təhsil almağın dəyərini anlayacaq qədər inkişaf etməyəndə, təşəbbüs göstərməyəndə, tələb etməyəndə, kimin nə vecinə ki, burada modern qafalı insan yetişməsinə yol açılsın. Ən maraqlısı da odur ki, Dağıstanın bütün məzhəblərində, təriqətlərində fəal olan azərbaycanlılar var, özlərinin ibadət etdiyi məscidlər var, ancaq hökumətdən məktəb tələb edən, ana dilində dərs keçilməsini istəyən bir icmadan danışmaq mümkün deyil. Bir erməni, bir yəhudi başqa bir etnik və ya dini çoxluğun içində yaşamağa məhkum olanda, ilk gördüyü iş məktəb və ibadət yeri açmaq olur. Onlarda sinaqoq və yaxud kilsənin özü də bir çox hallarda təhsil məkanı kimi çalışır. İstanbulda son iyirmi ildə Ermənistandan köç etmiş erməni uşaqlarının dünyəvi təhsilini də məhz kilsə gerçəkləşdirir. İranda erməni məktəbləri ən yüksək səviyyədə təhsil verir. Tam əminliklə söyləyirəm ki, əgər azərbaycanlılar kütləvi şəkildə İran hökumətindən ana dilində təhsil tələb etsəydilər, təşəbbüslərini artırsaydılar, durum bugünkü qədər acınacaqlı olmazdı, onu əldə etməyi bacarardılar. Din, təriqət, məzhəb təəssübkeşlyində başqa xalqlarda daha çox aşırılığa gedən bir xalq nədənsə heç yerdə təhsil üçün fədakarlıq etmir. Biz də də Sovet mirası olaraq təhsil vərdişi yayğınlaşsa da, təhsilə münasibətimizin bir xalq olaraq hələ də ciddi olduğunu düşünmürəm.

İndi Dərbənd deyəndə sərhədlərimizdən kənarda qalan bir qürbət fenomenini xəyalında canlandıran insanların ilk sorusu bu olur ki, bizim Vətənimizin bir parçası olan Dərbənddə Narın-Qalanı, İslam sahabələrinin məzarlarını gördünmü? İnanın ki, görmədim. Dərbənddə bu iki uşağı gördüm sadəcə. Gözəl Azərbaycan türkcəsini danışan, fəqət ana dilində təhsil ala bilməyəcək və nə öz dilində, nə də rus, ingilis dillərində kitab oxuya bilməyəcək, məscidlərdə namazın vaxtından başqa digər zəruri vaxtı-modern dünyanın vaxtını anlamayacaq iki uşaq.
Dərbənd qayıtmayacaq, qaytarilmayacaq Vətən parçasıdır. Çünki bu iki uşaq da onun qayıtması, qaytarılması üçün yetişməyəcək.

Damların üzərindən asılmış qara bayraqları süzərək Narın-Qaladan aralanıram. Dərbənddən yaddaşımda qalan bu iki uşaqdır. Daşın dəyəri başın dəyərindən öncə gəlməz. Dərbəndin daşı gözəl idi...

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok