Modern.az

Adsız park, təzadlı fikirlər və dahi Xan Şuşinski

6 Sentyabr 2019, 17:55

Vüqar Tofiqli    


Cari ilin üç iyul tarixində “Adsız parkın baxımsız vəziyyəti” adlı məqaləni Belediyye.info saytında dərc etmişdim. Və ilk dəfə idi ki, yazdığım məqaləni səkkiz iyul tarixində rəsmi məktubla həm Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizova və Nəsimi RİH başçısı Asif Əsgərova yazıda qaldırılan məsələlərə münasibət bildirmək  üçün göndərdim. Açığı etiraf edim ki, məqsədim müvafiq icra orqanlarının vətəndaş cəmiyyətinin təmsilçisinin müraciətinə həm də reaksiyasını öyrənmək idi. 

Bir həftə ərzində əlaqə saxladığım BŞİH-nin təsərrüfat şöbəsinin əməkdaşı məktubla tanış olduqlarını və müvafiq olaraq cavablandırılması üçün Nəsimi RİH-ə, Mənzil Kommunal Təsərrüfat Departamentinə,  “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsinə,  Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanlandığını bildirdi.

Beləliklə, təxminən iki aya yaxın bir müddət ərzində adıçəkilən qurumlardan yalnız Yaşıllaşdırma Təsərrüfatı Birliyi istisna olmaqla  cavab məktubları aldım.

Məktubların məzmununa keçməmiş bildirim ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsindən cavabın e-mailə elektron formada  göndərilməsi məni bir qədər həm də təəccübləndirdi. Yəni bu təcrübə həqiqətən paylaşılası bir addım hesab edilə bilər.


***


Məktubların məzmununun təhlilinə keçməmiş bir daha real vəziyyətə toxunmaq istərdim.

Demək, yazıdan ötən iki aya yaxın bir müddət ərzində parkda Mənzil Kommunal Təsərrüfat  Departamentinin  sədri Rəfail Mehrəliyevin iştirakıyla toplantı keçirilmişdir. Bu fikirləri bizimlə telefon söhbətində Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman  Məmmədov bildirib. Daha sonra parkda təmizlik işləri aparılmış, giriş hissədə sağ tərəfdə olan oturacaqlar səliqə səhmana salınmış və həmin hissədə cücərmiş ağac zoğları kökündən döğranmış,  girişdə sağ tərəfdə az bir hissədə qopmuş  hissələr suvaqla örtülmüşdür (təxminən ikimetrlik hissədə). Bundan başqa ağacların suvarılmasında intensivlik artırılmışdır. Bu gün parkın təmizliyi diqqət mərkəzində saxlanılır. Bu son iki ay ərzində parkda həyata keçirilən işlərin qısa xülasəsi idi. Digər problemlərlə yanaşı parkın işıqlandırma sistemi isə bərpa edilməmiş qalmışdır.


***


Deməliyəm ki, məktublardakı müəyyən təzadlı məqamlar diqqətimdən yayınmadı. Qeyd edim ki,  göndərilən məktublarla yanaşı Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman  Məmmədovla iki dəfə telefon əlaqəsi yaradıb, onunda fikirlərini öyrəndim.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsinin rəhbəri Təyyar Abdullayevin imzasıyla göndərilən məktubda qeyd edilir:

“Sizin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız məktubunuz müəssisəmiz tərəfindən yoxlanıldı və müəyyən edildi ki, qeyd olunan ünvanlarda işıqlandırma sistemi yoxdur. Onuda qeyd etmək istəyirik ki,  “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsinin işıq driəkləri quraşdırmır, ancaq müəssisəmizin balansında olan işıq nöqtələrini istismar edir.”

Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini Rüfət Abdullayevin imzaladığı məktubda isə qeyd edilir:

“Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov və Nəcəf  bəy Vəzirov küçələrinin əhatəsində yerləşən parkın vəziyyəti və həmin parka ad verilıməsi barədə Bakı Şəhər İcra Hakimiyyətindən Departamentə daxil olmuş məktubunuza  baxılmışdır.

Bildiririk ki, Nəsimi rayonu Rəşid Behbudov və Nəcəf  bəy Vəzirov küçələrinin əhatəsində yerləşən park (yaşıllıq sahəsi və işıqlandırma sistemi istisna olmaqla) Bakı şəhəri Fəvvarələr İstimarı idarəsinin balansındadır və həmin əraziyə aidiyyəti qurumlar tərəfindən xidmət göstərilir. Qeyd edilən ərazinin yolun kənarında yaşıllıq sahəsi olduğunu  və belə yaşıllıq sahələrinin Bakı şəhəri ərazisində çoxluğunu nəzərə alaraq həmin sahəyə park kimi ad verilməsi məqsəduyğun hesab edilmir.”

Daha bir məktub isə Nəsimi RİH təsərrüfat şöbəsinin müdiri İsgəndər Səfərovun imzasıyla göndərilib. Məktubda deyilir:

“Sizin BŞİH-yə müraciətiniz əsasında Nəsimi rayonu R. Behbudov küçəsiylə Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkın vəziyyəti  və həmin parka ad verilməsi barədə Nəsimi RİH-ə daxil olmuş məktubunuza baxılmışdır.

Araşdırma və 52 saylı MKİS-in 82 saylı 09.08.2019-cu il tarixli arayışına əsasən bildiririk ki, R.Behbudov küçəsiylə N.B Vəzirov küçəsinin əhatəsində yerləşən park rayon icra hakimiyyəti tərəfindən salınmış və Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentininin 130 saylı 30.12. 2013-cü il tarixli sərəncamına əsasən orada yerləşən şəlalə kompleksi, qurğu və avadanlıqlar departamentin struktur bölməsi olan Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinə, işıqlandırma sistemi isə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsinin balansına və xidmət dairəsinə verilmiş, yaşıllıqların qorunması isə  Yaşıllaşdırma Təsərrüfatı Birliyi  tərəfindən nəzarətdə saxlanılır.

Bildiririk ki, sözügedən parkda iməcilik aparılmış, oturacaqların üzərində, pilləkənlərdə və yuxarı körpüdə yolunda əsaslı təmir işləri aparılmış, körpü yolunda şüşə dayaqlı məhəccər qoyulmuşdur. Rarkın təmziliyinə MKİS tərəfindən mütəmadi olaraq nəzarət olunur. Xahiş edirik nəzərə alasanız.” 

Bu aldığım  cavablardır.


****


İndisə təhlilə keçək. Birincisi ilk olaraq diqqətimi çəkən təzadlı məqamlara toxunmaq istərdim.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi qeyd olunan ünvanlarda işıqlandırma sisteminin olmadığını,  daha sonra müəssisənin işıq dirəkləri quraşdırmadığını, ancaq müəssisənin balansında olan işıq nöqtələrini istismar etdiyini qeyd edir.

Ancaq 30.12.2013-cü tarixdə BŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin 130 saylı sərəncamına əsasən parkın işıqlandırma sistemi məhz bu idarəyə verilib. Və nəzərə alaq ki, ərazidə işıqlandırma xəttləri və elektrik ayrıc şəbəkəsi giriş divarında görünməyən yerdə quraşdırılıb. Ərazidən yüksək gərginlikli xəttin keçməsini bildirən lövhə də vurulmuşdur. Parkdakı hərəkət istiqamətlərində kiçik yerüstü işıqlar və yaşıllıq zolaqlarında gücləndirici işıqlar quraşdırılmışdır. Bununla yanaşı ilk illərdə fəvvarələrin  işləməsi üçün quraşdırılan 24 su mühərriki yəqinki hava ilə yox, elektriklə işləmişdir. Və bu enerjini isə hansısa bir sturktur təmin edib. Bu gün bir çox hissələrdə elektrik xəttlərinin açıq təhlükə törədən biləcək şəkildə olması və  əraziyə müəssisə tərəfindən hər hansı səbəbdən xidmətin göstərilməməsi təəssüf doğurur.

Belə çıxır ki, müəssisənin parkdakı vəziyyətdən ya xəbərləri yoxdur, ya da məsələyə barmaqarası baxıblar.

İkinci məqam isə parkdakı fəvvarələrlə bağlıdır.

Həm BŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin, həmdə Nəsimi RİH məktubunda 130 saylı sərəncamla parkdakı hər iki fəvvarənin Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinə  verildiyi qeyd edilir. Lakin idarənin müdiri Qəhrəman Məmmədov telefon danışığında  nədənsə bu faktı qəbul etmədi. İsrarla rəsmi şəkildə “yox yalnız sözlə idarəyə” verildiyini dedi. İki nəhəng fəvvarənin sözlə bir strukturdan digərinin balansına necə verildiyini açığı məndə başa düşmədim və bu məsələyə bir qədər diqqətlə yanaşmağı, yenidən araşdırmağı xahiş etsəmdə idarə müdiri öz sözündə qalası oldu: “Parkdakı iki fəvvarə rəsmən bizim balansa verilməyib”.

Onuda əlavə edim ki, hər iki fəvvarə komleksi bu gün  yararsız vəziyyətdədir. Sökülüb dağılmış bəzi hissələri isə oğurlanmışdır.

Üçüncü məqam Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini Rüfət Abdullayevin məktubundakı sonuncu fikirlə bağlıdır, yəni “Qeyd edilən ərazinin yolun kənarında yaşıllıq sahəsi olduğunu  və belə yaşıllıq sahələrinin Bakı şəhəri ərazisində çoxluğunu nəzərə alaraq həmin sahəyə park kimi ad verilməsi məqsəduyğun hesab edilmir.”  Belə başa düşmək olar ki, uzun illərdir bu sahədə çalışan  hörmətli Rüfət Abdullayev bu parkda ümumiyyətlə olmayıb. Və ordakı vəziyyətlə sədri Rafail Mehrəliyev kimi tanış olmayıb. Parkda olsaydı yəqin ordakı vəziyyətlə tanış olardı və  vaxtı ilə necə gözəl bir parkın salındığını, ərazidə mərmər lövhəni qoyulduğunu,  ərazinin park kimi əsas tələblərə cavab verən atrubutlara sahib olduğunu görmüş olardı. Təəssüf edirəm ki, belə edilməyib, bu barədə departament rəsmisinə məruzə edənlərdə məsələyə qeyri-ciddi yanaşıblar.

Dördüncü məqam isə Nəsimi RİH- lə bağldır. Yəni sözügedən parkda həqiqətən  iməcilik aparılmış, oturacaqların üzərində, pilləkənlərdə və yuxarı körpü yolunda əsaslı yox, yülgülvarı  təmir işləri aparılmış, körpü yolunda şüşə dayaqlı məhəccər qoyulması isə həqiqəti əks etdirmir. Yəni 52 saylı MKİS-in arayışında bir qədər şişirtmələrə yol verildiyi açıq aydın görünür. MKİS-in elə bir maliyyəsi bu gün yoxdur ki, kifayət qədər bahalı olan və təxminən 15 metrə yaxın qiymətli bir məhəccəri quraşdırsın. O məhəccərlər orda artıq park təmir edilərkən quraşdırlmışdır. Düşünürəm ki, belə diqqətsizliyə hər halda  yol vermək olmazdı.

Beşinci diqqətimizi çəkən məqam isə, parkın yuxarı hissəsində Xan Şuşiski küçəsinə yaxın hissə də fəaliyyət göstərən restoranla bağlıdır. Belə ki, ilk olaraq ictimai iaşə obyektinin adı “Koza” hansı anlamı verdiyi başa düşülən deyil, ikincisi isə restoran sahiblərinlərin parkın bir hissəsini “ağac hasara” alması da təəssüf hissi doğurur.

“Ağac hasar” son illərdə açıq etiraf edək ki, bəzi park və xiyabanlarda rast gəlinən təcrübədir.  Yəqin kü, müvafiq icra orqanının “göz yumması” nəticəsində bu proses həyata keçirilir. Burada isə “ağac hasar” heç parkın görkəminə uyuşmur. Kənardan da baxanda  hələki elə bir görkəm vermir. Hər  halda istəyimiz odur ki, atılan hər bir addım  kənardan baxanda zövq oxşamalıdır.

Beləliklə, 2009-cu ildə istifadəyə verilən park 2013-cü ilədək  Nəsimi RİH-n MKTB-nin balansında olması şübhəsizdir. Demək bu müddət ərzində də birlik tərəfindən xidmət göstərilib. 2013-cü ilin sonuncu iş günü  bu parkın digər bir struktura verilməsi yəqin ki, hansısa çətinliklə bağlı olub.

***


Sonda onu da qeyd edim ki, hər halda bu parka ad verilməsi bizə məktub göndərən qurumların səlahiyyətində olmadığını bizdə gözəl bilirik. Sözsüz ki, bizim məqsədimiz paytaxtımızı ilk olaraq təmiz və abad görməkdir.  Bu gün bu da bir həqiqətdir ki,  Azərbaycanın paytaxtı Bakı şəhəri turizm və beynəlxalq səviyyəli idman  oyunlarının  mərkəzinə çevrilib. Fikrimcə,  belə olan halda şəhərin mərkəzində problemli parkın olmaması üçün ilk növbədə Nəsimi RİH daha təşəbbüskar olmalıdır.  

Qeyd etməliyəm ki, Ulu Öndər Heydər Əliyev  tərəfindən salınan, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı şəkildə təmir edilən parkda bu gün yaranmış narahat vəziyyətin aradan qaldırılması elədə ciddi maliyyə vəsaiti tələb etmir.

Qarşıdan korifey sənətkarımız  Xan Şuşinskinin  100 illiyi gəlir. Parka bitişik küçənin dahi sənətkarın adını daşıdığından parkın elə onun adına verilməsi  və hətta onun şərəfinə oradaca sənətkarın büstünün dövlət tərəfindən qoyulması deyərdim bütün sənət adamlarının  və Azərbaycanı sevən hər kəsin ürəyincə olardı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir