Modern.az

İncə yalan...

6 Sentyabr 2019, 16:31

Elman Babayev

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda minimum pensiyaların məbləğində edilən artımları gözdən salmaq üçün uğursuz cəhd edib. O, sosial şəbəkədə paylaşdığı statusda Moskva dumasının qərarı ilə minimal pensiyanın 19,5 min rubl müəyyən olunduğunu bildirib və vurğulayıb ki, bunu manata çevirəndə 500 manat edir. Bunun Azərbaycanda minimum pensiyadan 2,5 dəfə çox olduğunu deyən İbadoğlu incə bir yalana əl atıb. O, bu müqayisə ilə Azərbaycanın MDB ölkələri arasında öncül olmadığını və TV-lərdə məqsədli şəkildə belə bir yalanın ictimailəşdirildiyinin deyib.

 

Nədir İbadoğlunun incə yalanı?

 

İqtisadçı özü də yazıb ki, Moskva dumasının qərarı ilə. Yəni, bu qərar bütün Rusiyaya aid deyil. Bilməyənlər üçün vurğulayaq ki, Moskva Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəridir və Moskvanın da Rusiya Federasiyasının tərkibinə daxil olan digər subyektlər - respublikalar, diyarlar, vilayətlər, muxtar vilayətlər və muxtar dairələr kimi ayrıca hökuməti, duması var və ayrıca qərarlar qəbul edə bilir.

 

Moskvada ayrıca olaraq belə bir qərara gedilməsi isə alıcılıq qabiliyyəti ilə bağlıdır. Moskva bahalı şəhər olduğundan bu şəhərlə bağlı fərqli yanaşma ortaya qoyulub. Yəqin Qubadoğlu da etiraf edər ki, Moskva ölkə deyil və bu səbəbdən MDB üzvü də deyil.

 

Digər tərəfdən söhbət minimum pensiyanın alıcılıq qabiliyyətindən gedir.


Öncə xatırladaq ki, Azərbaycanda əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Qeyd edək ki, bu cari ildə minimum məbləğdə edilən ikinci artımdır. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.


Sonuncu artımla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.


Bununla da ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində təqribən 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yerləri tutmuş olacaq.

O da mümkündür ki, digər MDB ölkələrində baş verən artımlar Azərbaycanın minimum pensiyanın alıcılıq qabiliyyətinə görə yerinin dəyişməsinə təsir etsin. Amma istənilən halda ölkəmiz ilk yerlərdə qərarlaşacaq. Ancaq o da nəzərə alınmalıdır ki, iqtisadi imkanlar artdıqca qarşıdakı ildə də Azərbaycanda növbəti artımlara gedilməsini istisna etmək olmaz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır