Modern.az

Günahkar kimdir?

26 Aprel 2019, 08:47

Elman Babayev

Xarabalıqları olmayan ölkənin xatirələri, xatirələri olmayan ölkənin isə tarixi ola bilməz.

Dominikan din adamı və Florensiya şəhərinin 1494-1498 illəri arasındakı hökmdarı Cirolamo Savonarolanın bu fikirləri İçərişəhər ətrafında baş verənlər fonunda yenidən ağlıma gəldi. İçərişəhər kimlərinsə gözündə müasir Bakının fonunda xarabalıq kimi görünə bilər. Ancaq bu köhnə şəhər bütün qədim izləri ilə bizim tariximizdi, ən dəyərli sərvətimizdi. Onu göz bəbəyi kimi qorumaq hamının mənəvi borcudur. Ən azından ölkəyə gələn qonaqlara tariximizi göstərmək, millətimizin əsrlərə dayanan xatirələrini əyani şəkildə göstərmək üçün. Çünki Içərişəhər tarixiliyin, qədimliyin sübutudur!..

...Ona görə də cəmiyyətin son günlər İçərişəhər ətrafında baş verənlərə reaksiyası başadüşüləndir və təqdir olunmalıdır.

Ancaq budəfəkı səs-küyün sanki məqsədli şəkildə edildiyi də görünməkdədir. Sanki hər həftə bir mövzu tapıb gündəmə çıxarılır və mütləq şəkildə, yeri gəldi-gəlmədi hakimiyyətə qarşı yönəldilir.

Əslində vəziyyət necədir?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirildiyini açıqlayıb.
Diqqətə çatdırılıb ki, İçərişəhərin qoşa qala qapısı yaxınlığında XVII əsrə aid olan köhnə hamam hazırda restavrasiya edilir. Görülən abadlıq işləri nəticəsində abidənin nəinki dağıdılmış kümbəzləri bərpa edilib, eyni zamanda, uçulmuş hamam əvvəlki vəziyyətinə qaytarılıb. Ərazidə işlərin hələ də davam etməsinə baxmayaraq 300 kvadratmetr ərazini əhatə edən hamamın ümumi görünüşünü görmək mümkündür.
Qeyd olunub ki, hamam klassik formada Abşeron yarımadasında geniş yayılan əhəng daşından tikilib. Bunun nəticəsində tikili qışda isti, yayda isə sərin qalır.
Qoşa qala qapısının yaxınlığında yerləşən qala divarının önündə köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin. Bəzi ittihamların olmasına baxmayaraq burada divara müdaxilə olunmayıb.
Bildirilib ki, əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir.

Qeyd edək ki, abadlıq işləri nəinki adı çəkilən yerlərdə eyni zamanda, son illər ərzində Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi kimi yerlərdə uğurla tamamlanıb.
Eyni zamanda, Qoruq İdarəsi İçərişəhərdəki bir çox yerlərdə abadlıq işləri aparmağı planlaşdırır. 
Bir sözlə, sosial şəbəkələrdə yer alan görüntülərin hazlrda aparılan işlərə aid olmadığı bildirilib.

Cəmiyyətin istədiyi də elə budur. Lakin təkzibə və əyani görüntülərə baxmayaraq ajiotaj davam etdirilir. Yenə deyirəm, həssaslıq anlaşılandır, ancaq olmayan bir məsələyə görə aparılan kampaniya doğru deyil.

İçərişəhər uzaqda yerləşmir və hamımızın gözünün önündədir. Deyilənlərin əksi olsa hamımız görəcəyik. İndiki halda isə fikrimcə, məsələni bitmiş saymaq olar.

Əslində yaranmış vəziyyətə görə günahkar, həm də Qoruq İdarəsinin rəhbərliyidir. Mətbuat üçün bu gün təşkil edilən tur vaxtında, yəni işlərə başlanılanda edilsəydi, ətraflı məlumat verilsəydi indiki durum yaşanmazdı...

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır