Modern.az

Haradandır bu sevda?

28 Fevral 2018, 13:36

Hidayət Elvüsal

 

Kim nə deyir desin, biz beləyik. Bir atımlıq barıtı partladırıq, sonra səssiz-səmirsiz çəkilib giririk yatağımıza, mışıl-mışıl yatırıq.

Bu barədə dəfələrlə danışmışıq. Amma hələ ki, Xocalı yarası tamam qaysaq bağlamayıb, təkrar bəhs edirik. Azərbaycanın, ümumiyyətlə türkün başına gələn faciələrin ən eybəcər ideyaları həm də erməni kilsəsinin məhsuludur. Erməni kilsəsi nifrətin, qanın, dəhşətli işgəncələrin, faşizmin dini qərargahıdır. Bütün terroristlər, məhz kilsədən xeyir-dua alır.

Xatırlayın! Üç Qafqaz respublikalarının yol kəsişməsində bir Dostluq abidəsi vardı. Onu kim partlatdı, yadınızdamı? Cavan bir erməni keşişi, kilsə xadimi. Elə o gorbagorun özü də partladı, çünki bomba vaxtından qabaq işə düşmüşdür. Bu keşişin, Ermənistandakı, yaxud Gürcüstandakı kilsələrin hansında qulluq etdiyini söyləmək çətindir.

İşğal olunmuş Şuşanı yada salın. Erməni kilsəsi hər yandan keşişləri oraya toplayıb. Gürcüstandan da nümayəndələr var (Gürcüstanın adını tez-tez çəkməyimi biləcəksiniz). Onlar bayquş kimi ağız-ağıza verib, erməni işğalçılarını öyür, işğal etdikləri Azərbaycan torpağını murdarlayırlar.

Erməni kilsəsinin təhriki ilə “dənizdən-dənizə” sərsəmliyinə başlayan ermənilər xalqımızın başına olmazın müsibətlərini gətirdilər. Gümrüdə körpə uşaqları dəmir boruya doldurub, hər iki tərəfini qaynaqla qapatdılar. Körpələr boğulub öldü.

Qaradağlıda, Boğanis-Ayrımda, Ağdabanda qocaları, qadınları, körpələri vəhşicəsinə öldürüb, çoxlarını diri-diri yandırdılar. Nəhayət Xocalı…

Dərs olmadı! Dünyada misli görünməmiş işgəncələr törətdilər. Kilsə yanlarında idi. Keşişlər işğalçılara dua edirdilər. Qadınlar, qızlar öldürülür, təcavüzə məruz qalır, ananın gözü önündə balasının başı kəsilirdi. Bunu özləri də etiraf edir, bütün dünyaya bildirirlər.

Bax, burada dayan! İndi cavab istəyirik - Azərbaycan xalqına qarşı törədilən bu amansızlıqların, təcavüzlərin, alçaqların müqabilində niyə erməni kilsələrinə yardım edirik? Bu sevgi, bu məhəbbət, bu eşq, bu vurğunluq… haradandır?

Hə!!! Gürcüstandakı erməni kilsələrini deyirəm. Pulsuz-parasız (lap elə pulla olsa belə!!!) verdiyimiz mavi yanacaq nəyin mükafatıdır?! Yox! Mən şovinist deyiləm! Sadə erməni ilə işim-gücüm yoxdur. Mən Azərbaycan xalqına, türk dünyasına qarşı ən eybəcər fəaliyyətdə olan erməni kilsəsini deyirəm. Bir deyil, iki deyil, üç deyil, dörd deyil, beş deyil…

Və bu kilsələrə gedən borulara “sasok” qoyub, evlərinə pulsuz Azərbaycan qazı çəkən şovinist, düşmən erməniləri deyirəm. Niyə bunu edirsiniz?!

Heç kəs nağıl danışmasın. Biz o nağılları çooox… eşitmişik. “Sadə erməni xalqı”, “günahsız insanlar”, “bədbəxt haylar”…

Ay kişi!

Mən sadə xalqdan danışmıram! Erməni kilsəsindən danışıram. Türk dünyasına qarşı amansız bir şəkildə mübarizə aparan, terrorçu hazırlayan, Qarabağda ölən işğalçı ermənilərə dualar oxunan kilsələrindən.

Onlara göstərdiyiniz qayğı nəyin müqabilindədir?! Bu nə sevgidir ki, ruhunuzu tərk eləmir?

Və nəhayət - siz kimsiniz?!! İki-üç gün öncə Xocalı faciəsinin ildönümü idi. Televiziya ekranlarında təkrar-təkrar nələr görmədik. Siz də baxırdınız? Baxırdınızsa, nə anladınız?!
 

P.S. Yazını bitirib televizoru açdım. Əlbəttə, yavaş-yavaş şou-proqram seli kükrəməyə başlayırdı. Titrdə “Unudulmamaq üçün nə etmək lazımdır?” yazısı keçirdi. Unudulmamağı bilmirəm, amma unutmamağı bilirəm. Unutmamaq üçün ən azı vətəndaş olmaq lazımdır!

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı