Modern.az

Quyuya atılan “Yusif” dramının analogiyası

3 Aprel 2017, 16:13

Vəfa Allahverdiyeva


Ötən həftənin olay səviyyəsində diqqətçəkici mövzusu mərhum jurnalist Osman Mirzəyevin mətbuatdakı  məhşur qızları Sevinc və Lalə arasında doğmalıq əlaqələrinin zədələnməsi olsa da, məsələ heç də sensasiya və təəccüb təsirinə malik deyildi.

Çünki buna qədər ictimai-siyasi fəaliyyətin məzmunu  ucbatından ailə mənafeyinə dəyən zərbənin pis nümunəsi Zərdüşt və Araz əlizadələr, Sərdar və Qurban cəlaloğlular, Günel Mövlud və anası, eləcə də daha neçə-neçə əziz cütlüklərin küsülülüyü, aralarındakı insident timsalında cəmiyyətə təqdim olunub, ictimai rəydə bir alışqanlıq yaradıb.   

İnsanlara istədiyini düşünmək ixtiyarı verən özgürlük idealı və demokratik təfəkkür  sərhədsiz azad fikrin doğmalar arasında ixtilafa, ixtilafdan nifrətə keçəcəyini nəzərdə tutmayıb. Demokratiyanın gözəlliyi onunla ölçülür  ki, əks düşüncələr daim bir-biri ilə savaşsın, amma sonda yanaşı yürüyə bilsin. 

İki qardaş, yaxud, iki bacının- hansının əqidəsinin sabit və millətə, dövlətə faydalı olduğunu, kimin quyuya atılan, yolu dürüst  Yusif, kimin əzazil, qısqanc, fitnə içindəki qardaş, bacı, övlad, ana olduğunu da izahlamaq çətindir;

Siyasət həqiqəti elə bir pərdəyə bükür ki, arxasındakını görməyə hamının bəsirəti yetmir.

Hərə öz arqumenti ilə düşüncəsinə sahib çıxır və haqlılığını qoruyub saxlamağa çalışır. 

İctimai status daşımaq birinin mədhiyyəçi, digərinin tənqidçiliyinin niqab altında, anonim qalmasını əngəlləyir. Hamının tərəfi aşkardır.

Doğmalıq hissi siyasi, ictimai baxışların qan, gen əlaqəsinə vurduğu zərbənin önünə keçə bilmir. Siyasətin ailə-məişət müstəvisində verdiyi nəticələr də məlumdur.

Qardaşla qardaşın, bacı ilə bacının, ana ilə qızın bir-birindən uzaqlaşma həddinə çatması tam açıq müstəviyə gəlib çıxır.

Bəs kim, nə məcbur edir ki, siyasi təmayül, kəskin mövqe ucbatından şəxsi münasibətlərdəki soyuqluq bütün çaları ilə ictimailəşsin...

Ailə sirr istəyən, müdafiə və mühafizə tələb edən anlayış deyilmi?!     

Bu, əsla kənardan ssenariləşmir, diqtə olunmur. Kiminsə “repertuar”ındakı ağır, biçimsiz ifadələr, kiminsə müxalifət, kiminsə iqtidarameyilli olması ailə fərdlərindən digərinin yolunu kəsmir, təhdid etmir, onun planlarına mane olmur axı.

Mən qardaşımla, mən bacımla fikir üzərindən bir savaş içərisindəyəm-xəttini elanlamaq mənasız cəhddən başqa, sahibinə nə qazandıra bilər ki...

Hakimiyyətdə yüksək mövqeyə çəkilənin qudası illərdir, müxalifətçiliyini türmədən belə davam etdirir.

Birinin övladı dini təriqətlərə qarşı mübarizənin ruhuna zidd şəkildə təhlükəli işlərin arxasınca gedir, amma bunun bədəlini heç kəs kreslo ardındakı ataya ödətmir.        

Siyasi mövqe müxtəlifliyi, çarpazlaşan ictimai baxışlar, ayrı-ayrı cinahlara sığınmaq qarşılıqlı rəftarı qəliz nöqtəyə gətirib çıxarsa da, ailəiçi, nəsillərarası ziddiyyətlərdə problemin kökü təkcə qütbləşməyə, birinin liberal, digərinin radikal üslubuna bağlanmır.

Bir ailəni konfliktli situasiyaya salmaq siyasətin nə belə bir roludur, nə də belə bir ixtiyarı var.

Siyasətdə barışmaz opponentə çevrilmək olar, amma ətlə dırnağın arasına girən səbəbi tamamən siyasətin üzərinə yıxmaq olmaz.

Qardaş, bacı münasibətləri siyasi mövqenin tam üstündə və siyasi istiqamətlərdən önəmli səciyyəyə malikdir.  

Savaşan bu radikallıq və liberallıq üzərində qərar tutan şəxsi mənafelərdir ki,  insanları bir-birindən təcrid edir; radikal öz addımlarında əzizlərinin həyat məsuliyyətini unudur, liberalsa qorxu, utanmaq keyfiyyəti üzərindən subyektivcəsinə hərəkətə keçib, qarşıya çıxa biləcək problemlərdən öz ailəsini sığortalamağa çalışır.

Bu, əziz adamının yerinə üzr istəmək halında, xoş təəssürat, nifrət tonlu açıqlama vəziyyətində isə kədərli mənzərə yaradır.   

Radikal radikallğına əqidə kimi sarılır, liberal həyatını rahat rels üzərinə çıxarmağa çalışır. Savaşı başladan nöqtə daha çox burada öz boyunu göstərir.   

Bəzən bir ağır kəlmə bir nəslə problem yaradırmış kimi görünür. Sanki bir xəstəlikdən qorxurmuşsan kimi, düşüncəsi təhlukəlidən gen gəzməyə başlayırsan.

Lakin bu, 37-ci il təfəkkürüdür və üzərində qorxu, həyəcan daşınmayan indiki ictimai mühitdə bacıdan, qardaşdan imtina hərəkətinin yuxarılar, cəmiyyət üçün heç bir mənası yoxdur; özünü gözdən salmaqdan başqa heç kimsəyə zərər verə bilməz. Əksinə, səbəbkarların özlərini ictimai qınaq faktı ilə baş-başa buraxır.

Tam günah daşıyıcısı siyasət də deyil.  Siyasət qısqanclıq, soyuqluq, inciklik ucbatından bir-birindən qopmağa hazırlaşan doğmaların ipini açıq-aşkar kəsən bir bəhanəyə çevrilir, bəzən.

Nə imtina, nə küsülülük, nə nifrət doğru taktikadır. Burda heç bir islah yoxdur.

Mahiyyətində siyasət olub- olmaması bir kənara qalsın, qardaşın qardaşla savaşı, bacının bacıdan imtinası, əslində məlum “Yusif” dramının bir analogiyasıdır. 

Yusif qardaşlarını əfv etdi. Siyasətdəki qardaş və bacılar da bir gün bir-birlərini mütləq əfv edəcəklər.

Qardaşa dönüklük, düşmənçilik, onu əzmək, aşağılamaq əxlaqı isə cəmiyyətin şüurunda illərdir, pis örnək kimi xatırlanmaqda davam edir və edəcək...  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok