Rusiya Vankuverdə keçirilmiş qış Olimpiya oyunlarında məğlubiyyətin acısını həzm edə bilmir. Modern.az Rusiya mətbutına istinadən xəbər verir ki, prezident Dmitri Medvedev bu gün olimpiya komandasını yarışlara hazırlayan məmurları, prezidentin təbirincə desək, kişi kimi istefa verməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya yığma komandasını Olimpiya oyunlarına hazırlayan məmurlar istefa verməlidir. “Məsuliyyətli şəxslər cəsarətli qərar qəbul etməli və istefa ərizəsi yazmalıdır. Əgər bunu edə bilmirlərsə, biz onlara kömək edə bilərik”,-deyə prezident bildirib. O, qeyd edib ki, idmana nəhəng pullar ayrılır, lakin Vankuver göstərdi ki, pullar hər şeyi həll etmir. “Başda federasıya yox, idmançı özü olmalıdır”-deyən Medvedev federasiya rəhbərlərini yağlı pişiyə bənzədib. Medvedev idmançıların olimpiya oyunlarına hazırlaşdırılması işinin təkmilləşdirilməsini tələb edib. Bununla belə, Medvedev oyunlarda qalib gəlmiş idmançıları şəxsən təbrik edəcəyini vəd edib.