“İctimai nəqliyyatda kart sisteminin quraşdırılması üçün aprel ayı hələki tezdir”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. Onun sözlərinə görə, avtobuslarda kart sistemi may-iyun aylarında tətbiq olunacaq. “Avtobuslarda kart sisteminin quraşdırılması işləri gedir və hər şey ona yönəlib ki, may-iyun ayında avtobuslarda kart sistemi tətbiq olunsun”.
N. Həsənov bildirib ki, 2015-ci ilə qədər Nəqliyyat Nazirliyinin də planları var. Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini nəzərə alan nazirlik yeni taksi və avtobuslar gətirəcək. “2015-ci ilə qədər 2000 taksi və 1200-ə yaxın avtobusun gətirilməsi planlaşdırılır. Bu il 300-dən çox avtobus gətirilib və hamısı marşrut xətləri üzrə xəttə buraxılıb”.
Anar Kəlbiyev