Modern.az

Fazil Məmmədov necə XATIRLANACAQ…

Fazil Məmmədov necə XATIRLANACAQ…

İqtisadiyyat

8 Noyabr 2022, 14:16

Azərbaycanda vəzifədən çıxarılandan sonra dünyasını dəyişən eks-məmurlardan çox az qismi özünə rəhmət oxutdura bilib.

Bir neçə gün öncə (noyabrın-3-də) vəfat edən keçmiş vergilər naziri Fazil Məmmədova da cəmiyyətdə birmənalı münasibət yox idi. Yəqin ki, noyabrın 5-də Bakının Yasamal qəbiristanlığında torpağa tapşırılan eks-nazirlə bağlı sosial şəbəkələrdəki müzakirələrdən çoxlarının xəbəri var. 

Uzun illər yüksək vəzifələrdə çalışan mərhum Fazil Məmmədovun xüsusilə vergilər naziri postunda korrupsiyaya bulaşdığı heç kimdə şübhə doğurmurdu. İri və orta biznes adamları, ticarət obyektləri işlədənlər əvvəllər vergi müfəttişlərinin onlara necə qan uddurduğunu daha yaxşı xatırlayırlar. Həmin “müfəttişlər”ə meydanı isə Fazil Məmmədov vermişdi.

F.Məmmədovun nazir fəaliyyəti dövründə külli miqdarda vəsaiti büdcədən yayındırdığı barədə dəfələrlə xəbərlər yayılmışdı. Onun qeyri-rəsmi olaraq onlarla böyük şirkətlərə sahib olduğu da iddialar sırasında idi.

O, sahibkarların ən çox şikayətləndiyi məmurlar sırasına daxil olduğundan, ölkə rəhbərliyi F.Məmmədovu  vəzifədən kənarlaşdırmışdı…
 

Maraqlıdır, 17 il nazir vəzifəsində çalışmış Fazil Məmmədov necə xatırlanacaq?
 

Modern.az saytı bu sualla iqtisadiyyat sahəsindən yazan jurnalistlərə müraciət edib.

Təəssüf ki, bəzi həmkarlarımız bu barədə danışmaq istəməyiblər. Yalnız üç nəfər sabiq nazirlə bağlı fikirlərini  bölüşüb.


Redaktor Namiq Hüseynov deyib ki, Fazil Məmmədovun dövrü həm müsbət, həm də mənfi məqamlarla yadda qalıb:
 

“Fazil Məmmədov Azərbaycanın ilk vergilər naziri olub və bu vəzifədə nə az, nə çox 17 il fəaliyyət göstərib. Müsbət məqamlardan vergi orqanlarının fəaliyyətinin avtomatlaşdırılmasını, vergi ödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılmasını göstərmək olar. Əvvəllər Azərbaycanda sahibkarlar gəlirləri və xərcləri barədə hesabatları kağız daşıyıcılarda verirdi, bunun üçün saatlarla vergi idarələrinin önündə növbədə dayanırdı. Bu problem İKT-nın imkanlarından istifadə edilməklə həll olundu, iş adamlarının rahatlığı təmin edildi. F.Məmmədovun vaxtında həm də “Çağrı mərkəzi”, “Bir pəncərə” kimi yeniliklərin əsası qoyuldu”.


Həmkarımız bildirib ki, mənfi məqamlardan biri isə sahibkarlardan qeyri-rəsmi ödənişlər tələb edilməsi idi:
 

“Nazirlik büdcə öhdəliyini yerinə yetirmək üçün bəzən iş adamlarını qazanmadıqları pulun vergisini verməyə, yəni bəribaşdan vergi ödəməyə məcbur edirdi. Nazirə və onun komandasına yaxın şəxslərə müəyyən imtiyazlar, güzəştlər tanınırdı, iş adamları “özümüzünki” və “özgə” kimi kateqoriyalara bölünmüşdü. Yəni, bu cür xoşagəlməz hallar da var idi”.


Jurnalist İlkin Əhməd eks-nazirlə bağlı fikirlərini belə ifadə edib:
 

“Heç vaxt unutmaram, bir dəfə Fazil Məmmədov ilə rastlaşdım. Həmin ərəfədə vergi qanunvericiliyinə dəyişiklik müzakirə olunurdu. Ayaqüstü müsahibəyə razılıq verdi. Bəzi cavablarda dəqiqləşdirmələr tələb etmişdim və Fazil Məmmədov cavablarını konkret rəqəmlərlə əsaslandırmışdı. Halbuki, o rəqəmlər gündəmdə belə deyildi. Növbətçi rəqəmləri yadda saxlasaydı, təəccüblənməzdim. Qısası, Fazil Məmmədov, sözün hər mənasında, işin içində idi. Fazil Məmmədovun dönəmində olan mətbuat xidməti ilə sıx əməkdaşlıq etmişəm. Həmin kadrlar bu gün də iş başındadı. Keçmiş nazir mətbuatdan uzaq dursa da, mətbuat xidmətinə qəti tapşırığı var idi ki, medianı razı sala bilsinlər. Fazil Məmmədovun ağır xəstə olduğunu hamımız bilirdik. Yaxınlarına səbr diləyirəm”,-deyə İlkin Əhməd bildirib.


Jurnalist Razi Abasbəyli deyib ki, Fazil Məmmədov iqtisadiyyatı ən incə detallarına qədər bilən bir mütəxəssis idi:


“Vergi sistemində çox ciddi islahatların həyata keçirilməsi məhz onun təşəbbüsləri ilə olub. Elektron kassa sisteminin qurulması, vergi uçotunun aparılmasına dair Dünya Bankı ilə əməkdaşlıq nəticəsində fərdi yanaşma prinsiplərinin tətbiqi də məhz Fazil Məmmədovun nazir olduğu dövrdə həyata keçirilib. Tədiyyə balansı üzrə hesabatların hazırlanması, təhtəlhesablar üzrə, eyni zamanda xəzinədarlıq hesablaşmaları ilə bağlı bir sıra mühim islahatların aparılması da məhz Fazil Məmmədovun nazir olduğu dönəmlərə təsadüf edir. Hazırda mövcud vergi sistemindəki müəyyən uğurların müəllifi Fazil Məmmədovdur. Bu baxımdan da onun 17 illik nazir olduğu dönəmi xarakterizə etsək, o zaman bir neçə ay üçün tam olaraq faydalı nazir işləyən şəxs kimi xarakterizə etmək olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi