Bu gün Bişkekdə Qırğızıstan patlamentinin böyük salonunda Azərbaycan səfirliyinin təşkilatçılığı, Qırğızıstan hökumətinin və parlamentinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Konfrans keçirilib.
Modern.az xəbər verir ki, konfrans Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun yüksək peşəkarlığı, zəhməti və məsuliyyəti sayəsində olduqca yüksək səviyyədə təşkil olunub.
Konfransda qardaş ölkənin hökumət və parlament nümayəndələri, xarici ölkələrin səfirləri, elm xadimləri iştirak edib.
Konfransı giriş sözü ilə açan Qırğızıstan Parlamentinin vitse-spikeri Nurbek Sadıkaliyev Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan danışmış, onun Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsi sahəsində xidmətlərini qeyd edib.
Konfransın moderatoru səfirimiz Lətif Qəndilov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və türk dünyası qarşısında tarixi xidmətlərini qeyd edib.
Sonra Qırğızıstanın dövlət katibi S. Kasmambetov prezident Sadır Japarovun təbrik məktubunu oxuyub. Konfransda çıxış edən Qırğızıstanın baş nazirinin müavini Bakıt Torobaev, Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev, Təhlükəsizlik Şurasının Katibi Marat İmankulov, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İsgəndər Matraimov Ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, SSRİ dönəmində gördüyü işlərdən danışmış, bu böyük dövlət xadiminin Qırğızıstana və türk dünyasına verdiyi tovhələri qeyd edib.
Konfransda çıxış edən Qırğızıstan Joqorku Keneşin sabiq sədri, Mədətxan Şerimkulov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, elə bu konfrans gedən salonda onun sədrliyi ilə 1994 cü il 5 may tarixdə imzalanan məşhur "Bişkek protokolu" ilə bağlı maraqlı məqamları yada salıb.
Konfransda Milli Məclisin deputatları Musa Quliyev və Cavanşir Feyziyev də çıxış edib.
"Azərbaycanın böyük oğlu Ulu Öndər Heydər Əliyev şıxsiyyətinə göstərdikləri diqqət və ehtirama görə Qırğızıstan Prezidentinə, parlamentinə, hökumətinə və qardaş qırğız xalqına minnətdarlığımızı bildirdik. Konfransda Ulu Öndərin həyatının müxtəlif dönəmlərini əks etdirən film də nümayiş etdirilib", - Musa Quliyev bildirib.