Modern.az

Sudanlılar ölkədən qaçırlar

Sudanlılar ölkədən qaçırlar

Aktual

26 Aprel 2023, 17:53

Minlərlə sudanlı hərbi əməliyyatlar zonasını tərk edərək təhlükəsiz regionlara keçmək üçün müvəqqəti atəşkəsdən istifadə etməyə çalışır.

 

Sudanda fəaliyyət göstərən humanitar təşkilatlar xarici yardımdan asılı olan ölkədə vəziyyətin gündən-günə ağırlaşdığını bildirir.

 

Sudanın 46 milyonluq əhalisinin üçdə birinin humanitar yardıma ehtiyacı var. Lakin ölkədəki humanitar təşkilatların bir çoxu öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, onlarla xəstəxana isə bağlanıb. BMT-nin qaçqınların işi üzrə agentliyinin məlumatına görə, qonşu ölkələrə sığına biləcək on minlərlə insanı qəbul etmək üçün hazırlıq görülür.

 

Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər davam edən döyüşlər nəticəsində aralarında dinc sakinlərin də olduğu 500-ə yaxın insanın həlak olduğunu, 4 mindən çox insanın isə yaralandığını bildirib.

 

Afrikanın ən böyük üçüncü ölkəsi olan Sudanda böhranın aradan qaldırılması ilə bağlı danışıqlara çağırışlar cavabsız qalır. Diplomatların və xarici vətəndaşların ölkəni tərk etməsi vəziyyətin ağırlaşmasının əlaməti hesab olunur. BMT yaxın günlərdə 270 min sudanlının qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et