Modern.az

Belə videolar insanlarda qorxu və təşviş yaradır - Psixoloq

Belə videolar insanlarda qorxu və təşviş yaradır - Psixoloq

Aktual

3 May 2023, 10:02

Sumqayıtda 7 yaşlı Fərid Bakarovun sambo məşqləri zamanı işgəncələrə məruz qalmasını əks etdirən görüntülər dünəndən bəri müzakirə mövzusu olaraq qalır. Gənc məşqçi Mehman Xəlilovun azyaşlıya qarşı qeyri-insani davranışlarının əks olunduğu video görənləri dəhşətə gətirir.

 

Sosial şəbəkələrdə gündəm olan kadrların yayılmasına münasibət birmənalı deyil. Şiddət kadrlarının ictimailəşməsinin doğru olmadığını düşünən bəzi vətəndaşlarin fikrincə, bu cür videogörüntülər insanlarda psixoloji sarsıntı yaradır, eyni zamanda azyaşlıların idmana qorxu hissi ilə yanaşmasına səbəb olur.

 

Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, BDU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev Modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan video insanlarda qorxu və təşviş yaradıb:

 

“Hesab edirəm ki, sosial şəbəkələrdə yayılmış görüntülər insanlara psixoloji baxımdan travma yaradıcı təsir göstərir. Məşqçinin düşüncəsiz və səriştəsiz hərəkətləri bir ailənin taleyinin sönməsinə səbəb olub. Bu hadisə nəticəsində insanlarda idman zallarına qarşı təşviş və qorxu, həmçinin etimadsızlıq duyğusu yaranıb”.

 

 

Psixoloq belə halların qarşısını almaq üçün valideynlərin övladlarını daha təcrübəli və səriştəli məşqçilərin yanına göndərmələrini məsləhət görüb:

 

“Düşünürəm ki, belə halların baş verməsinin qarşısını almaq üçün valideynlər övladlarını daha təcrübəli və səriştəli məşqçilərin yanına göndərməlidirlər. Məşqçilər idman psixologiyası ilə yanaşı, uşaq psixologiyasını və psixofizioloji dözüm səviyyəsini də bilməlidir. Hesab edirəm ki, əgər bütün bunlara əməl olunsa, bu tipli hadisələrin qarşısı alınacaq”.

 

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov hadisədən sonra saxlanılıb, barəsində həbs qərarı verilib. 

 

Aytac Əsədova

Whatsapp
Bizə yazın!
Keçid et