Modern.az

Bir yanğının tarixçəsi - Heydər Əliyev və odla mübarizə APARANLAR

Bir yanğının tarixçəsi - Heydər Əliyev və odla mübarizə APARANLAR

Aktual

8 May 2023, 12:54

Yarım əsrdən çox müddətdə özünü xalqına,vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev haqlı olaraq ən böyük azərbaycanlı adlandırılır. Heydər Əliyev - bu möhtəşəm və əzəmətli şəxsiyyət  tək dövlət idarəçiliyinin, ordunun, təhsilin, mədəniyyətin, səhiyyənin, sənayenin, kənd təsərrüfatının, şəhər və kəndlərimizin deyil, bütövlükdə  yeni və müasir Azərbaycanın qurucusu kimi tariximizdə əbədiyyət qazanıb.  

İstər 1969-1982-ci illərdə, istərsə də ikinci dəfə müstəqillyimizə qovuşduğumuz  dövrdə Azərbaycanın yanğın təhlükəsizliyi qurumları da ulu öndərimizin qayğısı ilə inkişaf edib, dünya ölkələri arasında şan-şöhrət qazanıb, respublikamızda  yanğın təşlükəsizliyinin təmin olunmasına diqqət artırılıb.

Heydər Əliyevin Azərbaycana birinci  rəhbərlik dövrü,  həm də xalqımızın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəsislərin yetişdirilməsi ilə yadda qalandır. 1970-ci illərdə Azərbaycanın yanğından mühafizə orqanlarının da kadr bazasının möhkəmləndirilməsi, milli kadrlarla təmin edilməsi istiqamətində  təqdirəlayiq işlər görülüb. 1970-ci ilə qədər  SSRİ-nin müxtəlif şəhərlərində   yanğından mühafizə orqanları üçün mütəxəssislər hazırlayan xüsusi məktəblərdə azərbaycanlılar məhdud sayda təhsil alırdılarsa, Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə bu sahədə mənzərə tamamilə dəyişib. Azərbaycanın yanğın təhlükəsizliyi orqanlarında əvvəlki illərdən fərqli olaraq məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə respublikamızın yanğından mühafizə sisteminə milli kadrlar rəhbərlik edib, yerli strukturlarda azərbaycanlılar rəhbər vəzifələrə irəli çəkilib. Bəli, tarixi gerçəklik naminə qeyd olunmalıdır ki, Heydər Əliyevin uzaqgörən siyasəti hələ 20-30 il öncə gələcək müstəqil  Azərbaycan Respublikasının yanğından mühafizə orqanlarının ixtisaslı kadrlarla təmin olunması qayğısına qalıb.

Nefti milli sərvətimiz adlandıran Heydər Əliyev Azərbaycana birinci rəhbərlik dövrünün  ilk illərindən bu mühüm strateji sahənin inkişafı qayğısına qalaraq, həm də həmin illərdə Azərbaycan rəhbəri neft sənayesinin yanğın təhlükəsizliyini də diqqət mərkəzində saxlayıb, bu sahədə baş verən yanğın hadisələrini izləyib,  onların başvermə səbəblərini təhlil edirək yanğınların qarşısının alınması ilə bağlı dəyərli təkliflər verib, əməli köməkliklər göstərirb.

...1971-ci il  yanvarın 4-də  respublikanın rəhbər orqanlarına  “Bahar” yatağında dəhşətli bir yanğın haqda xəbər verilib. Hadisə barədə dərhal Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məlumatlandırılıb. Təxminən bir aya yaxın davam edən bu yanğının söndürülməsi gündəlik olaraq Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzarətində olub. 1971-ci ilin fevral ayında Bakı şəhər partiya fəallarının konfransında Heydər Əliyev “Bahar” yatağındakı yanğına ciddi münasibət bildirib:
 

“Yanvarın 4-də yeni perspektivli “Bahar” yatağında böyük yanğın baş vermişdir. Onun söndürülməsinə xeyli vaxt və əmək sərf  olundu. Yanğının baş verməsi səbəbləri barəsində iki mülahizə var: yanğın ya boruların partlaması  nəticəsində, ya da çox güman ki, yatağın işlədilməsində olan nöqsanlar üzündən baş vermişdir. Ancaq hər iki ehtimal bu sahədə qüsurlar olduğunu, əmək və texnologiya intizamına riayət  olunmasına lazımınca əhəmiyyət  verilmədiyini sübut edir. Lakin yanğın baş verdikdə neftçilər və yanğınsöndürənlər odla mübarizədə qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdilər. Ağır şəraitdə, məhz yanğını söndürənlərin hamısının fədakarlığı və ustalığı sayəsində yanğın müvəffəqiyyətlə ləğv edildi. Həmin adamlar işi düzgün təşkil etsəydilər, özlərinin məsuliyyətini lazımınca başa düşsəydilər, yanğına yol verməyə bilərdilər və onlar bu qədər çətinlikləri aradan qaldırmalı olmazdılar”.

Həmin konfransda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yanğınlara, qəza hadisələrinə yol verilməməsi üçün  Bakı şəhəri sənayesində məsuliyyət daşıyan bütün məsul şəxslərə  müraciət edərək onları müəssisələrdə ciddi intizam yaratmağa,  bütün nöqsanların, xüsusən əmək və  texnologiya intizamının pozulmasına gətirib çıxaran səbəblərin  aradan çıxarılmasına nail olmağa çağırıb.

Heydər Əliyevin Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinə yüksək qiymət verən bu tarixi çıxışı həm neftçilərin, həm də yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının yanğın təhlükəsizliyi qaydalarına daima ciddi əməl olunmasını təmin etməyə çağırmaqla bu gün də aktualdır.

1969-cu ildə Azərbaycanın  siyasi hakimiyyətinə gəlişindən sonra neftayırma müəssisələrinin inkişaf və tərəqqisinin əsasını qoyan  Heydər Əliyev  bu sahənin yanğın təhlükəsizliyini də diqqət mərkəzində saxlayıb, bu vacib sahə daim respublika rəhbərinin nəzarətində olub.

1971-ci ilin  oktyabrın 20-də indiki “Azərneftyanacaq” İstehsalat Birliyinin 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın zamanı  Heydər Əliyev də hadisə  yerinə gəlib, ən çətin şəraitdə, ən eksterimal vəziyyətlərdə ən düzgün çıxış yolunu tapmaq, zəruri qüvvələrin müəyyənləşdirilərək problemin həllinə cəlb etmək, təəccüb doğuran yüksək təşkilatçılığı ilə çoxlarının görə bilmədiyi imkanları da səfərbər etmək qabiliyyəti dəhşətli bir yanğın hadisəsinin qarşısının alınmasında yanğınsöndürənlərin köməyinə çatıb.

Bakının ən iri neftayırma müəssisələrinin birində baş vermiş bu yanğının söndürülməsi Azərbaycan yanğınsöndürənlərini ciddi sınağa çəkməklə yanaşı, bu iri miqyaslı və mürəkkəb yanğın hadisəsinin ölkəmizin yanğından mühafizə xidmətinin tarixində özünəməxsus yeri olub. Ən ümdə cəhət kimi  isə onu qeyd etmək lazımdır ki, bu yanğının söndürülməsinə bilavasitə Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin rəhbərlik etməsi, peşəkarcasına dəyərli tövsiyələr verməsi,  respublika hüdudlarından kənar yerlərdə dislokasiya olmuş yanğından mühafizə qurumlarının yanğının söndürülməsinə cəlb olunmasını təmin etməsi, yanğın hadisəsinin ən təhlükəli anında yanğınsöndürənlərlə birgə olması ölkəmizin yanğın təhlükəsizliyi xidmətinin tarixinə ən şanlı səhifələr kimi daxil olub.

Bu yanğın hadisəsi neftayırma sənayesində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını, texnoloji proseslərdə ən cüzi pozuntulara belə yol verilməməsinin zəruriliyini ön plana çəkib. Həm Bakıda, həm Moskvadakı  ittifaq miqyaslı dövlət qurumlarında müzakirə obyekti olan bu yanğın hadisəsi müvafiq orqanlar, müəssisələr qarşısında təxirəsalınmaz vəzifələr qoyub. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev müxtəlif müşavirələrdə dəfələrlə bu hadisəyə münasibətini bildirərək hər bir sahədə, xüsusən də neftayırma sənayesində yanğın təhlükəsizliyi qaydalarına son dərəcə məsuliyyətlə riayət olunmasını vurğulayaraq, bu sahədə proqram xarakterli dəyərli tövsiyələrini verib. Bu yanğın hadiəsindən sonra Heydər Əliyev SSRİ daxili işlər naziri Nikolay Şelokovla danışıqlar apararaq neft emalı müəssisələrinin yanğın təhlükəsizliyini təmin edən yanğın hissələrinin maddi-texniki bazasının gücləndirilməsinə nail olub. Ümummilli liderimizin məqsədyönlu və uzaqgörən siyasəti nəticəsində neft anbarları paytaxtın mərkəzi hissəsindən çıxarılaraq Bakı şəhərinin kənarında - Güzdək qəsəbəsində rezervuar parkı yaradılıb. Burada xaricı dövlətlərin mütəxəsislərinin iştirakı və bilavasitə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yanğın-taktiki təlimlər keçirilib. Azərbaycan yanğınsöndürənlərinin əldə etdiyi  göstəricilərə xarici neft və yanğın mütəxəssisləri tərəfindən yüksək qiymət verilib.

1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində yanğın təhlükəsizliyi xidməti sahəsində Azərbaycan  müttəfiq respublikalar arasında sonuncu yerləri tutub. Təbii ki, vacib bir xidmət sahəsində olan bu vəziyyət   Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevi narahat etməyə bilməzdi. Azərbaycana rəhbərliyinin elə ilk illərindən respublikada yanğın təhlükəsizliyinin vəziyyəti ciddi nəzarətə götürülüb. Bütün sahələrdə yanğın təhlükəsizliyinin qənaətbəxş vəziyyətdə olması üçün ciddi tədbirlər həyata keçirilib. Təsadüfi deyildi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan hökuməti respublikada yanğın təhlükəsizliyinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul edib.

Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ilin mart ayında respublika Nazirlər Sovetinin nəzdində yanğın-texniki komissiyası yaradılıb.  Bu komissiya yanğın təhlükəsizliyi məsələlərinin kompleks həlli sahəsində sənaye müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsində, yanğından mühafizə işinin təşkilinin yaxşılaşdırılmasında, yanğına qarşı texnikanın yeni, daha səmərəli vasitələrinin sənaye müəssisələrinin yanğından mühafizə təcrübəsinə tətbiq olunmasında, yanğın təhlükəsizliyi qaydalarının kütləvi təbliğ olunmasında mühüm rol  oynayıb.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü tariximizə həm də «Qırmızı Bayraq»lı illər kimi daxil olub. Azərbaycanın başı üzərində al bayraqların  dalğalandığı  bu illərdə respublikamızın odlu cəbhə əsgərləri ittifaq miqyaslı nailiyyətlər əldə ediblər. 1980-ci ilin yekunlarına görə Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsi SSRİ-nin müttəfiq respublikaları arasında  keçirilmiş yarışda ikinci, 1981 və 1982-ci illərdə  isə birinci yerə çıxaraq SSRİ Daxili İşlər Nazirliyi və Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin keçici Qırmızı Bayrağına layiq görülüb.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə respublikamızın yanğından mühafizə orqanlarının, onun əməkdaşlarının çətin və şərəfli peşə sahiblərinin xidmətləri daima yüksək qiymətləndirilib.   Gərgin əməkləri daim diqqət mərkəzində olan yanğından mühafizə orqanları əməkdaşları 1969-1982-ci illərdə bir sıra dövlət təltiflərinə layiq görülüblər. Beləki, 1977-ci ildə respublikamızın daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulmuş bir “Lenin” ordeninin məhz Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovniki Məmməd Musa Həmidova verilməsi, uzun illlər yanğın təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işləmiş Şahlar Məmmədquliyevin “Qırmızı Əmək  Bayrağı” ordeninə, digər əməkdaşların SSRİ-nin müxtəlif orden və medallarına layiq görülməsi, 240-dan çox odlu cəbhə əsgərinin “Yanğın zamanı igidliyə görə” medalı ilə təltif olunması, yanğın mütəxəssislərinə “Azərbaycan SSR-nın əməkdar mühəndisi”,  “Azərbaycan SSR-nın əməkdar səmərələşdiricisi” fəxri adların verilməsi,  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilməsi məhz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir

Bütün bunlarla yanaşı 1978-ci ildə yanğın təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsinin, 1982-ci ildə isə neft və qazçıxarma sənayesi dəniz obyektlərinin yanğından mühafizəsini təmin etmək vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsinin Dəniz  dəstəsinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə xidməti vəzifələrini tək doğma vətənimizdə deyil, həm də yaxın və uzaq xaricdə layiqincə yerinə yetirən Azərbaycan yanğınsöndürənlərinin əməyinə verdiyi yüksək qiymətin təzahürü idi.

Heydər Əliyev  Moskvada rəhbər vəzifələr tutduğu illərdə  də ölkəmizdə yanğın təhlükəsizliyinin etibarlı təmin olunmasına qayğısını əsirgəməyib. Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərini yanğın təhlükəsizliyini təmin edən DİN Yanğından Mühafizə İdarəsinin Dəniz Dəstəsinin istismar müddətini bitirmiş yanğın gəmilərinin yeniləri ilə əvəz olunması məsələsi məhz  Heydər Əliyevin SSRİ-nin ali hakimiyyət orqanlarındakı nüfuzu sayəsində həll olunub. Ümummilli liderimizin qayğısı sahəsində Polşada istehsal olunmuş 9 ədəd “Vixr” tipli yanğınsöndürmə gəmisi Azərbaycana gətirilib.

Müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı  yanğın təhlükəsizliyi sistemində də dönüş mərhələsinin, inkişafa doğru irəliləyişin başlanğıcını qoyub. Məhz elə ümummilli liderimizin təhsilimizə qayğıları nəticəsində Azərbaycanın yanğın təhlükəsizliyi xidməti milli kadrların hazırlanması probleminin həllinə nail olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə  DİN-nin Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında “Yanğına qarşı mühafizənin təşkili və texnikası” ixtisası üzrə xüsusi orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbi yaradılıb.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin hüquqi təminatı siyasətinin məntiqi nəticəsi və tərkib hissəsi olaraq ölkəmizin yanğın təhlükəsizliyi xidməti öz fəaliyyətini tənzimləyən hüquqi bazaya malik olub. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1997-ci il tarixli qərarı ilə “Yanğın təhlükəsizliyi haqqında” Qanun qəbul edilib və 1997-ci il 25 iyunda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev  “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  fərman imzalayıb. Beləliklə, müstəqil Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin hüquqi əsasları müəyyən edilib.

Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində gündən-günə möhkəmlənən Azərbaycan-Ukrayna münasibətləri respublikamızın yanğın təhlükəsizliyi orqanları üçün ali təhsilli mütəxəssislərin hazırlanmasına da  şərait yaradıb. Azərbaycanın yanğın təhlükəsizliyi xidməti müəyyən zaman fasiləsindən sonra Xarkovdakı yanğın təhlükəsizliyi mütəxəssisləri hazırlayan nüfuzlu bir tədris müəssisəsi ilə əlaqələri bərpa etməyə nail olub.

1999-cu il avqustun 17-nə keçən gecə Türkiyədə  baş vermiş zəlzələ haqda ölkəmizə məlumat daxil olan kimi Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyevin göstərişi ilə   yanğınsöndürənlər də qardaş ölkəyə kömək məqsədilə zəlzələ zonasına göndəriliblər. Ümummilli liderimiz Heydər Əliyev də bir sıra mötəbər tədbirlərdə dəfələrlə Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki qəhrəmanlığı haqda dəyərli fikirlər söyləyib.

Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə də  ölkəmizin yanğınsöndürənlərinin çətin və şərəfli əməyi ümummilli liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib, yanğın təhlükəsizliyi xidmətinin əməkdaşları prezident fərmanları ilə  dövlət təltiflərinə layiq görülüblər.

Heydər Əliyevin Azərbaycanın yanğın təhlükəsizliyi xidmətinə, onun çoxsaylı əməkdaşlarına olan qayğısı, etimadı və ehtiramı sayəsində 2002-ci il oktyabrın 5-də ümummilli liderimiz tərəfindən imzalanmış sərəncamla  10 oktyabr  Yanğınsöndürənlərinin peşə bayramı günü kimi təsis edilib.

Bu gün yanğın təhlükəsizliyi qurumları Fövqəladə Hallar Nazirliyinin tərkibində yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayaraq yanğın təhlükəsizliyinin təmin olunması, profilatik tədbirlərin keçirilməsi, yanğınların qarşısının alınması, söndürülməsinin təşkili, bununla əlaqədər qəza-xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirməklə sözün həqiqi mənasında insanların təhlükəsiz yaşaması, işləməsi və istirahət etməsi üçün öz vəzifə borclarını layiqincə yerinə yetirirlər.

Hazırda yanğın təhlükəsizliyi qurumları xalq təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, inzibati ərazi vahidlərinin təhlükəsiz fəaliyyətini təmin etmək, yanğınların baş verməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, insanların yanğın kimi dəhşətli hadisədən qorunması, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirinin aradan qaldırılması, maddi və mənəvi sərvətlərin yanğından qorunması istiqamətində fəaliyyətlərini davam etdirərək özlərinin qəhrəmanlıqla zəngin tarixlərinə yeni-yeni şanlı səhifələr yazırlar. Bütün bunlar isə bilavasitə əhalinin yanğın təhlükəsizliyini təmin etməyə daim diqqət və qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirmək, onun işıqlı ideyalarını həyata keçirmək, əməllərini yaşatmaq deməkdir.
 

Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et