Modern.az

Məhkəmə sisteminin gələcəyi onlardan asılıdır - İnam Kərimov

Məhkəmə sisteminin gələcəyi onlardan asılıdır - İnam Kərimov

Aktual

8 May 2023, 16:30

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük Qələbəsindən sonra regionumuzda yeni geosiyasi reallıqlar formalaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə mayın 8-də ADA Universitetində keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda "Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov bildirib. O qeyd edib ki, bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir. Yerli, lokal xarakterli münasibətlər qlobal xarakterli münasibətlərlə əvəzlənir. Qloballaşan dünyamızda yeni hüquq münasibətləri meydana çıxır. Yüksək elmi texnoloji yeniliklər bütün sahələrə öz təsirini göstərir və dünya sürətlə inkişaf edir. Süni intellektin tətbiqi genişlənir.

 

Diqqətə çatdırılıb ki, dövlət xidmətlərində çeviklik həmişə olduğundan da artıq tələb olunur.

 

Elm və texnologiya əsrində məhkəmə sistemi olaraq çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi, bununla da məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir.

 

"Elm və texnologiya əsrində ən dəyərli resurs insan kapitalıdır. Ölkənin ümumi inkişafında olduğu kimi, məhkəmələrin də inkişafında yüksək peşəkarlığa malik kadrların rolu böyükdür. Bu işdə təhsil ocaqlarının üzərinə böyük iş düşür. Ölkəmizdə məhkəmə sisteminin gələcəyi həm də bu günün tələbələri olan gələcək hüquqşünaslardan asılıdır. Ali Məhkəmə də öz növbəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarının hüquq fakültələri ilə sıx əlaqə quraraq, gələcəyin hüquqşünaslarının tədris proqramlarına fəal dəstək verməyə hazırdır”, - deyə Ali Məhkəmənin sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et