Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən işıqlı simalarından biri, xalqımızın minillik arzularının gerçəkləşməsinə vəsilə olan nəhəng dövlət adamı, müasir Azərbaycan dövlətinin qurucusu və xilaskarıdır. Ulu Öndərin 100 illik yubileyinin xalqımız tərəfindən bayram edilməsi, Böyük Azərbaycanlının xatirəsinin, təkcə Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları tərəfindən deyil, bütün Türk Dünyasında əziz tutulması Heydər Əliyevin şəxsiyyətinə, keçdiyi yola, gələcək nəsillərə miras qoyduğu dəyərlərə olan yüksək sevgi və ehtitamın nümunəsidir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Prezident İlham Əliyevin Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müracəitini Azərbaycanın mədəniyyət paytaxtından etməsinin böyük rəmzi məna daşıdığını qeyd edən millət vəkili bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Ulu Öndərin ən böyük arzusu olub: “Cənab Prezidentin vurğuladığı kimi, 30 ilə yaxın zaman kəsiyində işğal altına olan torpaqlarımızın azad edilməsiylə Ulu Öndərin arzuları da çin olub. Çünki o, hər zaman Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək istəyib, ömrünü Azərbaycan xalqının rifahına, Azərbaycanın inkişafına, Vətənimizin işıqlı gələcəyinə həsr edib”.
Azər Kərimli qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib, xalqımızın azad və firavan yaşaması üçün yorulmadan mücadilə aparıb, bu günün qalib Azərbaycanının möhkəm təməllər üzərindən yüksəlməsi, üçrəngli bayrağımızın ən uca zirvələrdə dalğalanması üçün hər cür çətinliklərə sinə gəlib, misli görünməmiş fədakarlıq göstərib”.
Millət vəkili Azərbaycanın müstəqilliyinə gedən yolun vaxtilə Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvandan, Ulu Öndərin müəyyənləşdirdiyi istiqlal yolundan başlandığını bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağının Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılması müstəqil dövlətçiliyimizin bərpası yolunda atılan ilk və böyük cəsarət, iradə tələb edən bir addım idi. Heydər Əliyev öz qətiyyəti və milli mövqeyi ilə SSRİ-nin mərkəzi hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi diskriminasiya siyasətinə qarşı dayanaraq, Azərbaycanın xilası yolunda, qeyri-bərabər bir şəraitdə mücadilə aparırdı. Bu gün Şərqin parlaq ulduzuna çevrilən güclü və qalib Azərbaycan Heydər Əliyevin ideyalarının müstəmləkəçiliyin, ədalətsiliyin üzərində Zəfər çaldığının sübutudur”.