Modern.az

Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir

Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir

Aktual

15 May 2023, 22:45

“Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar edilməsində maraqlıdır. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və tərəflər arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş regionumuzda sülhə doğru atılan növbəti mərhələdir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, mayın 14-də baş tutan görüş Brüssel formatında keçirilən sayca beşinci görüşdür. Bu formatın əsası 2021-ci ilin dekabrında qoyulub. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Proseslər də göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında Ermənistanın iddia etdiyi məsələlərə toxunmur. Görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm müəyyən fasilədən sonra işini bərpa etmək imkanındadır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

 

“Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən də beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Şarl Mişelin mətbuata verdiyi açıqlamadan aydın olur ki, Ermənistan Azərbaycanın 86.600 kvadratkilometr ərazisini tanıyır. Bu da o deməkdir ki, Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha etiraf etmiş olur. Artıq Ermənistan bu məsələdə spekulyasiya edə bilməyəcək.  Eyni zamanda, Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelərin yaxınlaşması da sevindirici məlumatdır”, - deyə Fatma Yıldırım vurğulayıb.

 

Humanitar məsələlərə gəlincə, millət vəkili hesab edir ki, Brüssel görüşündə Naxçıvan istiqamətində yolu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair məsələ də görüşdə diqqət mərkəzində olub. Aİ Şurası Prezidentinin mətbuata açıqlamasında bu məqam da vurğulandı. Eləcə də, itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələrin aparılması da əhəmiyyətli məsələdir.

 

“Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif göndərib. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Avropa İttifaqının sülh sazişi ilə bağlı mövqeyi təqdirəlayiqdir. Beləliklə, Brüssel görüşü Prezident İlham Əliyevin növbəti diplomatik uğuru kimi dəyərləndirilməlidir”, - deyə Fatma Yıldırım vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et