Modern.az

Müstəqillik ən böyük sərvətimizdir

Müstəqillik ən böyük sərvətimizdir

Aktual

28 May 2023, 10:10

Bu gün Azərbaycanın Müstəqillik Günüdür. Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Xalqımız bu tarixi günü qürur və qələbə ab-havasında qeyd edir.

 

Bildiyimiz kimi, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı müəyyən dövrlərdə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı. Belə ki, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları gərginləşdirdiyi məqamda Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

 

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafı istiqamətində önəmli addımlar atıldı.

 

Təəssüflər olsun ki, birinci respublika çox yaşaya bilmədi, süqut etdi, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldı, nəticədə xalqımız azadlığını itirdi. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra – 1991-ci ildə bərpa edə bildi. Əsl müstəqillik həyatımız isə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı.

 

105 illik şərəfli tarix yaşayan Azərbaycan bu gün müstəqil, müzəffər və qüdrətli bir dövlət kimi dünyanın ən nüfuzlu ölkələri sırasında yer alır. Cənubi Qafqazın lider statusunu daşıyan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində şanlı qələbə qazandı. Ali Baş Komandanın “dəmir yumruğu” ətrafında birləşən Vətənin igid oğullarının qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Xalqımız cəmi 44 gün ərzində müstəqillik dövrünün ən böyük Zəfərini qazandı.

 

Müasir Azərbaycan 105 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətdir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır, beynəlxalq imici möhkəmlənir. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir.

 

Ulu Öndərin və Prezident İlham Əliyevin yürütdüyü müdrik, qətiyyətli siyasət sayəsində müstəqilliyimiz əbədi, dönməz xarakter alıb. Bu gün hər birimiz müzəffər ölkənin vətəndaşı olmaqdan qürur duyuruk.

 

Azərbaycan xalqı var olduqca, müstəqilliyimiz əbədi və sarsılmaz olacaq!

 

Tahir Süleymanov

Respublika Ağsaqqallar Şurasının sədr müavini

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır