Modern.az

Moskva və Kiyevə PUA hücumları - Nələr məlumdur...

Moskva və Kiyevə PUA hücumları - Nələr məlumdur...

Dünya

30 May 2023, 11:34

Mayın 30-da səhər tezdən Rusiyanın paytaxtı Moskva şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hücumda 8 PUA-nın iştirak etdiyini bildirib, mətbuatda 10-25 PUA-nın hücum etməsi barədə məlumat yayılıb.

 

Nazirlik iddia edir ki, beş PUA "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, daha üçü isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Açıqlamada hücuma Ukraynanın məsuliyyət daşıdığı iddia edilir. Kiyevdən hücum barədə hələlik açıqlama verilməyib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin RİA Novosti-yə verdiyi məlumata görə, Moskvada bir PUA Profsoyuznaya küçəsindəki evə, digəri isə Yeni Moskvanın Atlasova küçəsindəki 24 mərtəbəli yaşayış binasına dəyib. “Profsoyuznaya”da dron evin yuxarı mərtəbələrinə çırpılıb, binanın fasadı və şüşələri dağılıb. Bəzi binaların sakinləri təxliyə edilib.

 

Moskva meri Sergey Sobyanin bildirib ki, PUA  hücumu nəticəsində şəhərin bir neçə binasına “kiçik ziyan dəyib”. Onun sözlərinə görə, PUA-nın zədələdiyi evlərin sakinlərindən heç biri ciddi xəsarət almayıb. İki nəfər həkimə müraciət edib.

 

“Rosaviatsiya” xəbər verir ki, Moskva və regionun hava limanları normal rejimdə işləyir.

 

Rusiya isə Ukraynanın paytaxtı Kiyev şəhərinə hücumları bu gecə də davam etdirib. Ukrayna rəsmiləri hücumların İran istehsalı "Şahed" pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyini bildirib. Kiyevin hərbi administrasiyasının məlumatına görə, son hücumda yalnız İran dronları iştirak edib və əvvəlki hücumlardan fərqli olaraq raketdən istifadə olunmayıb.

 

Ukrayna rəsmiləri bildiriblər ki, vurulan Rusiya PUA-larının dağıntıları çoxmərtəbəli yaşayış binasına düşüb və yanğın baş verib. Binanın iki yuxarı mərtəbəsi dağılıb. 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı deyilir. Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, dağıntılar altında hələ də insanlar ola bilər.  Ukrayna müdafiə qüvvələri Kiyevə hücumda istifadə edilən 20-dən çox pilotsuz uçan aparatını vurduqlarını açıqlayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok