Modern.az

Naxçıvanskidə kursantların növbəti buraxılışı - FOTOLAR

Naxçıvanskidə kursantların növbəti buraxılışı - FOTOLAR

Aktual

15 İyun 2023, 11:22

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə təntənəli buraxılışına həsr olunan mərasim keçirilib.

 

Modern.az xəbər verir ki, 51-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa etdikdən sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

 

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

 

Qeyd edilib ki, 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan C.Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimiz üçün zabit kadrlarının hazırlanmasında xüsusi rolu var: "Ulu Öndər bu təhsil ocağının yaradılması üçün böyük sınaqlar və təzyiqlərlə qarşılaşmışdı və həyatı boyu da doğma liseyə öz övladı kimi böyük qayğı göstərmişdi. Ümummilli Lider özü də bu təhsil ocağının yaradılmasını yüksək qiymətləndirirdi. O bildirirdi ki, liseyin əsasını qoyanda Azərbaycan xalqının öz milli azadlığını əldə edəcəyinə və müstəqil Azərbaycan dövlətinin yaranacağına əmin idi. Uzaqgörən siyasətçi sizi müstəqil Azərbaycan Ordusuna xidmət edəcək zabitlər kimi görürdü. Bu gün Azərbaycan müstəqildir, dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Sizin xidmət edəcəyiniz Azərbaycan Ordusu da hazırda dünyanın ən güclü ordularından biridir. Siz Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən qurulan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafının ən yüksək nöqtəsində olan Azərbaycan Ordusunda xidmət edəcəksiniz.

 

Son illər Prezident İlham Əliyevin qayğısı və göstərişləri əsasında hərbi liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb, hərbi lisey yenidən qurulub. Burada Azərbaycan Ordusunun ən təcrübəli zabitləri komandirləriniz olduğu kimi, respublikanın ən hazırlıqlı müəllimləri də müxtəlif fənlər üzrə biliklər öyrədiblər. Həmin zabitlər və müəllimlərin zəhməti nəticəsində hərbi liseydə təhsilin səviyyəsi respublika üzrə çox yüksək göstəricilərə malikdir. Şübhə etmirik ki, bu gün buraxılışına toplaşdığımız kursantlar əldə etdikləri yüksək göstəricini gələcək fəaliyyətləri dövründə də göstərəcək və bilikli zabitlər kimi Azərbaycan Ordusunda xidmətlərini davam etdirəcəklər".

 

Liseyin müəllimi Rəna Seyidrzayeva və kursant Elxan Səfərlinin anası Təranə Səfərova məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb.

 

Kursantlar adından çıxış edən kurs birincisi Emil Bayramlı onlara göstərilən etimadı doğruldacaqlarına, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına bildirib.

 

Tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olunduqdan sonra yaş kötüyünə məzun rəmzi vurulub.

 

Sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

 

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et