Modern.az

Səfirimiz Zelenskinin qəbulunda: Əks-hücum, yoxsa Hollivud filmi – Ukraynanın dünəni

Səfirimiz Zelenskinin qəbulunda: Əks-hücum, yoxsa Hollivud filmi – Ukraynanın dünəni

Analitika

22 İyun 2023, 08:52

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əks-hücum əməliyyatı çərçivəsində irəliləyişin "gözləniləndən daha yavaş" olduğunu, lakin Kiyevə onu sürətləndirmək üçün təzyiq edilməyəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, BBC telekanalına müsahibəsində danışıb.

 

"Bəzi insanlar bunun Hollivud filmi olduğuna inanır və indi nəticə gözləyir. Bu, belə deyil. İnsanların həyatı təhlükə altındadır”, - Prezident deyib.

 

Bundan başqa Zelenski videomüraciətində Ukraynanın uğurlarını vurğulayan bir məqama toxunub. Onun sözlərinə görə, qoşunlar cənub cəbhəsində irəliləyir və şərqdə müdafiə xətlərini saxlayır.

 

O, xüsusi olaraq şimal-şərqdəki Kupyansk bölgəsini xatırladıb, burada Rusiya qoşunlarının təzyiqinin artdığını qeyd edib.

 

"Kupyansk sektorunda rus terrorçuları nə planlaşdırırsa etsinlər, biz düşməni məhv edirik. Cənubda biz irəliləyirik... Şərqdə müdafiəmizi saxlayırıq", - Zelenski vurğulayıb.

 

Ukrayna əks-hücum əməliyyatında səkkiz kəndi geri aldığını desə də, Rusiyanın aylarla hazırlaşdığı əsas müdafiə xəttinə hələ yaxınlaşmayıb. Kiyevin hər biri minlərlə hərbçidən ibarət 12 briqada hazırladığını və əksəriyyətinin hələlik döyüşə qoşulmadığı güman edilir.

 

Rusiyanın hücumları 

 

Dünən Ukraynanın nəzarətində olan Donetsk vilayətinin Pokrovsk şəhərində sirenlər işə düşüb, ardınca güclü partlayış səsləri eşidilib. Partlayış nəticəsində ərazidə geniş krater yaranıb. "Raket düz yanımızdan keçdi. Pəncərələr sındı. Bir qadın yaralandı", - yerli sakinlərdən biri "Reuters"ə bildirib.

 

Bu gün səhər saatlarında Ukraynanın bütün şərqində hava hücumu xəbərdarlığı səslənib, hərbçilər mümkün raket və dron hücumları barədə xəbərdarlıq ediblər.

 

Rəsmilər və hərbçilər Ukraynanın mərkəzində Kriviy Roq və Kremençuq, şərqdə Xarkov da daxil olmaqla bir neçə yerdə partlayışlar olduğunu bildiriblər, lakin zərbələr və ya itkilər barədə məlumat verilməyib.

 

BBC Zelenskiyə istinadən qeyd edib ki, Ukrayna 200 000 kvadrat kilometr ərazinin Rusiya qüvvələri tərəfindən minalandığını bildirir, əks-hücum əməliyyatının ləng getməsinin səbəblərindən biri də budur.

 

Həm Moskva, həm də Kiyev cəbhədəki döyüşlərə hazırlıq məqsədilə raketlər və pilotsuz təyyarələrlə daha uzun məsafədən hücumları gücləndirib. Rusiya çərşənbə günü Moskva ətrafında pilotsuz uçuş aparatları vurduğunu bildirib.

 

Danışıqlar 

 

Ukraynanın ən mühüm müttəfiqlərindən biri olan Vaşinqtonun Rusiyanın işğalını indiyədək pisləməyən ölkələr arasında Kiyevə daha çox beynəlxalq dəstək üçün kampaniya apardığı bildirilir. 

 

“Financial Times” yazır ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya dəstəyi genişləndirmək məqsədilə Hindistan, Braziliya, Cənubi Afrika, Türkiyə və bəlkə də Çin rəsmiləri ilə görüşmək üçün həftəsonu Danimarkaya gedəcək.

 

Bundan başqa, dünən Zelenski Azərbaycan da daxil olmaqla 5 ölkənin Kiyevə təyin etdiyi səfirlərin etimadnaməsini qəbul edib. Səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

O, Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq. Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”.

 

Londonda donor konfransı

 

Britaniyanın paytaxtı Londonda Ukraynanın Bərpası Konfransı keçirilib. Onlarla ölkənin diplomatları Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə etmək və lazımi vəsait toplamaq üçün Londonda bir araya gəlib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da konfransda iştirak edib.

 

Vaşinqton Ukrayna üçün 1,3 milyard dollar təklif edib. Britaniya isə Dünya Bankından 3 milyard dollarlıq kredit ayrılmasına zəmanət verəcək. Ukraynanın Baş naziri Denis Şmıxal söyləyib ki, Kiyev toplantıda təxminən 7 milyard dollar toplanacağına ümid edir.

 

Ancaq müşahidəçilər deyir ki, Ukrayna üçün toplanan yardımın miqdarı əks-hücum əməliyyatının nəticəsindən asılı olacaq. Ukrayna tərəfdarlarının bəziləri Kiyevin qarşıdakı həftələrdə döyüş meydanında təsirli nəticələr göstərməli olacağından və ya Qərbdə siyasi dəstəyin zəifləməsindən narahatdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir