Modern.az

Ukraynanın əks-hücumu necə gedir - “Sürpriz” hələ qarşıdadır

Ukraynanın əks-hücumu necə gedir - “Sürpriz” hələ qarşıdadır

Analitika

24 İyun 2023, 09:10

Ukrayna tərəfi Rusiyaya qarşı əks-hücum əməliyyatı çərçivəsində daha ölümcül zərbənin növbəti mərhələdə vurulacağını, qoşunların əsas hissəsinin əməliyyata cəlb edilmədiyini, hazırda döyüş meydanının formalaşdırıldığını bildirir.

 

Modern.az bu barədə Ukrayna rəsmilərinə və yerli mətbuata istinadən xəbər verir.

 

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyir ki, Silahlı Qüvvələrin bir sıra ərazilərdə hücum əməliyyatları davam edir: "Döyüş meydanının formalaşdırılması üçün birləşmə əməliyyatları davam edir. Əks-hücum "Netflix" şousunun yeni mövsümü deyil. Fəaliyyət gözləməyə və popkorn almağa ehtiyac yoxdur".

 

Müdafiə nazirinin müavini Anna Malyar isə bildirib ki, əks-hücumun "əsas hadisələri" hələ qarşıdadır.

 

"Və əsas zərbə hələ qarşıdadır. Ehtiyatların bir hissəsi sonradan işə salınacaq", - o söyləyib.

 

Ukraynanın "Tavriya" və ya cənub cəbhəsinin komandiri general Oleksandr Tarnavski "Telegram"da yazıb ki, Müdafiə Qüvvələrinin ciddi uğurları və Tavriya sektorunda irəliləyişlər var. Onun sözlərinə görə, Rusiya qüvvələri son 24 saat ərzində yüzlərlə hərbçi və 51 hərbi maşın, o cümlədən üç tank və 14 zirehli transportyor itirib.

 

Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski də Britaniya qəzetinə müsahibəsində əks-hücum əməliyyatının bir sıra detallarını açıqlayıb. "Bizim əsas qüvvəmiz hələ döyüşə getməyib və biz indi axtarırıq, düşmən müdafiəsində zəif yerləri araşdırırıq. Hər şey hələ qabaqdadır", - o qeyd edib.

 

Moskva Ukraynanın əks-hücum əməliyyatının uğursuz olduğunu bildirib. Ruslar Kiyev qüvvələrinin böyük itki verdiyi deyir.

 

Ukrayna uzun müddətdir gözlənilən əks-hücum əməliyyatı üçün yeni hərbi birliklər, o cümlədən 12 yeni briqada hazırlayıb, lakin indiyədək onlardan yalnız üçü döyüşdə görünüb. Kiyev, həmçinin Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri almaq üçün Qərb müttəfiqlərindən bir sıra silahlar alıb.

 

Podolyak vurğulayıb ki, Ukraynanın Qərb tərəfdaşlarını lazımi silahlarla təmin etməyə inandırmaq üçün lazım olan vaxt Rusiya hərbçilərinə öz müdafiə xətlərini gücləndirməyə imkan verib.

 

"Bu gün Rusiya cəbhəsini yarmaq ağlabatan və balanslı yanaşma tələb edir. Əsgər həyatı bu gün Ukrayna üçün ən vacib dəyərdir", - o əlavə edib.

 

Rusiyanın hücumları

 

Rusiya dünən və gecə saatlarında Ukrayna şəhərlərinə hücumları davam etdirib. Ukrayna Hərbi Hava Qüvvələri Xəzər dənizi hövzəsindəki strateji aviasiya vasitələrindən qanadlı raketlər buraxıldığını açıqlayıb. Bundan əlavə, pilotsuz uçuş aparatlarının hərəkəti qeydə alınıb.

 

Daha sonra partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü qeyd olunub.

 

Yerli mətbuat yazır ki, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt Kiyev yaxınlığında 20-dən çox raketi zərərsizləşdirib.

 

Paytaxtda vurulan raketin parçaları Solomyansk rayonundakı yaşayış binasına düşüb, 24 mərtəbəli binanın 16, 17 və 18-ci mərtəbələrində yerləşən mənzillərə ziyan dəyib. Bundan başqa, həyətdə dayanmış 40-a yaxın avtomobil yararsız vəziyyətə düşüb.

 

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkovun sözlərinə görə, hücum zamanı iki nəfər ölüb, onların cəsədləri hadisə yerində tapılıb. Daha səkkiz nəfər isə yaralanıb. Dnepr, Xarkov, Krıvoy Roq şəhərlərində də partlayış səsləri qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir