Modern.az

Putinə qarşı qiyam qaldıran Priqojin KİMDİR...

Putinə qarşı qiyam qaldıran Priqojin KİMDİR...

Aktual

24 İyun 2023, 18:12

“Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə Rusiya ordusunun rəhbərliyi arasında gərginlik pik həddə çatıb. Silahlılar gecə saatlarından başlayaraq Rusiyada hərbi qiyam qaldırıb. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyi onun iddialarını təkzib edib. 

 

Bu gün muzdlular Rostov və Voronejdəki hərbi obyektlərin tam ələ keçirildiyini açıqlayıblar. “Vaqner” lideri hərəkətlərinin hərbi çevriliş olmadığını diqqətə çatdırıb. Milli Antiterror Komitəsi isə məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb. O da əlavə edilib ki, “Vaqner” rəhbərinin “adından yayılan” iddiaların heç bir əsası yoxdur.

 

Ardınca Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. Bəzi teleqram kanallarında muzdlularla hərbçilər arasında toqquşmaların yaşandığını yazıb. Putin ölkədə hərbi vəziyyət elan edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

 

Modern.az oxucuların marağını nəzərə alaraq Priqojinin tərcümeyi-halını təqdim edir.

 

62 yaşlı Priqojin Leninqradda (indiki Sankt-Peterburq) anadan olub və 80-ci illərdə həbsxana həyatı yaşayıb. Həbsdən sonra o, doğma şəhərində hotdoq satmağa başlayıb, tezliklə supermarketlər şəbəkəsində pay sahibi olub və sonradan öz restoran şəbəkəsini və şirkətini yaradıb.

 

Onun restoranı məşhur yeməkləri ilə şöhrət qazanıb və həmin vaxt Sankt-Peterburq şəhərinin rəhbərinin müavini olan Vladimir Putin də daxil olmaqla bir çox yüksək vəzifəli şəxsləri qonaq edib.

 

 

Tezliklə Priqojinin “Konkord” şirkətlər qrupu dövlət tenderlərində iştirak edib, bir çox müqavilələr imzalayıb və fəaliyyətini daha böyük səviyyəyə qaldırıb. Kremllə imzalanan ketrinq (yemək xidməti – red.) müqavilələrinə görə uzun illər “Putinin aşpazı” ləqəbi ilə tanınıb.  “Business Peterburq” nəşri 2019-cu ildə “Milyarderlərin reytinqi”ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirib.

 

Onun Putinlə nə qədər yaxın olduğu məlum deyil, lakin onlar bir-birlərini yaxından tanıyırlar və hər iki şəxs Sankt-Peterburqda doğulub və böyüyüb.

 

Priqojin ötən ilin sentyabrında etiraf edib ki, o, “Vaqner” özəl hərbi şirkətini 2014-cü ildə, Rusiyanın Krımı ilhaq etdiyi il yaradıb. Lakin Priqojin etirafına qədər bu məlumatı təkzib edib və bu iddia ilə çıxış edən bir çox jurnalisti məhkəməyə verib. Qruplaşma 2014-cü ildə Ukraynanın şərqindəki Donbas bölgəsinin bir hissəsini ələ keçirən separatçılara dəstək verib, Liviya, Suriya, Mərkəzi Afrika Respublikası və Malidə döyüşüb.

 

“Vaqner” ötən ay amansız döyüşlərdən sonra Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi ilə Priqojin arasında gərginlik Baxmut uğrunda döyüşlər zamanı açıq fazaya keçib. O, döyüş planına və sursat çatışmazlığına görə Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovu sərt tənqid edib və onlar haqqında ağır söyüşlər istifadə edib.

 

ABŞ və Avropa İttifaqı Priqojinə sanksiya tətbiq edib. Qərb, həmçinin onu İnternet Araşdırmalar Agentliyi kimi tanınan trol fabrikini maliyyələşdirməkdə günahlandırır. Agentlik ABŞ seçkilərinə təsir göstərməkdə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir