Neftçala şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə çərçivəsində şəhərdə içməli su şəbəkəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Modern.az Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Neftçala şəhərinə magistral su kəmərlərinin inşası ilə paralel şəhərdə paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilir. Hazırda Neftçala şəhərində 144 km içməli su şəbəkəsinin və 140 km tullantı su şəbəkəsinin tikintisi intensiv qaydada davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılması işləri yekunlaşmaq üzrədir.
Gələcəkdə Neftçala şəhərində 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.
Xatırladaq ki, Neftçala şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri ötən əsrin 70-ci illərində yaradılıb. Vaxtilə şəhərə içməli su Kür çayından götürülüb qismən təmizlənərək verilirdi. Son illər Kür çayında su səviyyəsinin kəskin azalması çay suyunu içməyə yararsız hala salmış, Neftçala şəhərinin və rayonun kəndlərinin içməli su təminatında ciddi çətinliklər yaranmışdı.