Modern.az

Moskva Bakını antiterror əməliyyatına başlamağa təhrik edir...

Moskva Bakını antiterror əməliyyatına başlamağa təhrik edir...

Aktual

17 İyul 2023, 10:10

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Bəs siz nədən Dərbəndin dəmir qapısını açıb eyni xalqın maneəsiz gediş-gəlişini təmin etmirsiniz?!

Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatına Azərbaycan tərəfindən verilən cavab nə qədər siyasi-etik çərçivədə olsa da, Moskvanın “içini çölünə” vuran bu açıqlama Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılanır. Əlbəttə, cəmiyyət nə qədər hiddətlənsə də, burada təəccüblü heç bir şey yoxdur. Çünki Rusiyanın əsl siması məhz elə belədir və ondan hansısa yaxşı bir şey gözləməyə ümid etmək olmaz. Məntiqə söykənsək, əslində Rusiya Ermənistanla Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasını bir sülhməramlı kimi alqışlamalıydı. Ancaq əksinə, o bu bəyanatı ilə öz-özünü ifşa etmiş oldu.

Diqqət edin, bəyanatda qeyd edilir ki, “2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa Birliyinin himayəsi ilə keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il sazişinin imzalandığı 9 (10) noyabr bəyanatının fundamental şərtləri, eləcə də bölgədə yerləşən Rusiya sülhməramlı qoşunlarının vəziyyətini kökündən dəyişdi”.

Burada sual yaranır: əgər həqiqətən də Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırsınızsa, onda nədən İrəvanın “Dağlıq Qarabağı” Azərbaycan ərazisinin bir hissəsi kimi tanıması sizin içinizi göynədir?! Məgər beynəlxalq hüquq, eləcə də siz özünüz dövlət olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanımırsınızmı? İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması 10 noyabr bəyanatının hansı fundamental şərtlərini, eləcə də bölgədə yerləşən Rusiya “sülhməramlı” qoşunlarının vəziyyətini kökündən dəyişir? Məgər siz özünüz bölgəyə sülh yaratmaq üçün gəlməmisinizmi?

Əslində rəsmi Moskva bu bəyanatla Rusiyanın Azərbaycanla ötən ilin 22 fevralında bağlanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni tamamilə sıfırlayır. Baxın, məgər bu Bəyannamənin elə birinci bəndində, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” - yazılmayıbmı?

O zaman Rusiya XİN-in bəyanatında nədən “Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bununla da hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin, eləcə də rayonun enerji təchizatının bərpası üçün təcili tədbirlər görməyə çağırırıq”, - deyilir? Məgər siz bu əmr cümləsilə müttəfiqlik Bəyannaməsinin 1-ci bəndinə zidd olaraq, Azərbaycanın daxili işlərinə qarışmırsınızmı?! Maraqlıdır, o zaman bəs siz nədən Ermənistan və Qarabağdan fərqli olaraq, Azərbaycanın tarixi torpağı olan Dağıstanla Azərbaycan arasında əsrlərdir bağladığınız Dərbəndin dəmir qapısını açıb eyni xalqın maneəsiz gediş-gəlişini təmin etmirsiniz?! Deməyə söz çoxdur, cənablar...



Şübhəsiz ki, Moskva bu bəyanatla eyni zamanda, həm də üçtərəfli məlum atəşkəs sənədini birdəfəlik pozmuş oldu. Hərçənd, bu sənəd Moskva tərəfindən elə mürəkkəbi qurumamış - ilk anından hissə-hissə pozulmağa başlanılmışdı.   

Əlbəttə, Azərbaycan cəmiyyəti Rusiyanın “ikibaşlı qartalının” Qarabağda nə vaxtsa çevrilib sülh göyərçini olacağına ilk dəqiqədən inanmadı və heç bu gün də inanmır. Çünki Rusiyanın bölgədə sülhdən daha çox münaqişənin davamlı olmasında maraqlı olduğu hər an göz önündədir. Baxın, əgər belə olmasaydı o Qarabağa çatar-çatmaz Xankəndidə rus icması yaradardımı, azərbaycanlılar üçün ən həssas məkan olan Xocalıda pravoslav kilsəsi inşa edərdimi, burada sülh parkı açıb Nevskinin və digər rus məşhurlarının büstünü yerləşdirərdimi, məktəblərdə erməni uşaqlarına hərbi təlimlər keçərdimi, humanitar yardım adı ilə separatçılara silah-sursat daşıyardımı, terrorçulara snayper tüfəngindən atəş açmaq təlimi keçərdimi, quldur dəstələrinə özünü müdafiə üçün fortifikasiya işləri aparmaqda yardım edərdimi, hər dəfə Vaşinqton və Brüssel görüşlərindən öncə və sonra terrorçuları “işə” salardımı, Azərbaycan-Ermənistan sərhədinin Laçın sərhəd keçid məntəqəsində Azərbaycan bayrağını təhqiramiz şəkildə dirəkdən endirib yerə atardımı, Xocalı aeroportunda Rusiya bayrağı ilə yanaşı Ermənistan, bu azmış kimi separatçı rejimin əski parçasını qaldırardımı və daha nələr, nələr... Məgər bütün bunlar Rusiya XİN-nin son məkirli bəyanatında ağızdolusu bəhs edilən üçtərəfli məlum atəşkəs sənədinin üstündən qalın bir qara xətt çəkmirmi?

Bəyanatda ən ikrah hissi doğuran məqamlardan biri də, “Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları olmalıdır...”, - deyə sanki Azərbaycana əmr edilməsidir.

Sözsüz ki, əslində Rusiya bu yanaşması ilə separatçılara məhz status verilməsini istəyir. Belə olmasaydı, o zaman Qarabağdan – öz doğma yur-yuvasından məcburi olaraq didərgin salınmış azərbaycanlılar nədən yada düşmür, məgər onların hüququ pozulmayıbmı? Odur ki, ermənilərdən narahat olmayın cənablar, məhz siz Krasnodarda, Stavropol diyarında, Minvodda kompakt halda yaşayan və üstəlik istəyəndə sizə təpik atan ermənilərin hüquq və təhlükəsizliyini necə qoruyursunuzsa, Azərbaycan da öz erməni vətəndaşlarının hüquqlarını və təhlükəsizliyini elə qoruyacaq. Rəsmi Bakı bu barədə dəfələrlə bəyan edib. Yetər ki, siz bu hüquqa və təhlükəsizliyə mane olmayasınız.

Sonda onu deyək ki, Rəcəb Tayib Ərdoğanın Azovçuları Zelenskiyə təhvil verməsi, ardınca Vilnüsdə keçirilən son NATO zirvəsində İsveçin NATO-ya üzv olmasına razılığı, Ukraynanın bu bloka üzv olunmasına haqq etdiyini deməsi və ən nəhayət Rusiya “sülhməramlılarının” 2025-ci ildə Azərbaycandan çıxacağı barədə açıq xəbərdarlığı, Ukrayna müharibəsi fonunda halı heç də yaxşı olmayan Moskvanı nəinki dəli etdi, hətta içindəki çirkin niyyətini üzünə çırpdı.

Görünən odur ki, Moskva bu bəyanatı ilə separatçıları var gücü ilə dəstəkləyir, onlara faktiki olaraq cangüdənlik edir, terror əməllərinə əl atmağa ruhlandırır, reinteqrasiyanın qarşısını alır, ən əsası isə rəsmi Bakını vaxtından daha tez antiterror əməliyyatına başlamağa təhrik edir və bununla Azərbaycanın ərazi bütövlüyünü hələlik sözdə olsa belə tanıyan Paşinyanı devirmək, həmçinin indiyədək Vaşinqton, eləcə də Brüsseldə sülh adına əldə olunmuş hər nə varsa, onu pozmaq istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et