Modern.az

İcra hakimiyyətlərinin ləğvi qaçılmazdır - Ərazi bölgüsü dəyişə bilər

İcra hakimiyyətlərinin ləğvi qaçılmazdır - Ərazi bölgüsü dəyişə bilər

Analitika

22 İyul 2023, 10:12

Payız aylarında Azərbaycanın siyasi sistemində ciddi dəyişikliklər ediləcəyi və hətta bunun üçün referendum keçiriləcəyi barədə xəbərlər dolaşır. Müzakirələr ötən ildən başlasa da, bir neçə gün əvvəl Milli Məclisin deputatı Erkin Qədirlinin referendumla bağlı çıxışı müzakirələri qızışdırıb.

 

Müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və icra hakimiyyəti sturukturlarının ləğvidir.

 

İnzibati-ərazi bölgüsünə əsasən Azərbaycanda 66 rayon, 14 respublika tabeli şəhər var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər, ən kiçik isə Sədərək rayonudur. Mövcud rayonların inzibati sərhədlərinin böyük əksəriyyəti Sovet dövründə formalaşdırılıb. Ən son yaradılmış rayon 2004-cü il formalaşdırılan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonudur.

 

 

Deputat Erkin Qədirli qalmaqallı yazısında bildirib ki, ölkənin inzibati-ərazi bölgüsü dəyişdirilməlidir. O fikirlərini belə əsaslandırıb:

 

“Ümumi ərazisi onsuz da kiçik olan bir ölkədə 66 rayona, 14 respublika tabeli şəhərə və 12 şəhər rayonuna nə gərək var? Hərəsində də icra başçısı və s. İdari xərclər, korrupsiya ehtimalı, siyasi risklər və s. baxımından yararsız bir sistemdir. Amma burası sonranın işidir, konstitusiyaya dəyişiklik tələb etmir. Referendumda bələdiyyələr böyüdülər və gücləndirilərsə, inzibati-ərazi dəyişikliyi cari qanunvericilkdə etmək asan olacaq”.

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Milli Məclis tərəfindən həyata keçirilir.

 

Britaniyanın nüfuzlu Qlasqov Univeristetinin məzunu, siyasi araşdırmaçı Şücaət Əhmədzadə Modern.az-a açıqlamasında mövcud inzibati bölgünün Sovet Azərbaycanının mirası olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda həm inzibati ərazi bölgüsünün, həm də idarəetmə sisteminin əsaslı dəyişilməsinə ehtiyac var.

 

Ekspert 14 iqtisadi-coğrafi rayonun 8 iqtisadi bölgə ilə əvəz edilməsini, mövcud 66 rayonun ləğv edilərək 20 mahal ilə əvəz edilməsini, respublika tabeli şəhər konsepsiyasının isə böyük şəhərlərlə dəyişdirilməsini təklif edir.

 

O vurğulayıb ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadə edilməsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

 

Bu məqamda xatırladaq ki, Azərbaycanda rayon və şəhərlərə Prezident tərəfindən təyin olunan icra başçıları rəhbərlik edir.

 

Erkin Qədirli deyir ki, icra hakimiyyəti təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov tərəfindən, yəni indiki konstitusiyadan öncə yaradılıb və o vaxtdan heç dəyişməyib.

 

“Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları, onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”, - parlamentari təkliflə çıxış edib.

 

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

 

Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu verib. "Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir", - dövlət başçısı çıxışında vurğulayıb.

 

 

Siyasi araşdırmaçı Şücaət Əhmədzadə vurğulayıb ki, hazırda həm icra başçıları, həm də icra başçılarının müavinləri prezident tərəfindən təyin olunur.

 

“Hər rayonda şərti olaraq 1 icra başçısı, 3 icra başçısı müavini olduğunu götürsək, mərkəzdən rayonların idarə edilməsi üçün 200–300 şəxsin prezident tərəfindən birbaşa təyin olunduğunu deyə bilərik. Azərbaycan kimi ərazi, əhali və resurslar baxımdan kiçik bir ölkədə 200–300 şəxsin birbaşa təyinat alaraq 66 rayonu (üstəgəl, 14 respublika tabeli şəhəri) idarəetməsi ziddiyyətli bir məqamdır. İkinci Qarabağ Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə strukturunun — prezidentin səlahiyyətli nümayəndəsi — yaradılması özlüyündə icra başçıları insitutunun disfunksional olduğunun qəbullanılmasının göstəricisidir”, - o bildirib.

 

Xüsusi nümayəndəlik Azərbaycanın idarəetmə sistemi üçün yeni insititut hesab edilir. Bir çoxları iddia edir ki, bu qurum hələlik sınaq mərhələsindədir və özünü doğruldacağı təqdirdə ölkənin bütün ərazilərinə tətbiq edilə, nəticədə icra hakimiyyətləri ləğv oluna bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir