Modern.az

Bayramov, Lavrov və Mirzoyan indiyədək neçə dəfə görüşüblər?

Bayramov, Lavrov və Mirzoyan indiyədək neçə dəfə görüşüblər?

Aktual

25 İyul 2023, 09:52

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçiriləcək. Görüş zamanı “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın təşəbbüsü ilə XİN başçıları səviyyəsində bir neçə görüş keçirilib.

 

Minsk görüşü

 

14 oktyabr 2021-ci il tarixində Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü baş tutub. Görüşdə Ceyhun Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib. Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.

 

Düşənbə görüşü

 

12 may 2022-ci ildə Düşənbə şəhərində xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçirilib. Tərəflər bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

 

Astana görüşü

 

14 oktyabr 2022-ci il tarixində Astana şəhərində Rusiyanın iştirakı ilə üçtərəfli görüş olub. Görüşdə  Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər müzakirə olunub.

 

Moskva görüşü

 

Rusiyanın təşəbbüsü ilə sonuncu görüş bu ilin mayın 19-da keçirilib. Moskva şəhərində baş tutan görüş zamanı tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

 

Bugünkü görüş

 

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada bu gün keçiriləcək görüşdə "Qarabağ ətrafında gərginliyin azaldılması yollarını", Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin intensivləşdirilməsini təhlil edəcəklər.

 

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas yollarını, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ekspertlər arasında təmaslar, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et