Modern.az

Vaqif Xaçaturyan dostu ilə 3 nəfəri güllələyib yandırmışdı – Meşəli sakini ilə ŞOK MÜSAHİBƏ

Vaqif Xaçaturyan dostu ilə 3 nəfəri güllələyib yandırmışdı – Meşəli sakini ilə ŞOK MÜSAHİBƏ

Müsahibə

30 İyul 2023, 08:01

1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan ötən gün Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.

 

O şəxs ki, Xankəndindəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələrinin 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinin yerlə yeksan edilməsində iştirak edib. 

 

Bir neçə saat davam edən qeyri-bərabər atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, insanları qəddarcasına qətlə yetiriblər.

 

Baş Prokurorluğun məlumatına görə, hücumlar zamanı ermənilər 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qırğınlardan sonra 358 nəfər evindən didərgin düşüb.

 

Prokurorluq orqanları tərəfindən Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Modern.az həmin hadisələrinin şahidlərindən olan Meşəli kənd tam orta məktəbinin o zaman direktoru işləmiş Alış Alışovdan müsahibə alıb. 

 

- Alış müəllim, Meşəli soyqırımı Ermənistanın Azərbaycanlılara qarşı tərətdiyi qanlı insani cinayətlər sırasındadır. O anların şahidi olaraq baş verənləri yenidən xatırlaya bilirsinizmi, nələr baş verdi, hansı şəraitdə idi insanlarımız?

 

- Dekabrın 23-də səhərə yaxın, saat 6 tamam, 7-nin yarısı radələrində bizə xəbər gəldi ki, ermənilər kəndimizi mühasirəyə alıblar. O zaman mütəmadi olaraq kəndimiz qonşu Badara kəndindən atəşə məruz qalırdı. Kənddə yaşamaq təhlükəyə çevrilmişdi. Buna görə də kənd sakinləri özümüzü qorumaq üçün post qurmuşdular. Amma çox çətin zaman idi. Silah yox idi. Ermənilər isə ən müasir silahlarla bizə hücuma keçmişdilər. 

 

Kəndə od yağdırırdılar. Dəhşətli anlar idi. Ermənilər küçə-küçə, ev-ev əllərinə keçən canlıları qətlə yetirir, evləri, ot tayalarını yandırırdılar. Biz qısa zamanda 28 nəfər Şəhid verdik. 14 nəfər yaralandı.

 

Ermənilərin sayı çox idi, çox...

 

Təsəvvür edin, kəndin 10 sakinindən biri Şəhid olmuşdu. Kəndimiz böyük deyildi..

 

Cəmi 80 ev vardı. Əhali sayı isə 340 nəfər idi. 

 

Çox çətindi o anları xatırlamaq. Gözüünün qarşısında insanlar, uşaqlar, qadınlar, qocalar qətlə yetirilir, evlər yandırılır, mal-qara, toyuq-cücə odlanırdı.

 

Biz Şəhidlərimizi aparıb Laçında dəfn etdik. 40 gün kəndi qoruyub saxladıq. Mən Şuşaya getdim, Rəhim Qazıyevdən xahiş etdim ki, kömək etsin. Amma heç bir kömək etmədi. 

 

Ermənilər 40 gündən sonra ermənilər yenidən güclü hücum etdilər. Biz müqavimət göstərə bilmədik. Kəndi tərk etməyə məcbur olduq. 

 

- Alış müəllim, həyatını itirən 28 nəfər içərisində uşaqlar, qadınlar, yaşlılar da vardı?

 

- Bəli, 7-ci sinif şagirdi Allahverdiyev Vidadi Misir oğlu şəhid oldu. Köhnə məktəbin birinci mərtəbəsində həyatını itirdi. Amma ermənilər həmin uşağın cəsədinə od vurdular. Sonradan atası onun yanmış sümüklərini toplayıb dəfn etdi. Təsəvvür edirsinizmi, erməni barbarlığını...

 

76 yaşlı Xudayarova Surayə Alış qızi şəhid oldu. Bilirsiniz, deməklə o dəhşətləri təsəvvür etmək mümkün deyil. Qadınların başının dərisini qoparırdılar. Bir evdən beş nəfər şəhid oldu. 

 

Onlar Novruz kişinin ailəsi idi. Onun iki qızı, özü, həyat yoldaşı və böyük oğlu Allahverdi həyatlarını itirdi. 

 

Bizim televiziya qülləsinin yanında PK puleymot qurmuşdular, ermənilər. Oradan kəndi ovuc içi kimi görürdülər.

 

Ağdamlı Hidayət var idi, bayaq dediyim Novruzun qızını istəyirdi. Hidayət həmin vaxt bizim kənddə idi, o da şəhid oldu.

 

Quliyev Qənimət vardı, onun da özü ilə birlikdə ailəsində 4 nəfər qətlə yetirildi. Oğulları İsmayıl və Mətləb öldürüldü. Özünü əllərini qaldırıb təslim olanda ermənilər ona demişdilər ki, yox, sən təslim olmursan. Balta ilə başını bir neçə yerə bölmüşdülər. Sonra yoldaşını da eyni şəkildə qətlə yetirmişdilər. 

 

Daha bir evdən iki nəfər öldürülmüşdü, biri girov götürülmüşdü. Sonra onu azad etdilər. 

 

- İnsanları yalnız güllə ilə deyil, küt alətlərlə də qətlə yetiriblər...

 

- Çox qəddar idilər. Onlarda insanlıq adlanan şey yox idi. Qocaları, uşaqları necə yandırmaq olardı, axı. Belə vəhşilik haradan idi onlarda? Məsələn, bir nəfər əlini qaldırıb təslim olmaq istəyəndə demişdilər ki, sən əlini qaldırmaqla deyil. Güllə ilə də yox, balta ilə öldürürdülər. Uşaq, böyük, qoca, qadın demədilər, hamısını elə məhv edirdilər. Mən də topuğumdan yaralandım.

 

- Siz, bu gün saxlanılan Vaqif Xaçaturyanı tanıyırdınız?

 

- Onun vəhşiliyi, qəddarlığı hamıya məlum idi. Qardaşı İlya vardı, avtobus sürücüsü idi. Onu çox yaxşı tanıyırdım. O qardaşlar kəndimizin məhv olmasında öndə gedirdilər. 

 

Badara kəndinin adamları bizə qənim kəsilmişdi. 

 

Amma bizə təkcə badaralılar hücum etmirdi ki... 366-cı motoatıcı alay bu alçaq işdə ermənilərlə birgə hərəkət edirdi. O alayın içərisində türkmənlər, özbəklər vardı. Onlar bizim kənddən qaçmağımızı, çıxmağımızi istəyirdilər. Hətta o soyqırımı günü Orta Asiyadan olan hərbçilər qadınlara, uşaqlara qaçmağa imkan yaradırdı.

 

Vaqifin həmkəndlisi Slavik vardı, yanğınsöndürən işləyirdi. Vaqiflə o biri qadın olmaqla 3 nəfəri öldürüb sonra yandırmışdılar. Barat var idi, azyaşlı idi, onu soyuqda əli bağlı Badaraya aparırdılar ki, Rubenin qəbrinin üstündə kəssinlər.

 

Ermənilər dərs vaxtı məktəbimizi raketlə vurdular. 

 

Onlar dilsiz, ağızsız mal-qaraya, toyuq cücəyə də düşmən kəsilmişdilər. 

 

Nemətin atı vardı, tayanın yanında bağlı dururdu, onu güllələdilər. Onun tövləsinə girib bütün mallarını qırdılar. Qənimətin 80-100 baş qoyununu həyətindən çıxarıb yandırdılar. Həm qarət edirdilər, həm də qırırdılar, yandırırdılar...

 

Amma indi İlahi Ədalət zəfər çalır. Əminik ki, xalqımıza qarşı çirkin əməllər törətmiş hər kəs Vaqif Xaçaturyan kimi Azərbaycanda qanun qarşısında cavab verəcək. Bu gün Şəhidlərimizin ruhu şaddır. Torpaqlarımız azad olunub. İnsanlarımız öz dədə-baba yerlərinə qayıdır. Əminik ki, biz də yaxın zamanlarda öz kəndimizə qayıdacağıq. Prezidentimizin rəhbərliyi ilə o yurd yerlərimiz daha gözəl, daha müasir olacaq. 

 

Fotoda: Alış Alışov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi