Modern.az

Ucqar bölgənin gənc müəllimi: “Harda yazılıb ki, müəllimlik qadın peşəsidir?” - MÜSAHİBƏ

Ucqar bölgənin gənc müəllimi: “Harda yazılıb ki, müəllimlik qadın peşəsidir?” - MÜSAHİBƏ

Müsahibə

12 Mart 2024, 14:46

Modern.az saytı vaxtaşırı ucqar bölgələrdə müəllim işləyən gənc pedaqoqları oxuculara təqdim edir. Peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirən gənc müəllimlər çətin şəraitə baxmadan bu işi layiqincə görməyə çalışırlar.

Bizim növbəti müsahib kimi… Beləliklə, həmsöhbət olduğumuz gənc pedaqoqla tanış olun:

- Özünüzü oxucularımıza təqdim etmənizi istərdik.

- Mən, Abdulov Rəşadət Məhəmmədyusif oğlu E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimiyəm. 9 illik pedaqoji staja malikəm. 2010 -cu ildə qəbul imtahanlarında yüksək bal toplayaraq BDU-nun Tarix fakültəsinin tarix müəllimliyi ixtisasına daxil olmuşam. 2014 -cü ildə yüksək nəticə ilə universiteti bitirmişəm.

2015 -ci ildə MİQ -in imtahanlarında 60 üzərindən 55,4 bal toplayaraq İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinə tarix müəllimi təyin edilmişəm. Həmin il mən bu balla Bakı şəhərində yerləşən məktəblərdən birinə işə qəbul oluna bilərdim. Lakin mən özümü yeniliyə, gəncliyə, qayğıkeş müəllimə ehtiyacı olan bir kənd məktəbində sınamaq istədim. Təhsilin zirvəsinə ucqar dağ rayonunun kiçik kənd məktəbindən yüksəlməyi hədəf seçdim.

Hələ universitetdə oxuduğum müddətdə intizamlı və çalışqan tələbə olaraq fərqlənməyi bacarmışam. Təsadüfü deyil ki, 2011, 2012 -ci illərdə tələbələr arasında keçirilən Respublika Fənn Olimpiadalarının ikiqat qalibi olmuşam. Daim zirvəyə yüksəlmək arzum məni 2022-ci ildə yenidən MİQ imtahanında iştiraka sövq etdi. Həmin il gərgin keçən müsabiqədə 100 bal üzərindən 94.7 bal toplayaraq bir vaxtlar məzunu və arzusunda olduğum məktəbin tarix müəllimi kimi işləmək şansını qazandım. Bu gün alnı açıq, üzü ağ deyə bilərəm ki, mən bunu bacardım! Hazırda bu məktəbdə ixtisasını sevən, müstəqil və suveren Azərbaycanın, eləcə də dünya ölkələrinin tarixini şagirdlərinə sevə-sevə öyrədən, öyrədə-öyrədə sevdirən yenilikçi innovativ bir müəlliməm.
 

- Son illər məktəblərdə kisi müəllimlərin sayı azalıb. Kişilər digər sahələrə üz tuturlar. Maraqlıdır siz niyə məhz müəllim peşəsini seçdiniz?

- Ümumiyyətlə, gəlin ordan başlayaq ki, kim deyir və ya harada yazılıb ki, müəllimlik qadın peşəsidir? Bütün dövrlərin pedaqoji tarixini araşdırdıqda ən güclü pedaqoqların məhz kişilər olduğunu görərik. Müasir zəmanəmizdə balansı pozulmuş məktəblərdə məhz kişi müəllimlərin olması vacib amildir. Mənə gəlincə, 2010-cu ildə uşaqlıqdan arzusunda olduğum BDU-nun tarix müəllimliyi ixtisasına qəbul olunmuşam. Bu ixtisası seçməyim də təsadüfi deyil. Belə ki, hələ aşağı siniflərdən mənə dərs deyən, tarixin bütün sirlərini öyrədən, şəxsiyyətinə və peşəsinə sevgi yaradan müəllimlərimə olan rəğbətim məhz müəllimlik peşəsini seçməyə vadar etdi. Bu gün mənim üçün ən prestijli peşə müəllimlik sayılır. Çünki öyrətməyi sevən biri olaraq, öz işmdən zövq alır və günü-gündən müəllimlik peşəsinə olan marağım artır.



- Rayon məktəblərində tədrisin səviyyəsi necədir?


- Bu gün dövlətimizin diqqət və qayğısının, gələcəyə yönəlmiş uzunmüddətli təhsilin inkişafı naminə maddi-texniki bazanın artırılması hər yerdə olduğu kimi, rayon və kənd məktəblərində də öz töhfəsini verir. Son 10 ildə qəbul edilmiş proqram və islahatlar nəticəsində rayon məktəblərində təhsilin keyfiyyəti günbəgün artır. Təsadüfü deyil ki, fənn müsabiqələrində və digər yüksək səviyyəli yarışlarda böyük şəhərlərlə yanaşı, rayon məktəbliləri də uğurlu çıxış edir, yüksək nəticələrə nail olurlar. Əminliklə deyə bilərəm ki, İsmayıllı təhsili bu gün respublikada örnək təhsil sistemidir. Kənd rayonları arasında birincilərdəndir.
 

- Şagirdlərin fənni qavrama qabiliyyəti necədir?

- Bu suala cavab subyektiv xarakter daşıya bilər. Eyni ixtisasdan olan müəllimlər bu suala fərqli cavablar verə bilər. Mənim baxışıma görə, tarix fənninin qavranılması yaş və psixoloji faktor baxımından fərqlidir. Belə ki, kurikulum proqramları əsasında hazırlanmış dərsliklər günün tələbləri çərçivəsində tərtib edilsə də,  mövzuların mənimsənilməsi baxımından müəyyən məqamlarda problemlər yaradır. Müəyyən mövzularda verilən məlumatların azlığı və dilin sadəliyi fənnin yüksək səviyyədə qavranılmasını təmin edir. Müəyyən qisim mövzularda isə informasiya və məlumatların həddindən artıq çoxluğu və dilinin qəlizliyi baxımından mövzunun mənimsənilməsini qənaətbəxş səviyyədə təmin etmir. Qeyd etmək istəyirəm ki, burada müəllim amili və şagird faktoru fərqli ola bilər. Ümumən götürdükdə, şagirdlər bu gün həm Azərbaycan, həm də dünya tarixini  cidd-cəhdlə öyrənməyə, müəllimlər isə öyrətməyə çalışırlar. Son illərdə Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarında tarix fənninin nəticələri onu göstərir ki, tədris günün tələbləri çərçivəsindədir.
 

- Dərsinizdə tətbiq etdiyiniz fərqli metodlar var?

- Əslində sualın özündə bir mücərrədlik var. Nəinki tarix dərslərində, hətta digər fənlərin tədrisində pedaqoji və metodiki ədəbiyyatlarda təqdim olunan və hamıya məlum metod və üsullardan istifadə edilir. Hər hansı bir dərsdə müəllim heç kimə məlum olmayan, heç kimin tətbiq etmədiyi fərqli metod və üsuldan istifadə edirsə, demək bunu onun özü yaratmışdır. Obyektivlik baxımından bu o qədər də inandırıcı görünmür. Mən də hamı kimi hər kəsə məlum olan metodiki üsul və vasitələrdən istifadə edirəm. Sadəcə, mövzuya, sinfə və uşaqların yaş psixologiyasına görə bunlarda müəyyən dəyişiklik improvizə edirəm. Tarix fənni daha çox hadisə və proseslərə əsaslanan elm olduğundan dinamikliyi sevir. Bu zaman rollu oyunlardan, interaktivliyi və hərəkətliyi sevən üsullardan istifadə yüksək nəticələr verir.

Müasir tarix dərslərində idrak fəallığını artıran intellektual "vizit kart", "hamı, bəziləri, yalnız mən", "5 fakt" oyunlarından istifadə etməklə dərsi daha maraqlı etmək olar. Necə ki mən bunu edirəm.
 

- Sizcə, şəhər və region məktəbləri arasında hansı fərqlər var?

- Günümüzün reallığı baxımından etiraf etməliyik ki, şəhər və region məktəbləri arasında fərqlər mövcuddur. Hansı aspektdən baxılmağından aslı olmayaraq şəhər məktəblərinin üstünlüyü region məktəblərindən fərqlənir. İlk növbədə şəhər məktəblərində oxuyan uşaqların müxtəlif inkişafetdirici kurslara, dərnəklərə, dil və İKT bacarıqlarını artıran təlimlərə cəlb edilməsi onları rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə üstün edir.
Bunun ardınca dövrün tələblərinə cavab verən infrastrukturu, maddi-texniki bazası, elektron resusları və kitabxanası daha üstün olan şəhər məktəbi ilə region məktəbini bərabər tutmaq doğru deyildir. Yox, mən demirəm ki, belə məktəblər və şagirdlər regionda yoxdur, sadəcə, şəhərdəki qədər deyil. Amma onu da etiraf etməliyik ki, qeyd etdiklərimiz üstünlüklərin çoxunun olmadığı region məktəblərinin də onlarla Prezident təqaüdçüsü, yüksək ballarla ən prestijli ali məktəblərə qəbul olunan yüzlərlə məzunu var. Hər kəs öz mühitinin verdiyi imkanlar səviyyəsində öyrənməyə və öyrətməyə, ən əsası, yüksək nəticə əldə etməyə çalışır.
 


- Müəllimləri aldıqları maaş qane edirmi?


- Maraqlar çərçivəsindən  fərqli cavabların alına biləcəyi sualdır. Kimisə qane edən eyni miqdarlı maaş başqa birisini qane etməyə bilər. Bu mühitinə, regionuna, sosial mövqeyinə görə dəyişən cavabların alınacağı sualdır. Mənə gəlincə, peşəsini sevən əsl müəllim üçün madiyyat ikinci planda olmalıdır. Həqiqəti desək, aldığım maaş məni qane etmir. Amma xalqımın və vətənimin qarşısında özümü borclu bilərək, şagirdlərim üçün yaxşı müəllim olmağa çalışıram.
 

- Repetitorluq fəaliyyəti ilə məşğul olursunuz?

- Qısacası, bəli. Repetitorluq günümüzün tələbinə çevrilib. İstər dövlət qulluğunda, istər MİQ imtahanlarında, istər ali məktəblərə qəbul səviyyəsində, istərsə də yüksək səviyyəli müsabiqə və olimpiadalarda repetitorsuz, əlavə kurs və məşğələlərə getmədən yüksək nəticə əldə etmək çətindir. Məndən tarixin sirlərini xırdalıqlarına qədər öurənmək istəyən şagirdlər var. Nə gizlədim, insan qayğılarının artdığı bir zamanda əlavə gəlirə ehtiyac yaranır.
 

- Qış aylarında dərsə gedərkən hansısa ekstremal vəziyyətlə qarşılaşmısınız?

- Əslində bu cür vəziyyətlərlə bir neçə dəfə rastlaşmışam. Hələ pedaqoji fəaliyyətə başladığım Topçu kənd tam orta məktəbində işləyərkən belə bir hadisə ilə qarşılaşmışdım. Əvəlcə onu qeyd edim ki, Topçu məktəbi yaşadığım ünvandan maşınla 20-25 dəqiqəlik məsafədə yerləşir. İlk illərdə özümün şəxsi maşınım olmadığı səbəbindən məktəbə əlavə taksi xidmətindən istifadə edirdim. Müəllimliyimin ikinci ili idi. Yanvar ayında İsmayıllıya builkindən fərqli olaraq xeyili qar yağmışdı. Məni məktəbə aparan maşın kəndin dayanacağına 100-150 metr qalmış sürüşüb yoldan çıxdı. Şagirdlərimin məni səbrsizliklə gözlədiyini, həm də olduqca maraqlı bir mövzunu tədris edəcəyimi nəzərə alaraq, maşından düşüb 1 km-dən artıq məsafəni qaçaraq özümü məktəbə çatdırmağa çalışdım. Mən məktəbə çatanda dərsin 15 dəqiqəsi keçmişdi. Bu da problem deyildi, problem uşaqların dinib-danışmadan mənə təəccüblə baxmalarında idi. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq mənim qan-tər içərisində sinfə girməyim uşaqların təəccübünə səbəb olmuşdu. Bu anda məni gülmək tutdu. Uşaqlar da mənə qoşulub gülüşdülər. Ürəyimdə öz-özümə dedim: “Bu əziyyəti çəkməyə dəyərdi".
 


- Gələcək hədəfləriniz nədir?


- Nə gizlədim, müəllimliyə başladığım ilk gündən özüm üçün müəyyənləşdirdiyim bir həyat kredosu var: "Yüz dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax!".
Mən də öz müəllimim - Çingiz Muradlı kimi müəllimlik peşəsinin ən ali zirvəsi olan Əməkdar müəllim zirvəsini fəth etmək istəyirəm. Bilirəm ki, məqsədimə gedən yol uzun və keşməkeşlidir. Ancaq əminliklə deyə bilərəm ki, mən bunu bir gün bacaracam. Axı "general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil!"  deyimi var.
 

- Pedaqoji sahədə vəzifənizi dəyişə də bilərsiniz?

- Hələ bu barədə fikirləşməmişəm. Amma onu bilirəm ki, bu gün yaxşı müəllim olmaq istəyirəm. Çünki xoşbəxt olduğum yerlərdən biri məktəbdir.
 

- Tədris etdiyiniz fənn haqda hər hansı bir irad və ya təklifiniz var?

- Son dövrlər tarix dərslikləri yazılan zaman mövzularda əvvəlki dövr kitablarındakı olduğu kimi, informasiya bolluğuna deyil, daha çox aktual məsələlərə üstünlük verilir. Bu yanaşma bütün mövzular üçün keçərlidirmi? Əlbətdə ki, xeyr. Bəzi mövzularda aktual məsələlərdən daha çox yenə də informasiya bolluğuna üstünlük verilir ki, məncə bu, günümüzün tələbləri baxımından düzgün deyil. Bu da şagirdin həddən artıq yüklənməsinə səbəb olur. Öyrənilməsi daha vacib olan mövzular şagirdlərin gözünü qorxudur.
 

- Əvvəlki muəllimlər daha savadlı idi, yoxsa indikilər?

- Mənəcə belə müqayisəninin aparılması günümüzün reallığı baxımından düzgün deyil. Qısaca olaraq onu demək istərdim ki, öz dövrünün verdiyi imkanlar və bilik səviyyəsinə görə əvvəlki müəllimlər də, XXI əsrin kompetensiyaları çərçivəsində və informasiya bolluğunun olduğu günümüzün müəllimləri də zəmanəsinə görə savadlıdır.  
Çünki bir zamanlar mənə dərs deyən müəllimlər hələ də Azərbaycan təhsilinin ən güclülərdir. Onlar dövrünə uyğun əllərində olan imkanlardan maksimum istifadə edirdilər. Bunu bütün əvvəlki müəllimlərə şamil etmək olarmı? Əllbəttə ki xeyr. Sadəcə onu deyə bilərəm ki, əvvələr dərs prosesində müəllimin əldə edəcəyi tədris nəticəsi dövrə uyğun olaraq daha bəsit idi. Bu gün isə proses zamanın tələbinə uyğun olaraq xeyli mürəkkəbləşib.
 

- Əvvəllər sagirdlər müəllimdən çəkinərdi, indi əksinə, müəllimlər şagirdlərdən sanki qorxurlar. Sizcə səbəb nədir?

- Əvvəlcə onu deyim ki, sualdakı "qorxurlar" ifadəsi tam yanlışdır. Bu gün sadəcə,  müəllim şagirdinə şəxsiyyət kimi baxır və ona hörmətlə yanaşır. Bu gün Azərbaycan müəllimi məktəblərdə yetişməkdə olan gənc nəslin təlim və tərbiyəsi üçün əlindən gələni edir. Bu baxımdan şagirdin müəllimdən qorxması, çəkinməsi günümüzlə səsləşməyən arqumentdir. Biz müəllimlər çalışıb bu prosesi qarşılıqlı hörmət müstəvisinə keçirə bilsək, belə ifadələrin işlədilməsinə də ehtiyac olmaz. Bütün neqativ hadisələrdə məhz müəllimin günahkar görülməsi düzgün deyil. Bəs bu məsələdə ailə, cəmiyyət və sosial şəbəkə faktorunu niyə nəzərə almırıq?..

Xəyalə Bayramqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir