(İçsəs)
Adam üçün aldatmaq əzabı yoxdur – aldanmaq əzabı var.
***
Adam üçün öldürmək əzabı yoxdur – ölmək əzabı var.
***
Ruhun ən ali gerçəkliyi – amaldır, əqidədir.
***
Yaşamında – inamında, idrakında, mənəviyyatında, iradəsində gerçəklikdən yerdən göyəcən köklü fərq, bənzərsizlik olmayan – ruhaniyyatçı sayıla bilməz.
***
Ruhani idraka yetmədən – Mütləqi dərk edə bilməzsən.
***
Mütləqə uyğun yaşamadan – Mütləqi dərk edə bilməzsən.
***
Öz içində var olmadan – Mütləqi dərk edə bilməzsən.
***
Nəyi necə düşünürsənsə – onu elə görür (təsəvvür edir) və dərk edirsən.
***
Mütləq haqqında bilmədən, onu görmək olmaz.
***
Mütləqə qovuşma görümlə (təsəvvürlə) başlayır.
***
İdrakın başlıca işi – həqiqətə qovuşmaq, onu qorumaq, yaşatmaqdır.
***
İdraklılıq – həqiqətlilikdir, idraksızlıq – həqiqətsizlikdir.
***
İdrakı həqiqətdən ayırmaq – özünü mənadan ayırmaqdır.
***
Gerçəklikdə həqiqət əsasında yaşayan yoxdur, ona görə gerçəklikdə həqiqət yoxdur.
***
Dərk etdiyin qədər – yaxınsan, dərk etmədiyin qədər – uzaqsan.
***
Gerçəklikdə dərk etdiyin – adiləşir, mahiyyətdə dərk etdiyin – aliləşir.
***
Adiləşdirmə – dərk etdiyini gerçəkliyə uyğunlaşdırmaqdır.
***
Aliləşdirmə – dərk etdiyini mahiyyətə uyğunlaşdırmaqdır.
***
Ruhani idrak – insanı mahiyyətə yaxınlaşdırır, qovuşdurur.
***
Dərk etməyən – mənadan məhrumdur.
***
Adam düşünmək istəmir – ona görə ki, gerçəklikdən ayrılmaq istəmir.
***
İnsan gerçəklikdə qalmaq istəmir – ona görə düşünmək istəyir.
***
Düşünmək – gerçəklikdən ayrılmaqdır.
***
Gerçəklik – ona aldanan idrakı söndürür.
***
Mahiyyət – ona tapınan, qovuşan idrakı alovlandırır, coşdurur.
***
Ölçüsü həqiqət olmayan – həqiqətsizliyi özünə bağışlayır.
***
Ölçüsü inam olmayan – inamsızlığı özünə bağışlayır.
***
Ölçüsü idrak olmayan – idraksızlığı özünə bağışlayır.
***
Ölçüsü mənəviyyat olmayan – mənəviyyatsızlığı özünə bağışlayır.
***
Ölçüsü iradə olmayan – iradəsizliyi özünə bağışlayır.
***
Həqiqət – idrakın mənasıdır.
***
Həqiqətdən ayrılan – mənadan ayrılır, idraksızlaşır, anlamsızlaşır, cəfəngiyyat boşluğuna düşür.