
“Uzun illər beynəlxlaq müsabiqələrdə medal qazana bilmədiyimiz sahələr üzrə, artıq medallar qazana bilirik. Əvvəlki illərdə 22 minə yaxın şagird ölkədaxili olimpiadalarda iştirak edirdirsə, ötən il bu rəqəm 27 minə çatıb ”.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” V Respublika müsabiqəsi qaliblərinin mükafatılandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, ildən-ilə şagirdlərin beynəlxalq müsabiqələrdə iştirakı da artır.
“Bir çox illər medal qazana bilmədiyimiz sahələr üzrə, artıq medallar qazana bilirik. Bilik yarışlarında uğur qazanan şagirdlərin ali məktəblərə çıxışın artırılması marağındayıq. Yalnız ali təhsil məzunlarının sayı deyil, onların keyfiyyətinin də diqqət mərkəzində olması üçün mexanizmlər hazırlayırıq. İnanırıq ki, hazırladığımız bu mexanizmlər ali təhsil müəssisələrinin daha da inkişafına dəstək olacaq”.
M.Cabbarov bildirib ki, bu vaxta qədər keçirilən 4 müsabiqədə 500 nəfər iştirak edib:
“İştirakçıların 286 nəfəri qalib olub, onların 15%-i təhsil müəssisələrini qızıl medalla bitirib. 42 şagird xarici ali təhsil müəssisələrinə qəbul olunub. Final müsabiqəsində iştirak edən şagirdlərin nəticələri daha yüksəkdir. Onlar respublika və xarici ali təhsil müəssisələrinə qəbul olunublar”.
Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyini deyən nazir qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan müsabiqəyə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti elmi dəstək verir. Bu ilki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.
Aytən ZƏHRA